Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə giriş nitqində konkret sahələr üzrə keçirilən müşavirələrin əhəmiyyətindən danışıb. Prezident xüsusilə də müstəqilliyin ilk illərində üzum sahələrinin məhv edilməsinin yanlışlığına diqqəti yönəldib.
Dövlət başçısı bildirib: "Əvvəlki dövrlərdə mənim sədrliyimlə çəltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq üzrə müşavirələr keçirildi. Bu ənənəvi sahələr inkişaf edir. Biz siqareti ixracyönümlü məhsul kimi görürük. Bu il Sumqayıtda yeni siqaret fabriki açıldı, Bakıdakı fabrik yenidən quruldu. Biz həm idxaldan asılılığı azaldırıq, həm də böyük ixrac imkanı yaradırıq. Yəni bütün bu sahələr bizim üçün ənənəvi sahələrdir. Sadəcə olaraq, dövlət diqqəti azalanda bu sahələr məhvə doğru gedirdi, o cümlədən, üzümçülük. İndi mən bunu qeyd etdim, Ulu Öndərin vaxtında 2 milyon ton üzüm istehsal olunurdu, onlarla şərab zavodu fəaliyyət göstərirdi. Hamısı sıradan çıxdı, məhv edildi. O zavodların materialları satıldı, yəni böyük bir cinayət törədildi və demək olar ki, bu sahə itib-batmışdı. Mən rəqəmlərə baxanda gördüm ki, bir neçə il bundan əvvəl cəmi 100 min ton üzüm istehsal olunurdu, yeni bağlar salınmırdı. Çünki əl vermirdi, gərək xərcləyəsən, 5-6 il gözləyəsən, məhsul götürəsən, sonra hara satasan? Şərab zavodları yox, emal yox, ona görə üzümçülük batıb gedirdi. Bir də ki, əlbəttə, Ulu Öndər Azərbaycandan gedəndən sonra burada rəhbərlik etmiş şəxslər də bu cinayətin törədilməsində fəallıq göstərirdilər, üzüm bağlarını qırırdılar. Bu, böyük bir cinayətdir. Nə Ukraynada, nə Gürcüstanda, nə Moldovada, nə Ermənistanda bunlar olmadı. Ancaq burada, nəyə görə? Çünki buraya Qorbaçov tərəfindən cəza kimi bir yaramaz adam göndərildi, onun da əsas məqsədi Azərbaycanı məhv etmək idi və buna nail olmağa çalışırdı. Ancaq Azərbaycan xalqı imkan vermədi və cinayət törədəndən sonra 1990-cı ildə buradan qaçdı”.
Prezident sonra AXC-Müsavat hakimiyyəti zamanı edilən bəzi maliyyə maxinasiyalarına diqqəti yönəldib: “Onların məqsədi talançılıq idi, Ləl-Cəvahirat Fondunu taladılar, orada bir dənə də əşya qalmamışdır, hamısını satdılar, neft bonuslarını oğurladılar. Səhv etmirəmsə, onların dövründə təqribən 20 və ya 30 milyon dollar dəyərində neft bonusu verilmişdi, oğurladılar. Sonra bunu axtarmağa başlayanda onun izi-tozu da qalmamışdı. Bir il ərzində milyardlarla dollar ziyan vurdular, taladılar, oğurladılar, öz ciblərini doldurdular, sonra da qorxaqcasına fərarilik edərək hakimiyyəti tərk etdilər, vəzifələrini dondurdular və bu gün də öz rəzil hərəkətləri ilə cəmiyyətdə ikrah hissi doğururlar. Onların bu qorxaqlığı, panika, isterika, paronoya və satqınlığı artıq heç kimə sirr deyil. Bax, bu idi real vəziyyət”.
Prezidentin fikirlərindəki 20-30 milyon neft bonuslarının oğurlanması ilə bağlı məsələ xüsusilə diqqəti cəlb edir. Söhbət hansı bonuslardan gedir və həmin məbləğin yoxa çıxmasına görə məsuliyyət kimin üzərinə düşür?
İlham Şaban: “...Böyük Britaniyanın sabiq baş naziri Marqaret Teçer 1992-ci ilin sentyabr ayında Bakıda səfərdə olarkən verib”
Neft məsələləri üzrə ekspert İlham Şaban “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin çıxışında neft bonusları ilə bağlı bildirdiyi fikirlər reallığı əks etdirir: “Söhbət 30 milyon bonusdan gedir. Bunu da Böyük Britaniyanın sabiq baş naziri Marqaret Teçer 1992-ci ilin sentaybr ayında Bakıda səfərdə olarkən verib. İri neft şirkətləri hər zaman belə bonus taktikasından istifadə edirlər. Həmin pulun sonradan yox olması ilə bağlı mediada çoxlu sayda məlumat dərc edilib. Hər halda, Prezidentdən informasiyalı adam yoxdur. Bunu ölkə başçısı deyirsə, deməli, həmin pulun taleyi naməlumdur. O pulların hara xərcləndiyi barədə mən də nəsə deyə bilmərəm. Bu barədə ən müfəssəl informasiyaya Pənah Hüseyn malik ola bilər. Çünki pullar Azərbaycan dövlətinə bonus şəklində verilibsə, bunun da cavabdehi o zamankı rəhbərlik olmalıdır. Bu iş birbaşa Pənah Hüseynin kurasiyasında olduğu üçün, daha dərin bilgiyə o sahib ola bilər”.
Qabil Hüseynli: “Həmin bonusun məhz Marqaret Teçer tərəfindən təqdim olunmasına bir qədər şübhəli yanaşıram”
Politoloq Qabil Hüseynli də “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, iri neft şirkətlərinin Azərbaycana bonus verməsi mümkündür: “Bundan dünya praktikasında geniş istifadə olunur. Adətən böyük kompaniyalar irihəcmli layihələr imzalayanda pay kimi bonus ödəyirlər. Ancaq həmin bonusun məhz Marqaret Teçer tərəfindən təqdim olunmasına bir qədər şübhəli yanaşıram. Çünki siyasi adamlar siyasi razılaşmalara qol çəkirlər. Bonus işini isə neft kompaniyalarının özləri həll edir. Həmin bonusun məbləğinin hansı həcmdə olmasını dəqiq söyləyə bilmərəm”.
Məhəmmədəli QƏRİBLİ