Rusiyanın Ermənistanda gelən proseslərdən razı qalmadığı, baş nazir Nikol Paşinyanın fəaliyyətindən ciddi əndişə duyduğu heç kimə sirr deyil. Elə bundan irəli gəlir ki, Moskva Paşinyana münasibətdə məsafəli davranır. Digər tərəfdən hadisələrin inkişaf axarı göstərir ki, Kreml özünə yaxın saydığı şəxslərin Paşinyan tərəfindən zərərsizləşdlirilməsinə də daha dözmək niyyətində deyil. Söhbət ilk olaraq Kremlin Ermənistanda əsas adamları sayılan eks-prezidentlər Robert Köçəryan və Serj Sarksiyandan gedir.
Xatırladaq ki, daha əvvəl Rusiya Robert Köçəryanın həbsə atılmasının onun üçün qəbuledilməz olduğunu bildirmişdi. Amma Paşinyan Kremldən gələn siqnallara ciddi yanaşmadı. Əksinə, Kremlin yaxını sayılan şəxslərə qarşı hücumu artırdı. Elə bu da onun Rusiya ilə münasibətləri daha da pisləşdirməsinə gətirib çıxardı. Amma görünən budur ki, Kreml baş verənləri cavabsız qoymaq niyyətində deyil və bu fonda Paşinyana daha bir xəbərdarlıq ünvanlanıb. Belə ki, Rusiyanın erməni əsilli mədəniyyət xadimləri Robert Köçəryanın azadlığa buraxılması bəyanatı ilə çıxış ediblər. Bəyanatda bildirilir: “Biz hüquqi qiymət vermirik, hakim və ya arbitr rolunu da oynamırıq. Bizim hər birimiz öz işimizlə məşğuluq. Biz məhkəmə çəkişməsi tərəfi deyilik. Lakin biz ermənilərik, erməni köklərimiz var və bizi Ermənistanın mənəvi-psixoloji atmosferi qayğılandırır. Bizi inandıra bilmədilər ki, Köçəryan azadlığa çıxarsa, günahı sübuta yetirilərsə, məhkəmədən qaça bilər”. Onlar Robert Köçəryanı dövlət xadimi olaraq qiymətləndirdiklərini bəyan ediblər: “Bir çoxumuz onu şəxsən tanıyırıq. Baş verənlərə laqeyd baxa bilmirik. Hesab edirik ki, prezidentin hazırkı statusu Ermənistanın müsbət imicinə, ölkədə ictimai atmosferin yaxşılaşmasına öz töhfəsini vermir. Biz gələcək naminə həmrəyliyin bərqərar olması istiqamətində addım atmağı təklif edirik. Baş nazirdən xahiş edirik ki, Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryana qarşı qətimkan tədbiri dəyişdirilsin”. Xatırladaq ki, müraciəti Rusiya Film və Televiziya İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Aleksandr Akopov, NTV-nin aparıcısı, Moskva Şəhər Dumasının deputatı Roman Babayan, məşhur aparıcı Tina Kandelaki, "Russia Today"in baş redaktoru Marqarita Simonyan, "Mosfilm" konserninin idarə heyətinin sədri Karen Şahnazarov, aktrisa, televiziya aparıcısı, yazıçı Sati Spivakova, musiqiçi, bəstəkar və rejissor Stas Namin, Rusiyanın xalq artisti Dmitri Xaratyan və başqaları imzalayıb. Bu şəxslərin böyük əksəriyyəti Vldaimir Putinin təbliğatçısı kimi tanınır. Elə bunu nəzərə alan ekspertlər bildirir ki, əslində, bu hal Putindən Paşinyana Köçəryanla bağlı növbəti xəbərdarlıqdır. Maraqlıdır ki, məhz belə bir vaxtda “Daşnaktsütyun” partiyasının üzvü Aqvan Vardanyan bu xüsusda bildirib:“Bir müddət əvvəl yüzə yaxın ictimai, siyasi, mədəni, idman dairəsinin nümayəndələri Köçəryanı dəstəkləyən bəyanat vermişdilər. Onlar hakimiyyəti şəxsi ambisiyalardan güclü olmağa, məhkəmə sisteminə təzyiqləri dayandırmağa çağırıblar. Həmçinin, Köçəryanın sərbəst buraxılmasının sosial həmrəyliyə təkan verəcəyinə ümid etdiklərini də söyləyiblər". Onun sözlərinə görə, artıq 60 minə yaxın şəxs bu bəyanatı imzalasa da, hakimiyyətin mövqeyi dəyişməyib:“Perspektivsiz siyasət davam edir. Bu gün ictimai həyatda gərginliyin səbəbi 1 mart işinin inkişafı, Köçəryanın həbsidir. Aydındır ki, Köçəryana verilən ittihamın 10 nəfərin ölüm səbəblərinin açılması ilə heç bir əlaqəsi yoxdur". Vardanyanın fikrincə, Köçəryanın həbsdə saxlanması dövlət üçün zərərlidir:“Köçəryanın həbsi nə dövlətə, nə də vətəndaşlara nəsə verir. Sabiq prezident barəsində görülən həbs qətimkan tədbirini dəyişdirmək lazımdır. Bu məsələ ictimai tələbə çevrilməlidir. 60 min imza nəzərə alınaraq, Köçəryanın həbsdən azad edilməsi məqsədini daşıyan komissiya yaradıldı". Ekspertlər isə bildirir ki, Rusiyanın dəstəyilə azadlığa çıxmaq istəyən Köçəryanın əsas missiyası Paşinyanın devrilməsi olacaq. Bununla Kreml Paşinyandan yaxa qurtarmağı düşünür. Artıq bu fonda o da məlumdur ki, Robert Köçəryan yeni partiya yaratmağa da hazırlaşır. Köçəryan iddia edir ki, artıq Ermənistandakı siyasi proseslər yekunda növbədənkənar seçkilərlə başa çatacaq. O, artıq cəmiyyətin reallığı olduğu kimi qəbul etdiyini bildirib:“Bu, Paşinyanın populyarlığının sürətlə itdiyini və hər şeyin növbədənkənar seçki ilə bitəcəyini əminliklə deməyə əsas verir. Bunun gələn il baş verməsi ehtimalı həddən artıq yüksəkdir və hər şey müxalifətin qətiyyətindən asılıdır”. Hesab edilir ki, Köçəryanın siyasi fəaliyyətinə Rusiyadan hərtərəfli dəstək olacaq. Eyni zamanda “Qarabağ klanı”nın böyük maliyyə vəsaiti yeni partiyanın fəaliyyətinə əlavə imkanlar yaradacaq. “İrs” partiyasının lideri Raffi Ovannisyan da hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyini düşünür. Onun fikrincə, Paşinyana qarşı sistemin müqavimətini Rusiyanın dəstəyilə Köçəryanın idarə etməsi aydın müşahidə olunur: Bundan irəli gəlir ki, hakimiyyət və müxalifət cəbhəsində qruplaşma prosesi çox qəti şəkildə baş verir. Eyni zamanda, xarici siyasət meyllərində də dəyişiklik müşahidə etmək olar. Xüsusən də Rusiya cəbhəsində. Düzdür, Rusiya geniş bir anlayışdır və Rusiya hökumətindəki fərqli qruplar öz oyunlarını oynaya bilərlər. Amma onların stavka etdyiyi Ermənistanın eks prezidentləri Robert Köçəryan və Serj Sarkisyandır. Bu səbəbdəndir ki, Serj Sarkisyanın partiyası Paşinyanı növbədənkənar seçkilərə çağırmaq fürsətini əldən vermir. Paşinyan isə Sarkisyanı da həbsə atmaqla zərərsizləşdirməyi düşünür. Amma bu, Paşinyanın Rusiya ilə ziddiyyətini daha da dərinləşdirəcək”.
Yeri gəlmişkən qeyd edək ki, külli miqdarda dövlət vəsaitini mənisəməkdə ittiham olunan Serj Sarkisyanın əmlakına həbs qoyulub. Ermənistan Xüsusi İstintaq Xidmətinin sözçüsü Marina Ohancanyan bildirib:“Sarkisyanın əmlakına və cinayət işində adı keçən “Flash” kompaniyasının rəhbəri Barseq Beqlaryanın mülklərinə həbs qoyulması barədə qərar verilib”. Bundan əvvəl Ermənistanın Xüsusi İstintaq Xidməti Sarkisyanı 1 milyon dollardan çox pul oğurlamaqda ittiham edib. Keçmiş dövlət başçısı özünə qarşı bu işi siyasi təqib hesab edib. İstintaq materiallarına əsasən, qanun pozuntuları kəndlilərə əlverişli qiymətlərlə dizel yanacağının satılmasını nəzərdə tutan hökumət proqramı çərçivəsində törədilib. Belə ki,Sarkisyan öz tabeliyində olanlara dizel yanacağı tədarükçüsü kimi “Flash” kompaniyasını seçməyi tapşırıb. Halbuki, “Masxur” adlı digər şirkət daha uyğun qiymətlərlə öz xidmətlərini təklif edibmiş. Hər halda, baş verənlər Sarksiyanın da həbsini istisna etmir. Amma görünən budur ki, Moskva da Ermənistanda yaşananlara artıq seyrçi qalmaq istəmir.
Ramil QULİYEV