Erməni mətbuatı Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsi ilə bağlı səsləndirdiyi məqamlara diqqəti yönəldib.
Qeyd edilir ki, S.Lavrov Rusiya mətbuatına açıqlamasında Aİ-nin Şərq Tərəfdaşlığı layihəsini Avropanın çoxəsrlik qonşularını Rusiyadan qoparmaq cəhdi adlandırıb. Eyni zamanda, Lavrov Avropa və Avrasiya ittifaqlarının əməkdaşlığını mümkün hesab edib. Bu məqsədlə ticarət və investisiya rejimlərinin uyğunlaşdırılmasını təklif edir. Onun sözlərinə görə, bu cür əməkdaşlıq qonşu ölkələri Rusiya və Aİ arasında seçim etmək kimi məsələdən xilas edəcək.
Aİ-nin Şərq Tərəfdaşlığı proqramına Ermənistan, Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan və Belarus daxildir. Rusiya Aİ-nin bənzərliyində özünün birliyini - 5 ölkənin daxil olduğu Avrasiya Birliyini yaratdı.
Belə məlum olur ki, Lavrov ölkələri seçim qarşısında qoyur. Maraqlıdır, sözügedən məsələ ilə bağlı Azərbaycan Şərq Tərəfdaşlığının üzvü kimi seçim qarsında qoyula bilərmi?
“Çünki bu açıqlama ilə, əslində, Lavrov MDB məkanında ayrı-ayrı dövlətlərə, o cümlədən...”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun fikrincə, Lavrovun açıqlamasında bununla bağlı bəzi elementlər var: “Bu, Rusiya hakimiyyətindən Azərbaycana verilən bir mesaj kimi də qəbul oluna bilər, nəinki Azərbaycana, Şərq Tərəfdaşlığında iştirak edən digər dövlətlərə. Çünki bu açıqlama ilə, əslində, Lavrov MDB məkanında ayrı-ayrı dövlətlərə, o cümlədən, Azərbaycana Aİ ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyin məqsədəmüvafiq olduğunu bildirir. Lavrov həmin açıqlamada Aİ ilə Aİİ arasında əməkdaşlığın genişləndirilməsi məqamına da toxunub. Ancaq bizə yaxşı məlumdur ki, Aİİ, mahiyyət etibarilə, MDB məkanında Rusiyanın təsir dairəsini saxlamaq üçün yaradılıb. Sözügedən layihə də həyata keçirilir. Rusiya istəyər ki, Azərbaycan Aİİ-də təmsil olunsun. Ancaq Azərbaycan buna tələsmir. Azərbaycan hakimiyyəti müstəqil siyasət yeridir. Digər tərəfdən, Avropa İttifaqının bəzi institutları Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edirlər. Ona görə də Azərbaycan tələsmir. Nəzərə almaq lazımdır ki, Azərbaycan böyük həcmdə neftini Avropa İttifaqına satır. Ancaq Avropaya doğru inteqrasiya məsələsində tələsmək olmaz”.
Vidadi ORDAHALLI