Parlament seçkiləri günü yaxınlaşdıqca namizədlərin kimliyi bəlli olur. Maraqlıdır ki, onların arasında buraxılan parlamentdə təmsil olunmuş millət vəkilləri də az deyil.
Ancaq parlamentin buraxılmasına səs verən deputatların yenidən mandat uğrunda mübarizəyə girişməsinə cəmiyyətdə birmənalı mövqe yoxdur. Çoxları hesab edir ki, həmin deputatlar, ən azından, budəfəki estafeti başqalarına ötürməklə bağlı qərar qəbul etməliydilər.
Aydın Quliyev: “Həmin deputatlardan bir çoxunun yenidən seçkiyə qatılmaq iddiası ilə ortada görünməsini məntiqli saya bilmirəm”
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev öz “Facebook” səhifəsində bunları yazıb: “Qəbul edirik ki, seçkilərdə iştirak hər kəsin fundamental haqqıdır və bu iddiasını ortaya qoyanlara heç kim mane ola bilməz. Ancaq az əvvəl MM-in buraxılmasına tək bircə nəfərdən başqa bütün deputatlar səs verdilərsə, bu gün həmin deputatlardan bir çoxunun yenidən seçkiyə qatılmaq iddiası ilə ortada görünməsini məntiqli saya bilmirəm. Məntiq o zaman olardı ki, təkcə həmin o deputatdan başqa (kimliyini bilirik) bütün digər deputatlar yenidən seçkiyə getməyin özləri üçün məntiqli olmadığı barədə birmənalı bəyanat verəydilər...
Hələ onu demirəm ki, xüsusilə də müstəqillər onlara mandat vermiş seçiciləri ilə heç bir məsləhətləşmə aparmadan MM-in buraxılması təşəbbüsünə qoşuldular və seçicilərin bir çox iddiaçı arasında məhz onlara verdikləri mandatı yerə qoydular… Seçicilər deməzmi ki, mənim verdiyim mandatı mənimlə məsləhətləşmədən nə haqla yerə qoyursan?
Bu mənim fikirlərimdir və istənilən polemikaya hazıram...”.
Fazil Mustafa: “Bu, bir hüquqdur və bundan kimisə imtina etməyə məcburiyyət ola bilməz”
Seçkilərdə yenidən iştirak edəcəyini “Bakı-Xəbər”ə təsdiqləyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, artıq imza vərəqlərini Dairə Seçki Komissiyasına təqdim edib: “Elə əvvəlki dairədən namizədliyimi irəli sürdüm. Hesab edirəm ki, seçildiyim dairədən tərəfdarlarımızın sayı çoxdur. Biz, eyni zamanda, parlament partiyası olmuşuq. Seçkilərə qatılmaqla həm də yenidən parlamentdə partiya kimi iştirakımızı qarşımıza məqsəd qoymuşuq. 65 namizəd irəli sürmüşük. Onlardan nə qədərinin qeydiyyata alınacağını dəqiq bilmirik. Köhnə deputatların yeni seçkilərdə iştirak etmək haqqının olmadığı fikrilə qəti razı deyiləm. Bu bir hüquqdur və bundan kimisə imtina etməyə məcburiyyət ola bilməz. Parlamentin buraxılması təşəbbüsü ilə qanunvericilik qurumunda mütləq çoxluğa malik olan YAP çıxış edib. Bunun da nəticəsində parlament fəaliyyət göstərmə imkanını itirirdi. Yeganə çıxış yolu parlamentin buraxılması qalırdı. Buna görə də bitərəf və digər partiyaların təmsilçisi olan deputatlar da yeni seçkilərin keçirilməsini məqbul saydı. Bu, kiminsə seçkilərdə iştirak hüququnu məhdudlaşdırmır. Bu baxımdan da keçmiş deputatların seçkiyə qatılması tam qanunidir. Biz xarici təcrübədə də belə halları çox görmüşük ki, parlamentin buraxılmasına səs verənlər yenidən seçkilərdə iştirakla bağlı qərar qəbul edirlər. Burada hər hansı qəbahət də görmürəm”.
Elman Nəsirov: “Seçilənlərin sırasında yeni şəxslərlə yanaşı, 5-ci çağırış parlamentdə təmsil olunan şəxslər də ola bilər”
Seçkilərdə yenidən iştirakı gözlənilən millət vəkili Elman Nəsirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu qərar onun təmsil olunduğu partiyadan irəli gəlib: “Biz YAP fraksiyasını təmsil edən deputatlar olaraq partiyanın qərarına hörmətlə yanaşmalıydıq. Hesab edirəm ki, bu doğru addım ölkədə gedən dərin islahatlar zərurətindən irəli gəldi. Bizim istəyimiz budur ki, müasirləşən Azərbaycanın daha müasir parlamenti formalaşsın. Bu baxımdan da köhnə deputatların da yenidən deputat olmaq istəyinə normal yanaşıram. Bizim istəyimiz budur ki, yeni parlamentdə savadlı, bilikli, bacarıqlı millət vəkilləri daha çox olsun. Hesab edirəm ki, köhnə deputat korpusunda təmsil olunan deputatların sırasında bu göstəricilərə cavab verən çoxlu sayda şəxs var. Dövlət başçısı da qeyd edib ki, yeni kadrların seçimində müasirliklə təcrübənin vəhdədi tapılmalıdır. Bizim də gözləntimiz budur ki, yeni parlamentin formalaşmasında bu kateqoriyalı şəxslərin çoxluq təşkil edəcəyini gözləməyə dəyər. Təbii ki, burada önəmli rolu xalqın seçimi oynayacaq. İrəli sürülən namizədlərin sırasında deyilən parametrlərə uyğun gələnlər çoxluq təşkil edəcəksə, xalq da seçimində onlara üstünlük verəcək. Onların sırasında yeni şəxslərlə yanaşı, 5-ci çağırış parlamentdə təmsil olunan şəxslər də ola bilər. Buna da normal yanaşmaq lazımdır”.
Məhəmmədəli QƏRİBLİ