Fikrət Sadıqov: “Prezident İlham Əliyev apardığı uğurlu praqmatik siyasət sayəsində buna nail olub”
“Təbii ki, bütün bunların əldə olunmasında iki dövlət başçısının şəxsi münasibətlərinin yüksək səviyyədə olmasının da rolu böyükdür”
Bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir. Bunu Prezident İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə çıxış edərkən deyib. Dövlət başçısı bildirib ki, bütövlükdə 2019-cu il Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutur: “Prezident Vladimir Putinlə mənim çoxsaylı görüşlərim olub. Hər bir görüş çox məhsuldar olub. Bu görüşlərdə müzakirə olunmuş məsələlər və qəbul edilmiş qərarlar sonra həyatda öz əksini tapır. Nazirlər səviyyəsində bir çox qarşılıqlı səfərlər olubdur, Rusiyanın Federasiya Şurasının sədri xanım Valentina İvanovna Matviyenko aprel ayında Azərbaycana rəsmi səfərə gəlmişdi. Digər vəzifəli şəxslərin də səfərləri olub. İlin sonunda növbəti görüş gözlənilir. Rusiyanın İqtisadi İnkişaf naziri Bakıya gələcək və sonra öz həmkarları ilə sərhədə gedib Samur çayı üzərində tikilmiş yeni körpünün açılışını edəcəklər. Bu il Mehriban xanımın Rusiyaya çox uğurlu rəsmi səfəri baş tutdu. Səfər çox yüksək səviyyədə təşkil edildi. Yəni bu və digər hadisələr 2019-cu ildə Rusiya-Azərbaycan əlaqələrinin inkişafını şərtləndirdi. Bu işlərin iştirakçısı və bir çox məsələlərin təşəbbüskarı kimi mən tam qətiyyətlə deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir. Rusiyada yaşayan azərbaycanlılar, əminəm ki, bunu gündəlik həyatda hiss edirlər. Çünki Rusiyada azərbaycanlılara münasibət çox müsbətdir, onlar rahat yaşayırlar”.
İki ölkə münasibətlərinin çox yüksək səviyyədə olması Azərbaycan diplomatiyasının böyük uğurudur. Heç şübhəsiz, bunun əldə olunmasinda Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Məhz bunun nəticəsidir ki, iki ölkənin əlaqələri tarixdə ən yüksək səviyyədədir. Siyasi-iqtisadi, humanitar və digər müstəvilərdə əlaqələr yüksək səviyyədədir. Maraqlıdır, Rusiya-Azərbaycan əlaqələrinin bu dərəcədə yüksək səviyyədə olmasına İlham Əliyev necə nail olub? Ekspertlər bunu necə dəyərləndirir?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Prezident İlham Əliyev apardığı uğurlu praqmatik siyasət sayəsində buna nail olub: “Reallıq ondan ibarətdir ki, Rusiya bizim şimal qonşumuzdur və böyük bir dövlətdir. Biz bilirik ki, bir sıra məsələlərin həlli Rusiyanın mövqeyindən çox asılıdır. Düzdür, Rusiya bir sıra məsələlərlə bağlı Qərb tərəfindən təcrid olunmaq ərəfəsindədir, ABŞ-la münasibətləri çox gərgindir. Ancaq eyni zamanda, biz başa düşürük ki, bu regionda Rusiya ilə münasibətləri genişləndirmək və müəyyən səviyyədə saxlamaq vacibdir. Çünki bu həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına cavab verir. İki ölkə arasında iqtisadi, humanitar, siyasi əlaqələr mövcuddur və inkişafdadır. Təbii ki, bütün bunların əldə olunmasında iki dövlət başçısının şəxsi münasibətlərinin yüksək səviyyədə olmasının da rolu böyükdür. Putinlə İlham Əliyev arasında qarşılıqlı hörmət səviyyəsində olan əlaqələrdir. Məlum olduğu kimi, Birinci vitse-Prezident Mehriban Əliyevanın Rusiyaya yüksək səviyyəli rəsmi səfəri oldu. Bir sıra yüksək səviyyəli görüşlər keçirildi. Bütün bunlardan sonra münasibətlər daha sıx formata keçib. Çünki bir sıra sazişlər imzalanıb. Buna uyğun olaraq bir sıra layihələrin həyata keçirilməsi gözlənilir. Bununla belə, Azərbaycanın Qərb ölkələri ilə də münasibətləri kifayət qədər genişdir. Bütün bunlar Rusiya ilə münasibətlərə zidd əlaqələr deyil. Yəni biz ilk növbədə öz maraqlarımıza uyğun addımlarımızı atırıq. Bu münasibətlərin inkişafı həm regionda təhlükəsizliyin təmin edilməsinə, həm də iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir edir”.
Vidadi ORDAHALLI