Brüsseldə mənzillənən Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair sensasion faktlarla dolu hesabat yayıb. Hesabatda bir sıra narahatedici məqamlar yer alıb.
Hesabata əsasən, erməni işğalçıları nəinki Dağlıq Qarabağın inzibati ərazisində, eləcə də ətraf rayonlarda məskunlaşmanı sürətlə davam etdirirlər. Hətta elə vəziyyət yaranıb ki, işğal altındakı Qubadlı rayonunda əkinə yararlı bütün torpaq sahələri zəbt olunub. İşğal altında qalan ərazilərə daraşan ermənilər Füzuli və Cəbrayıl rayonlarının Araz çayı boyu münbit torpaqlarını əkib-becərməyə başlayıblar. Hesabatda deyilir ki, işğal altındakı ətraf rayonlarda məskunlaşma və ərazilərin əkib-becərilməsi davamlı olaraq artmaqdadır. Baxmayaraq ki, bu ərazilərdə infrastruktur yoxdur.
“9 il qabaq biz bura ilk dəfə gələndə cəmi 150 hektar torpaq əkilmişdi. İndi isə bir hektar da boş torpaq qalmayıb”, - Qubadlı rayonunda qanunsuz məskunlaşmış bir erməni təşkilatın ekspertləri ilə söhbətində deyib. Hesabata əsasən, kənd təsərrüfatı məqsədilə torpaqlara tələbatın artması nəticəsində Dağlıq Qarabağın qondarma “hökumətinin” məmurları məskunlaşmanın hüdudlarını genişləndiriblər.
Burada diqqətçəkən bir məqam da ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə məskunlaşma 2006-cı ildən bir qədər də güclənib. Bu onunla əlaqələndirilir ki, 2006-cı ildə məskunlaşma məsələsində səlahiyyət Dağlıq Qarabağın qondarma “hakimiyyətinə” keçib. Onlar sürətlə digər ətraf rayonlara, o cümlədən, Kəlbəcərə, Ağdama, Zəngilan və Qubadlıya erməniləri köçürməyə, bu rayonlarda kənd təsərrüfatı təyinatlı torpaqları əkib-becərməyə başlayıblar.
Hesabatda sözügedən məqamların yer alması bir sıra narahatedici nəticələr çıxarmağa əsas verir. Belə məlum olur ki, ermənilər hər vasitə ilə işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasətinin miqyasını genişləndirməkdə qərarlıdırlar. Baxmayaraq ki, Ermənistanın özündə demoqrafik vəziyyət pisdir, ölkədə doğumun səviyyəsi aşağıdır, əmək qabiliyyətli vətəndaşlar imkan düşən kimi ölkəni tərk edirlər. Ancaq buna rəğmən, hər vasitə ilə xüsusən də Dağlıq Qarabağın ətrafında yerləşən rayonlarda məskunlaşma siyasəti aparırlar. Sanki buna strateji bir məsələ kimi yanaşırlar. Ermənilərin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında rayonlarda bu cür qanunsuz məskunlaşması bir sıra narahatedici məqamlardan xəbər verir. Belə görünür ki, ermənilər nəinki Dağlıq Qarabağı, heç ətraf rayonları da danışıqlar yolu ilə qaytarmaq istəmirlər. Yoxsa, bu dərəcədə ətraf rayonlarda kütləvi məskunlaşma siyasəti aparılmazdı. Digər tərəfdən, bu onu göstərir ki, sözügedən rayonların zəngin kənd təsərrüfatı potensialı, münbit torpaqlar işğalçı tərəfi daha da şirnikləndirir. Separatçı qurum, o cümlədən, işğalçı Ermənistan kənd təsərrüfatı məhsullarına olan tələbatın bir hissəsini həmin rayonnlar hesabına təmin etmək istəyir. Zatən, son illər işğal altındakı Arazboyu rayonlardan kənd təsərrüfatı məqsədilə istifadə olunması halları çoxalıb. Nəzərə almaq lazımdır ki, Ermənistan dağlıq ərazidən ibarət olduğu üçün orada əkinə yararlı torpaqlar çox azdır.
Görünən odur ki, atəşkəsin bu qədər uzanması, aparılan danışıqların nəticə verməməsi və ən başlıcası, beynəlxalq qurumların işğala görə Ermənistana təzyiq göstərməməsi qarşı tərəfi br qədər də ruhlandırır. Ermənilər hesab edirlər ki, zamanın uzanması onların xeyrinə işləyir. Ona görə də hər vəchlə qanunsuz məskunlaşmanı genişləndirirlər. Gələcəkdə danışıqlarda bundan bir vasitə kimi istifadə etməyə ümid edirlər. Azərbaycan danışıqlar nəticə vermədiyi üçün, fürsət yaranan kimi, torpaqların azad olunması ilə bağlı digər vasitələrə əl atmalıdır. Yoxsa, işğalçı tərəf xoşluqla qanunsuz məskunlaşma siyasətindən əl çəkən deyil.
Vidadi ORDAHALLI