Hərbi-diplomatik, siyasi-iqtisadi müstəvidə Azərbaycanın Ermənistana qarşı təzyiqləri bu ölkənin manevr imkanlarını daha sürətlə məhdudlaşdırmaqdadır. Bunlara paralel olaraq beynəlxalq miqyasda Ermənistanın mövqeyini kəskin ittiham hədəfinə çevirən yeni sənədlərin qəbulu, burada Azərbaycanı ərazi bütövlüyünün ön planda göstərilməsi də ölkəmizin aktivinə yazılan mühüm uğur kimi dəyərləndirilə bilər.
Bu xüsusda, heç şübhəsiz, daha bir vacib uğur BMT Baş Assambleyasının qəbul etdiyi “Xüsusi komitənin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təşkilatın rolunun gücləndirilməsinə dair məruzəsi” adlı qətnaməsidir.
Qurumun plenar iclasında təsdiq edilən bu qətnamə ərazi bütövlüyünün təsbiq edilməsi məsələsində Azərbaycanın maraqlarına tam cavab verir. Məlumat üçün bildirək ki, Xüsusi Komitə Azərbaycan nümayəndə heyətinin təklifi ilə həmin sənəddə Dağlıq Qarabağ regionunun Azərbaycanın ərazisi olmasını təsdiq edib. Burada daha sonra dövlətlərin güc tətbiq etməklə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinmək öhdəliyi xatırlanır, dövlət suverenliyinin, ərazi bütövlüyünün və başqa dövlətlərin daxili işlərinə qarışmamağın əhəmiyyəti qeyd edilir. Ermənistan nümayəndə heyətinin Xüsusi Komitənin məruzəsindən onu qane etməyən ifadənin çıxarılması və daha sonra üzv dövlətlərin artıq Baş Assambleya qətnaməsinin mətninə dəyişikliklər etmək cəhdləri nəticə verməyib.
Müzakirələrin gedişində heç bir ölkə Ermənistanın təklifini dəstəkləməyib, Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamə isə BMT üzvü olan bütün dövlətlər tərəfindən, Ermənistan nümayəndə heyəti istisna olmaqla, təsdiq edilib. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar işğalçı erməni qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca digər qətnamə qəbul edib. Bunun ardınca qəbul edilən yeni sənəd də Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik qələbəsini nümayiş etdirir.
Elə Ermənistanın “1in.am” portalı da yazır ki, Azərbaycan diplomatik sahədə kifayət qədər çeviklik nümayiş etdirir. Portal “Madrid prinsipləri”nin yenidən aktivləşməsi, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının danışıqlar prosesinə maraqlı tərəf kimi qoşulması istiqamətində atılan addımları buna əyani sübut kimi göstərir. Baş verənlərlə bağlı “1in.am” yazır: “Azərbaycan Qarabağ məsələsində diplomatik fəallığını əhəmiyyətli dərəcədə artırıb və məqsədinə bu yolla da daha tez nail olmağa çalışır. Azərbaycanın televiziya kanallarından birinə müsahibə verən xarici işlər naziri Elmar Məmmədyarov Qarabağ tənzimlənməsindən danışarkən maraqlı bir məqama toxunub: “Biz nəticəsində “Madrid prinsipləri” formalaşan Praqa prosesini başlatdıq və hazırda prosesin, həmçinin vasitəçi həmsədrlərin bəyanatlarının əsasında həmin prinsiplər dayanır”. Şübhəsiz, Məmmədyarov aprel müharibəsindən və Ermənistandakı “məxməri inqilab”dan sonra erməni siyasətinin dalana girdiyini də burada ifadə edir. Praqa prosesi 2004-cü ildə, İlham Əliyev yenicə hakimiyyətə gəldiyi zaman başlayıb. Əliyev həmin dövrdəki Ermənistan hakimiyyətini itələyib tələyə salmaq və nəhayət, 2007-ci ilin dekabrında danışıqların əsası kimi, “Madrid prinsipləri”nin razılaşdırılmasına nail olmaq üçün bu vəziyyətdən məharətlə istifadə edə bildi. Bu prinsiplər Azərbaycanın istədiklərini – ərazilərin qaytarılmasını və qaçqınların geri dönməsini nəzərdə tuturdu, lakin Dağlıq Qarabağın statusu ilə bağlı yekun heç nə yox idi.
Bu proses bugünkü reallıqlar fonunda Ermənistanı Praqadan Madridədək gətirən, sonra danışıqları “Madrid prinsipləri” əsasında tərtib olunmuş Kazan planı üzrə aparan keçmiş hakimiyyət nümayəndələrinin mövcud iqtidarı təhdid, Dağlıq Qarabağı verən qüvvə elan etdiyi bir vaxtda diqqətçəkəndir. Problem onda deyil ki, əvvəlki mövqe və addımlardan asılı olmayaraq, kimsə Dağlıq Qarabağın gələcəyilə bağlı narahat ola bilər. Problem ondadır ki, bu narahatlığa paralel olaraq, insanlar öz hakimiyyətlərinin apardığı siyasətə cəsarətli, birbaşa, səmimi qiymət verə bilmirlər. Belə olsaydı, cəmiyyət təsbit edərdi ki, bu insanlar öz səhvlərini etiraf edərək, müəyyən dərəcədə əsaslandırılmamış və ya faktlarla təsdiq olunmamış narahatlıqlarını ifadə etmələrinə baxmayaraq, Dağlıq Qarabağ məsələsində səmimi davranırlar. Artıq aydın olur ki, burada Ermənistanda bəzi qüvvələrin öz problemini Dağlıq Qarabağ hesabına həll etmək üçün sadə və çox yaxşı hesablanmış bir cəhd var. Və bu həll cəhdi Ermənistanın ictimai və dövlət mövqelərini zəiflədən, Dağlıq Qarabağın “seçki prosesinə” yönələn metodologiya və addımlar hesabına olmasaydı, əlbəttə, sadəcə həmin insanların problemi olardı. Amma vəziyyət dəyişir və Azərbaycan Ermənistan daxilində Qarabağ ziddiyyətlərindən məharətlə istifadə edir. Ermənistanın hərbi araşdırmalar mərkəzinin elmi-araşdırma departamentinin rəhbəri, hərbi ekspert Leonid Nersisyan da bunu təsdiq edir. Hərbi ekspert hakimiyyətdəki etibarlı mənbələrə istinadla Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığa gəldiklərini iddia edir: “Bir sıra məsələlər üzrə tərəflər ümumi razılığa gəliblər. Ancaq mən detalları açıqlaya bilmərəm”. Bütün bunlar Qarabağ məsələsində proseslərin məhz Azərbaycanın istədiyi ssenari üzrə inkişaf etdiyini aydın nümayiş etdirir.
Bununla yanaşı, yuxarıda qeyd olunduğu kimi, erməni tərəfini narahat edən əsas məqamlardan biri də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə bağlıdır. Bu fonda Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Erməniləri daha çox görüş zamanı T. Gəncəliyevin icmalar arasında danışıqlarla bağlı yanaşmasının Fransa səfirində yaxşı təəssürat oyatması məyus edib. Görüşə münasibət bildirən erməni politoloq Qrant Məlik-Şahnazaryan Fransanın Ermənistanın yaxın müttəfiqi olmasına diqqət çəkərək bildirir: “Fransanın Azərbaycandakı səfiri Zakari Qross əvvəlcə Tural Gəncəliyevlə görüşür, sonra isə onun “Ümid edirəm ki, növbəti görüş Dağlıq Qarabağda olacaq” tvitini paylaşaraq, Tural Gəncəliyevin yanaşmalarının onda yaxşı təəssürat oyatdığını yazır. Fransa, sən də?”. Daha sonra o, bu mənzərənin baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zöhrab Mnatsakanyanın yürütdüyü xarici siyasət nəticəsində yarandığını, bu siyasət nəticəsində Ermənistanın heç bir müttəfiqinin qalmadığını, belə xəbərlərin artıq təəccübə səbəb olmadığını vurğulayıb. Ermənistanın diplomatik müdafiəsinin məhv edildiyini bildirən erməni politoloq T.Gəncəliyevin rəhbərlik etdiyi Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının getdikcə siyasi amilə çevrildiyini də qeyd edib. Ümumiyyətlə, bu ilin əvvəlində T. Gəncəliyevin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri seçilməsindən sonra icmanın xarici əlaqələrində canlanma hiss olunmaqdadır. Belə ki, il ərzində T.Gəncəliyevin erməni diasporunun aktiv olduğu Los-Ancelesə səfər etməsi, orada bir sıra görüşlər keçirərək erməni işğalından danışması, bundan başqa, icma sədrinin Belçikada Avropa Parlamentinin deputatları ilə təmaslar qurması Ermənistanda müzakirə mövzusuna çevrilməkdədir. Aparılan müzakirələr zamanı icma sədrinin fəaliyyətinin Ermənistanda böyük narahatlıq yaratdığı aydın şəkildə hiss olunmaqdadır. Baş verənləri erməni tərəfi özü üçün ciddi məğlubiyyət sayır.
Aydındır ki, Ermənistan diplomaitik gedişlərdən müvafiq nəticələr çıxarmasa, məsələnin hərbi həlli də gündəmə gələcək. Diplomatik sahədə olduğu kimi, hərbi müstəvidə də Azərbaycan kifayət qədər üstünlüyə malikdir. Bunu Beynəlxalq Böhran Qrupu “Dağlıq Qarabağ məsələsini dalandan çıxarma” adlı yeni hesabatında da xüsusi olaraq qeyd edir. Hesabatda vurğulanır ki, Dağlıq Qarabağ regionu ilə bağlı Ermənistanla Azərbaycan arasında sülh prosesində açılmış dar nəfəslik yenidən bağlana bilər. Qeyd olunur ki, 2019-cu ilin əvvəlində münaqişənin həlli istiqamətində danışıqlarda irəliləyiş hiss olunub: “Ermənistanın yeni hökuməti kompromisli həlli axtarmağa hazır olduğunu bildirmişdi. Bakının da münaqişənin həlli yollarının axtarışı üçün daha açıq olduğu göründü. Aprel hadisələrindən sonra yenilənmiş diplomatik münasibətlər itkilərin azalmasına və danışıqlar üçün daha münasib mühitin yaranmasına gətirib çıxardı. Azərbaycan və Ermənistan hökumətləri təmas xəttində humanitar layihələrin həyata keçirilməsinə razılıq verdi, jurnalistlərin qarşılıqlı səfərlərinə və həbs olunmuş şəxslərin yaxınlarına baş çəkməsinə icazə verildi”. Qeyd olunur ki, buna baxmayaraq, yeni yanaşma danışıqların yenilənməsinə yol açmayıb. Hesabat müəlliflərinin fikrincə, illər mövqeləri sərtləşdirib. Bildirilir ki, son aylar Ermənistan-Azərbaycan münasibətləri tərəflərdən birinin digərinin açıqlamasını təxribatçı hesab etməsindən sonra daha da soyuyub. Hər iki tərəf 2019-cu ildə qurulmuş bünövrəyə istinad etməsə, sabit vəziyyət uzun çəkməyə bilər. O da qeyd olunur ki, birbaşa danışıqlar özü ilə risqlər də gətirir, lakin illər keçir və həll potensialını daha çox əlçatmaz edir, vaxt uzandıqca müharibə risqi daha da artır:“Danışıqlar masası arxasına qayıtmaq çətindir, lakin bu, Azərbaycan və Ermənistanın münaqişəni ölü nöqtədən çıxarması üçün yeganə yoldur”. Bildirilir ki, bunlar olmasa müharibə qaçılmazdır və ötən illər ərzində Ermənistanla müqayisədə Azərbaycan hərbi cəhətdən daha çox güclənib.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.