ABŞ Nümayəndələr Palatasının bir sıra konqresmenlərinin "Ermənistan Fondu”nu dəstəkləməsi xarici müdaxilə ilə bağlı qalmaqala gətirib çıxara bilər. Bu barədə "The Daily Wire”də dərc olunmuş məqalədə deyilir. Məqalədə uzun müddət erməni lobbisini dəstəkləyən qanunvericilərin ikili standartlar mövqeyi tutması ifşa edilir.
Nümayəndələr Palatasının üzvü Adam Şiff başda olmaqla Konqresdə Trampın impiçmenti üzrə işin araşdırılması ilə məşğul olan bir qrup qanunverici Amerika KİV-ində Tramp administrasiyasının güman edilən korrupsiyasının və başqa dövlətin rəhbərliyinin ABŞ-da seçki prosesinə cəlb edilməsinin təhqiqatı ilə bağlı "xəbərlər yaratmaqda” davam edir. Müəllif qeyd edir ki, Adam Şiff və onun həmkarları əvvəlcə "öz evlərində qayda yaratmalıdırlar”: "Belə adlandırılan Ümumerməni "Hayastan” fondu ("Ermənistan fondu”) yaxın vaxtlarda keçirdiyi illik telemarafon zamanı cəmi 10 milyon dollar yığıb. Xatırladaq ki, bir il bundan əvvəl fondun direktoru Ara Vardanyan ona etibar edilmiş maliyyə vəsaitlərindən qanunsuz istifadəyə, pul vəsaitlərini israf etdiyinə görə ittiham üzrə həbs edilib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə həmin telemarafon zamanı 11,1 milyon dollar, 2017-ci ildə 12,5 milyon dollar, 2016-cı ildə 15,4 milyon dollar, 2008-ci ildə isə 35 milyon dollar yığılmışdı. Göründüyü kimi, məbləğ azalmaqda davam edir”.
Müəllif vurğulayır ki, məsələn, demokratlar Adam Şiff, Ceki Şpeyer, Frenk Pallone, Tulsi Qabbard və Bred Şerman illər boyu bu "azalan fond”un tərəfdarları və telemarafonun qonağıdırlar. Onlar hamısı Trampın impiçmentinin qızğın tərəfdarlarıdır.
Məqalədə qeyd olunur ki, bu demokratların belə fəal dəstəklədiyi "Ermənistan fondu”nun özünün ABŞ-ın daxili işlərinə xarici müdaxilədə əli var: “Artsax” termini ermənilər tərəfindən Dağlıq Qarabağ - BMT-nin Ermənistanı pisləyən qətnamələrinə rəğmən erməni qoşunları tərəfindən işğal edilmiş Azərbaycan ərazisi barəsində istifadə olunur.
Erməni fondu “məktəblər, yollar, xəstəxanalar və ictimai mərkəzlər” kimi infrastruktur layihələrini gözə soxarkən, əslində, olmağı planlaşdırdığı “məsum humanitar qrup”dan bir qədər uzaqlaşır. Fondun filialları özündə ABŞ-ın Ermənistan və Dağlıq Qarabağı daha çox maliyyələşdirməsi üçün Konqresdə kampaniya aparan iki siyasi lobbini – Amerika Erməni Məclisini, Amerika Milli Erməni Komitəsini (ANCA) cəmləşdirir. Erməni lobbilərinin fəaliyyətləri, əsas etibarilə, Ermənistan və Azərbaycanı sülhdən uzaqlaşdırmağa, o cümlədən, ANCA-nın Madrid prinsiplərini rədd etməsinə xidmət edir. Ermənistan Fondunun rəhbəri Vardanyanın 2018-ci ilin iyul ayında həbs edilməsi artıq ictimaiyyəti siyasi cəbhə kimi aldadan bir qurumdakı korrupsiyanı ifşa etdi. Fonda qoyulan ianələrin azalması postsovet ölkələrindən ən az müstəqil olan Ermənistanın kiçilməsini daha geniş miqyasda əks etdirir”.
O da məlum olub ki, adıçəkilən konqresmenlər vəsait yığımı və lobbiçilik üzrə erməni-amerika aparatından uzaqlaşmasalar, onlar praktik olaraq xarici təsir və Prezidentin impiçmenti haqqında müzakirələrdə cəmiyyətin etimadını qazana bilməyəcəklər.
Əslində, sözügedən konqresmenlərin erməni lobbisinin təsiri altına düşüb korrupsiyaya bulaşması yeni hadisə deyil. Çünki onların davamlı olaraq ermənilərin maraqlarından çıxış etməsi bunun göstəricisi idi. Sadəcə, hər dəfə bu, ustalıqla gizlədilirdi. Təəsüflər olsun ki, ABŞ rəsmiləri vaxtında bunu görmədilər. Məsələ ondadır ki, adətən, Konqresə keçirilən seçkilər zamanı namizədlərin fondları olur. Ştatın vətəndaşları hansı namizədə dəstək verirlərsə, seçki kampaniyası zamanı həmin namizədin fonduna vəsait köçürə bilər. Qanun buna məhdudiyyət qoymur. ABŞ-da ermənilərin kompakt yaşadığı ştatlarda namizədlər bu cür ələ alınıb. Yəni ermənilər hər seçki dönəmində həmin konqresmenlərin kampaniyasına maddi dəstək verməklə, sonrakı dövrdə konqresmenlərdən öz məqsədləri üçün istifadə edirlər. Erməni lobbisi bir sıra konqresmenləri məhz bu cür ələ alıb.
Ancaq indi bəlli olur ki, məsələ təkcə bununla məhdudlaşmayıb. Adam Şiff, Frenk Pallone kimi məşhur ermənipərəst konqresmenlər "Hayastan” fondundakı mənimsəmələrdə bu və ya digər dərəcədə iştirak ediblər. Mənimsənilən vəsaitdən onlara da “pay” düşüb. Səslənən faktlar açıq-aşkar adıçəkilən konqresmenlərin korrupsiyaya bulaşmasının göstəricisidir. Bu isə birbaşa qanuna zidd olmaqla yanaşı, ABŞ-ın imici üçün ciddi ləkədir. O üzdən, qanunlara hörmət edilsə, həmin konqresmenlərin yenidən seçilməsi mümkün deyil. İllərlə Azərbaycan və Türkiyə siyasiləri bir sıra konqresmenlərin erməni lobbisi ilə əlaqələrində qaranlıq məqamların olduğunu desələr də, qarşı tərəf bu fikirlərin siyasi motivlərlə bağlı olduğunu əsas götürərək buna ciddi yanaşmadı. Maraqlıdır, bəs son yaşanan biabırçılıqlara nə ad verəcəklər?!
Vidadi ORDAHALLI