Külli miqdarda dövlət vəsaitini mənisəməkdə ittiham olunan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulub. Bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin sözçüsü Marina Ohancanyan bildirib: “Sarkisyanın əmlakına və cinayət işində adı keçən “Flash” kompaniyasının rəhbəri Barseq Beqlaryanın mülklərinə həbs qoyulması barədə qərar verilib”.
Bundan əvvəl Ermənistanın Xüsusi İstintaq Xidməti Sarkisyanı 1 milyon dollardan çox pul oğurlamaqda ittiham edib. Keçmiş dövlət başçısı özünə qarşı bu işi siyasi təqib hesab edib.
İstintaq materiallarına əsasən, qanun pozuntuları kəndlilərə əlverişli qiymətlərlə dizel yanacağının satılmasını nəzərdə tutan hökumət proqramı çərçivəsində törədilib. Belə ki, Sarkisyan öz tabeliyində olanlara dizel yanacağı tədarükçüsü kimi “Flash” kompaniyasını seçməyi tapşırıb. Halbuki, “Masxur” adlı digər şirkət daha uyğun qiymətlərlə öz xidmətlərini təklif edibmiş.
Məlum olduğu kimi, Sarkisyan hazırkı hakimiyyətə qarşı sərt müxalif mövqedə dayanan siyasətçidir. Onun yaxın silahdaşı olan, “Qarabağ klanı”nın digər aparıcı fiquru, eks-prezident Robert Köçəryan hazırda həbsdədir. Bununla sübut olunur ki, adını demokrat qoyan Paşinyan öz siyasi rəqiblərinə qarşı bütün mümkün inzibati rıçaqlardan istifadə edərək, təsir göstərir. Paşinyanın bu addımlarına başqa hansı adı vermək olar?
Hatəm Cabbarlı: “Belə davranış Ermənistandakı müxalifəti daha sıx birləşməyə vadar edə bilər”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyan təxminən iki ildir hakimiyyət zirvəsində olsa da, daşları tam yerinə otuzdura bilməyib: “Bildiyiniz kimi, Paşinyan hakimiyyətə gələndən dərhal sonra Ermənistanın sabiq prezidenti Robert Köçəryanla bağlı cinayət işi qaldırdı və onu həbsə yolladı. Sonra məhkəmənin qərarı ilə Köçəryan iki dəfə həbsdən azad edildi və üçüncü dəfə yenidən həbsə atıldı. Bu inadkarlıq sübut edir ki, məsələdə hüquqdan çox siyasi istək nəzərə çarpır. Nikol Paşinyan təcrübəli siyasətçi olmadığı üçün, ölkənin daxili siyasətinə tam nəzarət etməyin yolunu real rəqiblərini neytrallaşdırmaqda görür. Köçəryanı bir şəkildə proseslərdən kənarlaşdıra bilib. Amma ona müxalif olan Respublikaçılar Partiyasının sədri, eks prezident Sarkisyanla bağlı bu addımı ata bilmir. Çünki bilir ki, iki eks-prezidenti həbs etdirməyin dünyada böyük rezonansı ola bilər. Ancaq ona təzyiq üçün müxtəlif üsullara əl atır. Tenderlə bağlı ortaya atılan versiya da buna sübutdur. Böyük ehtimalla, Sarkisyana qarşı qaldırılan iddianın hüquqi əsasları da var. Hətta onun hakimiyyətdə olduğu dönəmdə böyük maxinasiyalar etdiyi də şübhə doğurmur. Sarkisyana qarşı bu qədər təzyiq heç də şəffaflığın təmin olunmasına deyil, hakimiyyətin möhkəmlənməsinə xidmət edir. Görünür, bütün ictimai qınaqları da kənara qoyan Paşinyan Sarkisyanı da həbsə göndərməyə hazırlaşır”.
Ekspertin sözlərinə görə, Sarkisyan dönəmində hakimiyyətlə yaxın olan oliqarxlara qarşı niyə cinayət işlərinin açılmaması da maraqlı görünür: “Bir daha sübut olunur ki, burada siyasi mübarizədən söhbət gedir. Amma özünü demokrat sayan Paşinyan bu mübarizəni çox primitiv və qəbul edilməyən qaydalarla aparır. Sarkisyan həbs ediləndən sonra onun komandasında təmsil olunan bir çox şəxsə qarşı da cinayət işlərinin qaldırılacağı qaçılmazdır. Bütün inqilablar nəticəsində belə hadisələr yaşanır. Hələlik Paşinayan addımlarını hüquqi çərçivədə həyata keçirməyə çalışır. Belə davranış Ermənistandakı müxalifəti daha sıx birləşməyə vadar edə bilər. Həbslər bu şəkildə davam edərsə, bu, Ermənistanda demokratiyanın tam məhv olması anlamına gələcək. Təbii ki, Paşinyan hakimiyyətinin beynəlxalq imici üçün də təsirsiz ötüşməyəcək”.
Məhəmmədəli QƏRİBLİ