MDB məkanında erməni diasporunun kifayət qədər aktiv olduğu məkanlardan biri qismində Ukraynanın çıxş etməsi heç kimə sirr deyil. Xüsusən də Ukraynada Viktor Yanukoviçin devrilməsindən sonra ermənilərin aktivlyinin burada kifayət qədər artdığı aydın müşahidə olundu.
O vaxtdan erməni diasporu Ukraynada çox aktivləşdi. Ermənilərin Ukrayna ictimai-siyasi həyatında aktivləşməsi burada azərbaycanlılar, onların diasporu üçün hətta müəyyən problemlər də yaratdı. Bu durumda erməni diasporu artıq Ukraynada Azərbaycan diasporunun əvvəlki kimi güclü olmaması, pərakəndə olması barədə təbliğatlara da aktiv şəkildə start verdi.
Məsələnin daha bir diqqətçəkən məqamı isə ermənilərin Ukraynada yüksək vəzifələrə də irəli çəkilməsi oldu. Xatırlatmaq yerinə düşərdi ki, Pyotr Poroşenko hökumətində iki nazir postu məhz ermənilərə verilmişdi. Bunlar daxili işlər naziri Arsen Avakov və infrastruktur naziri Vladimir Omelyan idi. Buna paralel olaraq, Maydan olayından sonra erməni biznesmenlərin Ukraynadakı aktivliyi də xüsusi hiss olunurdu. Araşıdrmalar isə göstərirdi ki, Ukraynada ermənilərlə azərbaycanlıların sayı təxminən eynidir. Ancaq ermənilər Ukraynada siyasi baxımdan daha fəal idilər. Təbii ki, bütün bunlar Azərbaycanda da diqqətlə izlənirdi. Bakı GUAM çərçivəsində tərəfdaşı olan bir ölkədə ermənilərin daha güclü mövqe sahibi olub, bundan Azərbayacana qarşı istifadə edilməsinə razılıq verə bilməzdi. Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri, əslində bu məsələdə artıq mühüm yeniliklərin olduğunu göstərdi. Azərbaycanın Ukrayna istiqamətində apardığı siyasət öz nəticələrini verdi.
Elə Ukraynada da aydın sezirlər ki, bu gün onlar üçün əsas tərəfdaş qismində Ermənistan yox, Azərbaycan çıxış edir. Bu mənada, Zelenskinin Azərbaycana səfəri tamamilə məntiqi xarakter daşıyırdı. Zelenski burada ilk növbədə nəzərə aldı ki, Azərbaycan onun ölkəsi üçün bir çox parametrlər baxımından xilaskardır. Məsələn, Azərbaycan investisiyaların yatırılması baxımından Ukrayna üçün vazkeçilməz ölkədir. Bu fonda Zelenski Azərbaycandan Ukraynaya investisiyaların artırılmasında maraqlı odlduqlarını açıqladı. Kiyev artıq Azərbaycan şirkətlərini Ukraynaya dəvət edib. Zelenski bildirir ki, Ukrayna investisiyaya açıq ölkədir və dost Azərbaycana qapılarını açmağa hazırdır. Bundan əlavə, Kiyev "Cənub Qaz Dəhlizi" layihəsinə maraq göstərir. Xatırladaq ki, energetika sahəsində SOCAR artıq uzun illərdir Ukraynada fəaliyyət göstərir. Şirkətin burada altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası var. Bundan sonra da SOCAR-ın Ukraynadakı fəaliyyətini genişləndirməsi üçün tərəflər arasında razılıq ələd olunub. İqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə 2018-ci ildə Kiyevdə Azərbaycan Ticarət Evi, dekabrın 17-də isə Bakıda Ukrayna Ticarət Evi açılıb. Cari ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz artaraq 712 milyon dollardan çox olub. Müqayisə üçün bildirək ki, eyni dövrdə Ermənistan və Ukrayna arasında ticarət dövriyyəsi 92,59 milyon dollar təşkil edib. Bu da 2018-ci ilin uyğun dövrü ilə müqayisədə 10 faiz azdır. Belə hal göstərir ki, Ermənistan Ukrayna üçün elə ciddi iqtisadi tərəfdaş deyil.
Eyni zamanda, Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı çıxış edir. Bu ölkənin nümayəndəsi noyabrın 15-də BMT-nin Baş Assambleyasında Krımda və Sevastopol şəhərində vəziyyətə dair qətnamə layihəsinin yenilənməsinin əleyhinə səs verib. Ermənistan vətəndaşlarının Krım yarımadasına səfərini də rəsmi İrəvan dolayı yolla müsbət qarşılayır. Ermənistan Xarici İşlər Nazirlyinin sözçüsü Anna Nağdalyan Ermənistan vətəndaşlarının Krıma səfəri ilə bağlı suala cavabında bildirib ki, rəsmi İrəvan ölkə vətəndaşlarının sərbəst hərəkət etməsinə mane olmur. Nazirlik ölkə vətəndaşlarına bu kimi ərazilərə səfər etməməyi heç məsləhət də görməyib. Bu, Ermənistanın Ukraynaya qarşı təxribatı da sayıla bilər. Amma Azərbaycan tamam fərqli davranır. Azərbaycan bütün beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Eyni mövqe Ukrayna tərəfindən də sərgilənir. Bu xüsusda Zelenski Bakıda olarkən bildirib: “Biz burada Dağlıq Qarabağ münaqişəsi və Ukraynanın şərqində baş verən münaqişəni müzakirə etdik. Biz bir-birimizi ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində də dəstəkləyirik. Burada söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpadan gedir. Bu baxımdan bu prinsip həm ikitərəfli təmaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bizim əməkdaşlığı özündə ehtiva edir. Bu bizim ölkələrimizin arasında olan münasibətlərin səviyyəsinin göstəricisidir. Biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik”.
Bütün bunlar fonunda Ukrayna prezidentinin Qafqaz ölkələrində ilk səfərini məhz Azərbaycana etməsi də təbii qarışlana bilər. Xatırladaq ki, Zelenskinin Bakı səfərindən öncə onun Cənubi Qafqazda niyə yalnız Azərbaycana səfər etdiyi haqda Ukrayna və Ermənistan mediasında müzakirələr açıldı. Rəsmi Kiyevin məlumatında qeyd olunurdu ki, prezident Tiflisdəki etirazlara görə Gürcüstana getmir, səfər Azərbaycana ediləcək. Erməni mediası səfər marşrutunda Ermənistanın adının belə çəkilməməsini qəzəblə qarşılamışdı. İndi Zelenskinin Bakı səfəri Ukrayanın Azərbaycanla əməkdaşlığını dinamik şəkildə inkişaf etdirməkdə maraqlı olduğunu üzə çıxarır. Təbii ki, bu hal Azərbaycanın da Ukranyada möhkəmlənməsi deməkdir. Belə vəziyyətdə erməni diasporunun Ukraynada mövqelərinin əhəmiyyətli dərəcədə zəiflməsəi də qaçılmaz sayılır. Qarşıdakı dövrdə Ukraynada yaşayan Azərbaycan icmasının mövqelərinin əhəmiyyətli dərəcədə güclənməsini gözləmək olar. Bütün bunlar Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən məqamlar sırasında yer alır.
Ramil QULİYEV