“Ölkə başçısının məlum açıqlaması bir daha bəzi müsəlman dövlətlərinin ermənilərlə bağlı məsələdə riyakar mövqedən çıxış etdiyini sübut etdi”
Dağlıq Qarabağdakı qondarma separatçı rejimin “xarici işlər” naziri Masis Mailyan dekabrın 16-18-də Misir Ərəb Respublikasında işgüzar səfərdə olub. Erməni mətbuatının yazdığına görə, M.Mailyan Misirdə bir sıra işgüzar dairələrin nümayəndələri, qubernatorlarla görüşüb. Səfər zamanı separatçı rejim təmsilçisini Misirin Cənubi Sinay Vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmməd də qəbul edib. M.Mailyan Misir hakimiyyətinin erməni icmasına ənənəvi dostluq münasibətini yüksək qiymətləndirib, ölkənin inkişafında ermənilərin mühüm töhfəsini və rolunu qeyd edib. Görüş zamanı separatçı rejimin təmsilçisi M. Mailyan qondarma “DQR”in iqtisadi inkişafının prioritet sahələrini təqdim edib. Bu çərçivədə M.Mailyan, xüsusilə turizm sektorunu diqqətə çatdıraraq, Qarabağın turistik cəlbediciliyinin artırılmasına yönəldilmiş və olduqca qənaətbəxş nəticələr verən müxtəlif təşəbbüslərə toxunub. Separatçı rejim nümayəndəsi rejimin nəzarət etdiyi Azərbaycan ərazisində “vergi siyasətini və böyük investorlara güzəştli şərtləri təqdim edib”. Görüşün sonunda Misirin Cənubi Sinay vilayəti ilə separatçı erməni rejimi arasında turizm, mədəniyyət və idman sahələrində əməkdaşlığın qurulması və inkişafı barədə razılıqlar əldə edilib. Göründüyü kimi, daha bir müsəlman ölkəsi ermənilərə qucaq açdı və İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərara, necə deyərlər, tüpürdü. O da məlumdur ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistandan müsəlman ölkələrə dost olmaz. Xatırladaq ki, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş mərasimdəki çıxışı zamanı Ermənistanla qucaqlaşan müsəlman ölkələrini qınayıb. Prezident belə ölkələrin hərəkətlərini riyakarlıq adlandırıb: “Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?”. Riyakarlığın dərəcəsinə bax ki, bəzi müsəlman ölkələri nəinki işğalçı Ermənistana, hətta Dağlıq Qarabağdakı separatçı rejimə belə qucaq açır.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Prezident İlham Əliyevin məlum açıqlaması bir daha bəzi müsəlman ölkələrinin ermənilərlə bağlı məsələdə riyakar mövqedən çıxış etdiyini sübut etdi: “Təəssüflər olsun ki, Ermənistan müsəlman ərəb ölkələri ilə yeni siyasi açılıma başlayıb. Xüsusilə Qarabağ münaqişəsinin nizamlanmasında İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın mövqeyini zəiflətməyi planlayırlar. Məhz bu istiqamətdə siyasi fəaliyyətə keçiblər. Ərəb ölkələrinə qarşılıqlı səfərlər buna hesablanıb. Xüsusilə Qarabağ separatçılarını ərəb ölkəsinə göndərmələri buna xidmət edir. Misirə səfər edən Qarabağ separatçılarının nümayəndəsi Mailyanın orada qarşılanması, danışıqlar aparması rəsmi Qahirənin İslam Əməkdaş Təşkilatında tutduğu mövqeyə ziddir. Qeyd edim ki, Misirin Türkiyə ilə əlaqələrinin gərgin olduğunu nəzərə alsaq, Ermənistan türk amilindən istifadə edib buna gedib. Hesab edirəm ki, Misirin bu siyasəti qəbuledilməz olmaqla yanaşı, biabırçılıqdır. Bu, ermənilərə qucaq açmaq deməkdir. Ona görə də rəsmi Bakı Qahirəyə nota göndərməli və bu ölkənin bizdəki səfirini XİN çağırıb izahat tələb etməlidir. Qeyd edim ki, Misirin, xüsusilə Qarabağ separatçıları ilə əməkdaşlığının qarşısı alınmalıdır. Misir hakimiyyəti, təəssüf ki, bununla beynəlxalq hüququn ziddinə gedərək separatizmə dəstək verib. Əslində Misir hakimiyyətinin müsəlman abidələrini məhv edən işğalçılara dəstək verməsi müəyyən mənada təəccüblü görünmür. Çünki Misir hakimiyyətinin bu mövqeyi, eyni millət olan Fələstin ərəblərinə qarşı tutduğu mövqe ilə üst-üstə düşür. Azərbaycan Qahirəni bu yanlış yoldan çəkindirməli, rəsmi Bakı təcili şəkildə Misirlə danışıqlar aparmalıdır. Yoxsa bu siyasətlərini inkişaf etdirə bilərlər”.
Vidadi ORDAHALLI