İsveçrənin Cenevrə şəhərində dünyanın qaçqın böhranının həlli ilə bağlı üçgünlük sammit keçirilib. Minlərlə nümayəndə heyəti, o cümlədən 100 ölkədən nazirlər Birləşmiş Millətlər Təşkilatının Qlobal Qaçqın Forumunda iştirak ediblər. Onlar münaqişələr səbəbilə evlərindən didərgin düşən on milyonlarla qaçqına yardım etməyin yollarını müzakirə ediblər.
Avropanın qaçqın böhranı artıq əvvəlki qədər müzakirə olunmasa da, minlərlə miqrant hələ də daha yaxşı həyat axtarışında Avropa sahillərinə gəlməyə davam edir. Avropa İttifaqının sərhəd ölkələrində, məsələn, Bosniyada müvəqqəti düşərgələrin sayı artmaqdadır. Bu düşərgələr Avropanın sərhədlərini gücləndirməyə davam etdiyi bir vaxt insanların Qərbdə yeni həyat qurmaq xəyallarının qırıldığını əks etdirir.
Türkiyə üç milyon yarımdan çox qaçqına evsahibliyi edir. Onların əksəriyyəti Suriyadakı müharibədən qaçıb. Prezident Rəcəb Tayyib Ərdoğan da Cenevrədəki forumda iştirak edənlər arasında olub. Qaçqın böhranı təkcə Avropa ilə məhdudlaşmır. Banqladeşdə çadırlarda hərbi hücum nəticəsində Myanmadan qaçan 750 minə yaxın Rohinca qaçqını yaşayır.
Maraqlıdır ki, söügedən tədbirdə Azərbaycanın heç adı çəkilməyib. Hansı ki, Azərbaycanda 262 min qaçqın var. Maraqlıdır, Azərbaycan həmin tədbirə dəvət edilibmi?
İbrahim Mirzəyev: “Qaçqınlarla bağlı məsələyə digər qurum baxır”
Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyevlə əlaqə saxladıq. O bu məsələnin onların səlahiyyətində olmadığını bildirdi: “Biz məcburi köçkünlərlə bağlı məsələyə baxırıq. Qaçqınlarla bağlı məsələyə digər qurum baxır. Əvvəllər qaçqınlarla bağlı məsələ QMKİDK-nin səlahiyyətində idi. Artıq buna Dövlət Miqrasiya Xidməti baxır. Onlardan öyrənin”.
Miqrasiya Xidməti: “DMX-nin rəisi Vüsal Hüseynov forumun plenar sessiyasında çıxış edərək qaçqınların sayının, eləcə də...”
Dövlət Miqrasiya Xidmətindən isə “Bakı-Xəbər”ə bildirildi ki, tədbirdə Azərbaycan da iştirak edib: “Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və İsveçrə Hökumətinin birgə təşkilatçılığı ilə dekabrın 17-18-də Cenevrədə keçirilən ilk Qlobal Qaçqın Forumunda (QQF) iştirak etmək üçün İsveçrədə səfərdə olub. Forumun həmtəşkilatçıları qismində iştirak edən Türkiyə və Kosta-Rika Prezident, Pakistan, Efiopiya, Almaniya isə müvafiq olaraq Baş nazir, Baş nazirin müavini və Xarici İşlər naziri səviyyəsində təmsil olunublar. Forumun məqsədi dünyada artan qaçqın probleminə ən yüksək səviyyədə diqqəti yönəltmək, eləcə də bu problemin həllində dövlətlərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Bu fəaliyyətlərə qaçqınlara davamlı dəstəyin göstərilməsi, onların cəmiyyətə inteqrasiyası üçün qanunvericilikdə və siyasətdə dəyişikliklərin edilməsi və sair kimi əhəmiyyətli addımlar daxildir. DMX-nin rəisi Vüsal Hüseynov forumun plenar sessiyasında çıxış edərək qaçqınların sayının, eləcə də ehtiyaclarının artdığını, lakin görülən tədbirlərin mövcud vəziyyətlə ayaqlaşa bilmədiyini diqqətə çatdırıb. Azərbaycan Hökumətinin Qaçqınlar üzrə Qlobal Paktı dəstəklədiyini bildirən xidmət rəisi ölkəmizin də qaçqın axınları ilə bağlı acı təcrübəyə sahib olduğunu, Dağlıq Qarabağ regionu və ətraf ərazilərin Ermənistanın işğalı nəticəsində hökumətin bir milyondan çox qaçqın və məcburi köçkünü qəbul etdiyini vurğulayıb. Xidmət rəisi Ermənistanın davam edən işğalçılıq və aqressiya siyasəti nəticəsində yüz minlərlə insanın öz yurd-yuvalarına qayıda bilmədiyinə diqqət çəkib. Forumda, eləcə də görüşlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov və əməkdaşları, eləcə də Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər idarəsinin rəisi Əlimirzamin Əsgərov iştirak ediblər”.
Vidadi ORDAHALLI