Azərbaycan ərazilərinin hələ də bir hissəsini işğal altında saxlayan Ermənistan üçün indi ən böyük qorxulardan biri Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həll oluna biləcəyidir. Məsələ bu müstəviyə keçərsə, Ermənistan kifayət qədər böyük problemlərlə üz-üzə qalacağını yaxşı bilir. Ən azı o cəhətdən ki, hərbi güc baxımından Ermənistan və Azərbaycan arasında fərq nisbəti artıq dəfələrlə ölçülür.
Real vəziyyətdə Azərbaycan ordusunu istər şəxsi heyət, istərsə də hərbi texnika ilə təminat baxımından gücləndirdiyi halda, Ermənistanda bütün bunların tam əksi yaşanır. Bu ölkənin ordusu əvvəlki qaydada xaos və cinayət mənbəyi sayılır. Hətta qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri belə bildirirlər ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq yüksək templə artır. Qeyd olunur ki, orduda problemlər dözülməz həddə çatıb. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Elə son bir həftədə erməni ordusunda baş verənlər də deyilənlərin tam reallığı əks etdirdiyini üzə çıxarır. Aydın olur ki, işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət yerlərini özbaşına tərk edənlərin sayı artır. İşğalçı orduda vəziyyət o qədər acınacaqlıdır ki, hətta zabitlər də hərbi hissədən qaçırlar. Belə ki, 4-cü dağ atıcı taborun iki bölük komandirinin hərbi hissədən qaçdığı məlum olub. Məlumata görə, kapitan Vahe Mamacanyan və onu həmkarı Stepan Avakyan hərbi hissəni özbaşına tərk edib. Hər iki zabit hərbi hissədə baş verən kütləvi dava zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Vahan Badalyana baş nahiyəsindən ağır xəsarət yetirməkdə ittiham olunur. Zabitlərin cinayət məsuliyyətinə cəlb olunacaqlarından qorxaraq hərbi hissədən qaçdıqları ehtimal edilir.
Bundan əlavə, işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər zəminində baş verən cinayətlərin də ardı-arası kəsilmir. Belə ki, bu yaxınlarda işğalçı ordunun bölmələrindən birində “dedovşina” zəminində daha bir cinayət hadisəsi üzə çıxıb. Məlumata görə, hadisə ilə bağlı araşdırma aparan müstəntiq Ardak Voskanyan Eçmüədzindən hərbi xidmətə çağırılan Artuş Armeni adlı əsgəri mütəmadi olaraq döydüklərinə, fiziki və mənəvi təhqirlərə məruz qoyduqlarına görə 3 hərbi qulluqçunun cinayət məsuliyyətinə cəlb edilməsi barədə hərbi hissəyə məktub göndərib. Hərbi hissə komandirinin əmrinə əsasən, erməni hərbiçiləri Vahram Arakelyan, Vazgen Budoyan və Samvel Arustamyan müstəntiqin sərəncamına göndərilib.
“Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan isə orduda intihar hallarının da artdığını yazır. Erməni vəkil Ara Qaraqyozyan da vəçziyyətin acınacaqlı olduğunu, hakimiyyətin bunlara sükutla yanaşdığını vurğulayır: “Həqiqətən, baş nazir Nikol Paşinyanın ordu ilə bağlı dediklərindən sonra mənim üçün belə bir təəssürat yaranır ki, işlər haqqında ona yanlış hesabat verilir”. Ermənistan ordusunda baş verən işgəncələrə toxunarkən Ara Qaraqyozyan bildirib ki, . əvvəllər olduğu kimi, indi də işgəncə halları olur, lakin hakimlər işgəncə maddəsi ilə ittihamçı məhkəmə aktlarını həyata keçirməkdən yayınırlar: “Məsələn, Armen Ağacanyanın ölüm işi ilə bağlı müstəntiqə müraciət etmişəm ki, yenidən eskpertiza keçirilsin, lakin sonuncu imtina edib. Bundan sonra baş prokurora müraciət etmişəm, ondan müstəntiqin sizə izah etdiyi üç sətirlik bir cavabı almışam. Lakin artıq səs-küy qalxanda mən Erebuni prokurorundan bir qərar alıram ki, sizin vəsatətiniz haqlıdır, təmin edilir və yenidən ekspertiza təyin olunmalıdır. Yəni bu səs-küy olmasaydı, həmin iş elə də bağlanacağdı. Yəni əvvəllər olduğu kimi, indi də Ermənistanda həm orduda, həm də polisdə işgəncələr davam etdirilir”.
Erməni mediası isə məsələnin daha bir maraqlı tərəfinə diqqət çəkərək yazır ki, krminal ünsürlərin sayının orduda davamlı şəkildə artması da prosesə əsaslı surətdə təsir edir. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbçilər arasında alçaltma, fiziki və cinsi təzyiqlərə məruz qalma, özbaşınalıq nəticəsində baş verən cinayət hadisələrinin sayının durmadan artmasının bir səbəbi də məhz cinayətkarların orduya yol tapmasıdır. O da vurğulanır ki, xarici ölkələrdə cinayət əməli törətmiş yüzlərlə erməni məsuliyyətdən yayınmaq məqsədilə məhz ordu sıralarında gizlənir. Əvvəllər cinayət törətmiş əsgərlər, müqaviləli hərbi qulluqçular, hətta zabitlər barədə də dəfələrlə belə məlumatlar yayılıb. Bu günlərdə daha bir belə fakt məlum olub. Belə ki, 2019-cu ilin yayında Ermənistandan hərbi xidmətə çağırılan və hazırda işğalçı ordunun 6-cı dağ atıcı alayında xidmət edən Conin Yeremyan Rusiya Federasiyasında cinayət törədib. Məsuliyyətdən yayınmaq məqsədilə o, Rusiyadan qaçaraq Ermənistan ordusuna “pənah” gətirib. Belə şəxslərin orduda istənilən an cinayət törədə biləcək potensial ünsürlər olması erməni mediasında açıq etiraf olunur. “Hüquq və Azadlıq Mərkəzi” ictimai təşkilatının rəhbəri, hüquq müdafiəçisi Vardan Arutyunyan hesab edir ki, bu kimi insanlar orduya buraxılmamalıdır. Arutyunyan qeyd edir ki, Cinayət Məcəlləsində dəyişiklik edilməsi belə bu qəbildən olan ağır problemləri həll etmir. Onun sözlərinə görə, məsələnin həllinə tərbiyəvi üsullardan istifadə etməklə nail olmaq olar, ancaq bu, inqilabi yanaşma tələb edir: “Əminəm ki, 100% olmasa da, intiharların böyük əksəriyyəti qanunsuz qarşılıqlı münasibətlər səbəbindən baş verir. Bunun əsas və bir nömrəli səbəbkarı yuxarı və aşağı, xüsusilə də aşağı komandanlıq heyətidir. Bunu yumşaltmaq olar, ancaq tam ləğv etmək mümkün deyil. Çünki bizim ordumuz çar dövründən başlayaraq mövcud olan rus ordusunun göstəriciləri və anlayışları üzərində qurulub”. Arutyunyan qeyd edib ki, ən vacib məsələ çağırışa cəlb edilən gənclərin yaş həddinin 21 yaşa qaldırılmasıdır: “Ona görə ki, hələ formalaşmamış 18 yaşlı gəncin əlinə silah və atəş açma imkanı verildikdə, bu yaşda olan gənclər arasında müxtəlif münaqişələr və mübahisələr meydana gəlir, ancaq 21-22 yaşlı gənclər arasında bu problemlər yaranmır. Yaxud bu gənclər problemi həll etmək üçün atəş açma yolundan fərqli yolları axtarıb tapırlar. Məsələn, ABŞ-ın 21 yaşlı gənclərlə komplektləşdirilən ordusu var. İnsanlar tarix və yol keçiblər, öz gənclərinin dəyərini dərk edirlər. Rus ordusunda isə insanın heç vaxt dəyəri olmayıb. Eyni şeyi Orta Asiya və Ukrayna ordusu üçün də demək olar. İndi Ukraynada NATO standartlarına keçid edirlər. Düşünürəm ki, eyni qaydada yaş həddi də artırılacaq. Bu cür inqilabi qanun erməni parlamentində heç vaxt irəli sürülməyib. Bizim ordumuz fəqli standartlar üzərində qurulduğuna görə yaxın gələcəkdə bu ola da bilməz”. Erməni vəkil Norayr Norikyan da Ermənistan ordusunda vəziyyətin yaxşı olmadığını bildirir. O, orduda intihar halları və hökm sürən neqativ məqamların səbəbləri barədə danışarkən bildirib ki, ən vacib məsələ Ermənistan ordusunda cinayət davranışlarının mövcudluğudur:“Daha qlobal və kompleks həll zəruridir. Ən vacib problem silahlı qüvvələrdə cinayət davranışlarının mövcudluğu və qeyri-formal institutların varlığıdır. Bu institutların tətbiqi nəticəsində silahlı qüvvələrdə faciəvi hallarımız olur”. Erməni vəkil bildirib ki, orduya gəlir mənbəyi kimi baxan generallar da problemlərin həllinə imkan vermir. Bunu “e-Hayq” şirkətinin rəhbəri Vahaqn Poqosyan da təsdiq edir. O bildirib ki, erməni əsgəri siçovul kimi səngərdə oturub, azərbaycanlıların nə zaman fəallıq nümayiş etdirəcəyini gözləməməlidir, bunun üçün müvafiq texnika var: “İnnovasiyaların tətbiqi məsələsinin həllində irəliləyiş yoxdur. Ona görə ki, bu, biznes maraqları çərçivəsindədir. Həmin hərbi qulluqçular üçün nəzərdə tutulmuş yanacaqdan naharadək, kiminsə maraqları ilə bağlıdır. Hansı tərəfə addım atsan da kiminsə maraqları ilə toqquşursan və narazılıq yaranır”. Poqosyanın sözlərinə görə, innovasiya təşəbbüsləri məcburi qaydada öz biznes maraqları olan generalların müqavimətinə rast gəlir. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının informasiya şöbəsinin rəisi polkovnik Samvel Asatryan Poqosyanın bu xüsusda faktları Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının nümayəndələrinə təqdim etdiyini təsdiqləyib. Amma generallara qarşı hansısa tədbir görülməyib. Bütün bunlar erməni ordusunda hansı vəziyyətin mövcud oldduğunu əyani surətdə təsdiq edir. Görünən həm də budur ki, yaxın dövr ərzində erməni ordusunda acınacaqlı vəziyyət daha da pisləşməyə doğru gedəcək. Orduda cinayət hallarını sayının durmadan artması, qeyri-döyüş şəraitində itkilər, yüksəkçinli hərbçilərin orduya sadəcə gəlir mənəbyi kimi yanaşması və digər belə hallar da qeyd olunanların təsdiqidir. Təbii ki, bu şəraitdə ermənilərin Azərbaycan ordusu qarşısında duruş gətirməsi sadəcə mümkünsüzdür. Elə bu səbəbdən Qarabağ münaqişəsinin hərbi həlli gündəmə gəldiyi halda erməni tərəfi hansı böyük zərbələri alacağını yaxşı bilir. Azərbaycanın isə Ermənistana verdiyi vaxt limiti bitdiyindən, İrəvanın Qarabağ məsələsində artıq əməli addımlar atmasının vaxtı çoxdan çatıb. Əks təqdirdə düşməni ordumuzun sərt zərbələri gözləyir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.