ABŞ hərbçiləri Suriyanın Hmeymim aviabazasındakı S-400 hava hücumundan müdafiə sistemlərinin tezliklərini ələ keçirib. Baki-xeber.com xəbər verir ki, bu barədə məlumat yayan Free News, tezliklər deşifrə ediləcəyi halda ABŞ döyüş təyyarələrinin S-400 təhlükəsini aşa biləcəyini iddia edir.
Iddia edilir ki, ABŞ Hərbi Hava Qüvvələri Suriyanın Hmeymim aviabazasındakı S-400 hava hücumundan müdafiə sistemlərinin tezliklərini, aviabazanın yaxınlığında uçan kəşfiyyat təyyarələrindən istifadə edərək ələ keçirib.
Rusiyanın Free News saytı yazır ki, ABŞ-ın Boeing P-8 Poseidon kəşfiyyat təyyarəsi, S-400 sistemlərinin istifadə etdiyi tezlikləri əldə etmək üçün bundan əvvəl Krım sahili boyunca uçuşlar keçirib, lakin bölgədəki Rusiya sistemlərinin istifadə etdiyi tezlikləri əldə edə bilməyib.
Ancaq kəşfiyyat təyyarələrinin, Suriya üzərində keçirdiyi uçuşlarda bu ölkədəki S-400 sistemlərinin istifadə etdiyi tezlikləri ələ keçirdiyi iddia edilir. Tezliklərin Krımdakı tezliklərdən fərqli olduğu da qeyd edilir.
Rusiyalı pilot Yuri Sytnik məsələ ilə bağlı Free News-a açıqlamasında "ABŞ Hərbi Hava Qüvvələri Suriyadakı Boeing P-8 Poseidon təyyarələrinə qarşı istifadə edilən sistemlərimizi (S-400) nəzərə alaraq, tezliklərin qeydiyyatını aparırlar. Lakin bu tezlikləri deşifrə etməlidirlər. Bu normal təcrübədir" deyib.
Boeing P-8 Poseidon təyyarələri haqda danışan rus pilot deyib ki, bu təyyarə laboratoriyanı xatırladır: "Bu təyyarə tam bir laboratoriyadır. Təyyarədə 20 nəfərdən ibarət heyət var. Xüsusi bir kabinədə radio dalğaları izləyir və siqnallarla bağlı məlumat toplayırlar".