Parlament seçkilərinin gərgin keçəcəyi dairələrdən biri artıq müəyyənləşib. Söhbət 35 saylı Xətai 3-cü seçki dairəsindən gedir. Qeyd edək ki, ötən seçkidə həmin dairədən ASDP sədri Araz Əlizadə mandat qazanıb. Onun həmin dairədən əsas rəqibi Ümid Partiyasının sədri İqbal Ağazadə olmuşdu. Həmin seçkidən sonra İ.Ağazadə seçkilərin nəticələrini tanımadığını, Araz Əlizadəyə qalib gəldiyini bildirmişdi.
Növbədənkənar seçkilərlə bağlı qərar verilən kimi İqbal Ağazadə yenidən həmin dairədən millət vəkili olmaq istədiyini bəyan etdi və namizədliyini sürmək üçün imzatoplama kampaniyasına başladı. Araz Əlizadənin ağır xəstə olması ilə bağlı yayılan xəbərlər Ağazadənin şansını bir qədər də artırırdı. Çünki güman edilirdi ki, ASDP sədri budəfəki seçkilərə qatılmayacaq. Ancaq gözlənilmədən “Yeni Müsavat” qəzetinin baş reaktoru Rauf Arifoğlu da həmin dairədən deputat olmaq niyyətini açıqladı. O, öz “Facebook” səhifəsində “Əlizadəçilik bitdi” başlıqlı bir yazı paylaşdı: “Dəyərli dostlar. Bu gün seçki hüququmdan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi.
– Niyə Xətai, niyə 35?
– Bu dairə kimindir? Passiv seçki hüququ olan hər bir Azərbaycan vətəndaşının, indiki deputat Araz Əlizadənin, dostum İqbal Ağazadənin, yoxsa mənim?
– Kimin şansı nə qədərdir?
– Arifoğlu gəldi, Əlizadə gedəcəkmi, parlament əlizadəçilik utancından qurtulacaqmı?
– Seçkilərin gedişində kiminsə xeyrinə namizədliyimdən imtina edə bilərəmmi?
Bu və başqa suallara növbəti statusumda cavab yazacam. Detallı və səmimi!
İndi isə bu bəyanımı edərək, bütün dostları, media ictimaiyyətini, Xətai 35 saylı 3-cü seçki dairəsində yaşayan “Facebook” istifadəçilərini dəstəyə səsləyirəm.
Seçki təcrübəsi olan fəalları, siyasi texnoloqları, ziyalıları, gənc könüllüləri, tələbələri seçki qərargahıma dəvət edirəm. Gəlin Azərbaycan üçün, demokratiya və haqlar uğrunda birgə çalışaq! Birlikdə Azərbaycanda ən nümunəvi bir kampaniya keçirək! Yeni ilin ən gözəl hadisəsini bərabər hazırlayaq!”
R.Arifoğlunun bu qərarı çox böyük sensasiya kimi qarşılanıb. Çünki həmin dairənin əsas favoriti Ümid Partiyasının sədri İ.Ağazadə hesab edilirdi. Bu iki şəxsin həm də yaxın dost olduqlarını nəzərə alsaq, vəziyyətin bir qədər gərginləşdiyi qənaəti hasil oldu. Çünki R.Arifoğlunun bu qərarını elan etməsindən sonra Ümid Partiyasının fəalları bu qərarların dəyərlərə zidd olduğunu bildirib, R.Arifoğluna qarşı geniş antitəbliğata başladılar. İ.Ağazadənin isə məsələyə münasibəti belə oldu: “Biz seçicidən səs almaq istəyirik. Və əminəm ki, alacağıq. Bunu hər kəs bilir, şübhə edənlər də həm təbliğat, həm də səsvermə günü bir daha şahid olacaqlar. Mən heç vaxt başqa dairədən namizədliyimi verməmişəm. Haqqım tanınanda da, tanınmayanda da bu dairənin seçicilərinə üz tutmuşam. Ənənəmə bu dəfə də sadiq qaldım.
Rauf bəylə şəxsi münasibətlərimizdən dolayı sizlər onun namizədliyini bu dairədən verməsinə aqressiv yanaşır, mənim heç zaman o namizəd olduğu dairədən iddia ortalığa qoymayacağımı bildiyiniz üçün emosional davranırsınız. Doğrudur, mən heç vaxt Rauf bəyin dairəsindən – həm də həmişə iddialı olduğu, onun daima oradan namizədliyini verdiyini bildiyim dairədən – namizədliyimi verməzdim. Bu mənim prinsiplərimdir. Ona görə yox ki, kiməsə uduza biləcəyimi güman edirəm, əsla. Sadəcə, dəyərlərə sayğımın ifadəsi belədir.
Lakin mən beləyəmsə, hamını mənim kimi olmağa da məcbur etməyə nə mənim, nə də sizin haqqınız yoxdur. Mən bütün iddialıları bu dairəyə dəvət edirəm, gəlsinlər, namizəd olsunlar, yarışsınlar. Seçici səsi almaq üçün mübarizə aparsınlar.
Lakin Araz Əlizadəyə oxşamasınlar. Uduzanda kişi kimi etiraf etsinlər, xalqın səsinə haram qatmasınlar, hətta uduzanda mandatı onlara verən tapılsa belə imtina etməyə vicdanları olsun.
Namizəd olan hər kəsə, o cümlədən, Rauf bəyə uğurlar arzulayıram. Həmişəki kimi dəstək ola bilməyəcəyəm, əziz Rauf bəy. Lakin seçki texnologiyalarını bilən adam kimi seçki qərargahınıza məsləhətlərimi əsirgəmərəm. Mən olduğum yerdə dəyərlər heç zaman pozulmayıb, bir ömür də belə olacaq – Mənə münasibətdən asılı olmayaraq.
“Yeni Müsavat”dakı dostlarımız isə tarixin müxtəlif dönəmlərində müsahibə, reportaj və s. məsələləri xüsusi qabartmasınlar, o da Rauf bəylə mənim aramda.
Rauf bəy, bir daha uğurlar arzu edirəm, sizinlə yanaşı gerçək mübarizə aparmaq istəyən hər kəsi bu dairəyə dəvət edirəm”.
Baş redaktorun tərəfdarları bu ittihamları cavabsız qoymadılar və nəticədə sosial şəbəkələrdə açıq döyüşün getdiyinin şahidi olduq. R.Arifoğlunun tərəfdarları bildirirlər ki, hansısa dairə kiminsə adına yazılmayıb və iki dostun seçki marafonunda yarışması elə əsl demokratiya nümunəsidir.
Ən maraqlısı isə budur ki, vəziyyətin gərginləşdiyini görən A.Əlizadə yenidən həmin dairədən millət vəkili olmaq istəyini ortaya qoyub. V çağırış Milli Məclisin deputatı olan A.Əlizadə səhhəti barədə danışarkən deyib ki, yenidən məhz seçildiyi dairədən deputat olmaq fikri var: “Müalicəm davam edir. Həyat da mübarizədir. Hər şey qaydasındadır. Səhhətim növbədənkənar parlament seçkilərinə qatılmağa imkan verir. Mənə nə olub ki?!. Siz özünüz də jurnalistsiniz. Jurnalistlərin yazdıqlarına inanırsınız?! Seçkilərə qatılacam”.
Hələ hakim YAP sözügedən dairədən öz namizədinin adını açıqlamayıb. Bu da baş verəndən sonra biz sözügedən dairədə olduqca gərgin seçki mübarizəsi getdiyinin şahidi olacağıq.
Məhəmmədəli QƏRİBLİ