Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edib.
Ölkəmizdə elektrik enerjisinin istehsalının, istehsal güclərinin artdığını bildirən Prezident İlham Əliyev deyib ki, son illərdə bir çox yeni elektrik stansiyaları tikilib. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və eyni zamanda, ixrac imkanları da yaradılıb. İlk növbədə, “Şimal-2” Elektrik Stansiyasının fəaliyyətə başlamasını önəmli hadisə adlandıran Prezident gücü 400 meqavat olan stansiyanın fəaliyyəti ilə maraqlanıb.
Baba Rzayev deyib ki, bu, Cənubi Qafqazda yük rejimindən asılı olaraq 214-216 qram xüsusi şərti yanacaq işlədən yeganə yarımstansiyadır. Yəni çox qənaətcildir və onun faydalı iş əmsalı 57,4 faizdir. İl ərzində 3,2 milyard kilovat-saat enerji istehsal edir.
Daha sonra Prezident “Azərbaycan” İstilik Elektrik Stansiyasının təmir-bərpa işləri barədə soruşub. Baba Rzayev deyib ki, beş blokda yenidənqurma işləri artıq başa çatıb. Bundan başqa, 500 kilovoltluq açıq paylayıcı qurğu tamamilə yenidən qurulub, 330 kilovoltluq paylayıcı qurğuda isə işlərin 80 faizdən çoxu icra olunub. Bu, qəzaların qarşısını tamamilə almağa kömək edəcək.
Stansiyanın strateji obyekt olduğunu xatırladan Prezident deyib ki, keçən ilin yayında baş vermiş qəza, əlbəttə ki, bizə çox baha başa gəldi. Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri ziyan çəkdi. Ona görə qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradıldı və səhlənkarlığa, pozuntulara yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı. Ona görə məhz bizim strateji obyektimiz olan Mingəçevir Elektrik Stansiyasının bərpası və qəzadan özümüzü sığortalamaq məsələləri “Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifə kimi dayanmışdır. Eyni zamanda, 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi bizim enerji generasiya güclərimizin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir.
”Sevindirici hal ondan ibarətdir ki, Azərbaycana investisiya qoymaq istəyən şirkətlər öz aralarında rəqabət aparırlar. Vaxtilə biz investorları inandırmağa çalışırdıq ki, gəlib vəsait qoysunlar. Ancaq indi investorlar özləri maraq göstərirlər” – deyən Prezident İlham Əliyev bildirib ki, tenderin qalibini açıq və şəffaf tender şərtlərinə uyğun müəyyən etməliyik:”Çünki söhbət təqribən 400-500 meqavat gücündə bərpaolunan elektrik stansiyalarının inşasından gedir”.
Keçən il Azərbaycanda dövlət xətti ilə yaradılmış külək elektrik stansiyasının fəaliyyətilə maraqlanan Prezidentə bildirilib ki, Bakı-Quba magistralının sağ tərəfində - təzə yolla köhnə yolun arasında 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının artıq bütün layihə-smeta sənədləri hazırlanıb, torpaqların alınması, ötürmə xətləri məsələləri həll edilib və “Vestas” şirkəti bu işə cəlb olunub.
Prezident İlham Əliyev hazırda buna ehtiyac olduğunu deyib:”Çünki bizim indi generasiya gücümüz daxili tələbatdan daha böyük həcmdə istehsal olunur. Bu da təbiidir. Çünki həmişə bizdə ehtiyat olmalıdır və eyni zamanda, yaradılmış şərait imkan verir ki, biz elektrik enerjisini ixrac edək və bu gün bu sahə ölkəmizə valyuta gətirir. İxrac da olmalıdır, daxili tələbat da təmin edilməlidir. Ancaq biz hamımız onu da bilməliyik ki, daxili tələbat artır və artacaq. İlk növbədə, artan əhali təbii ki, yeni güclərin işə salınmasını diktə edir, digər tərəfdən, ölkəmizə gələn xarici qonaqlar, onların sayı artıq bu il 3 milyonu keçibdir və təbii ki, bu xidmət sektorunda mövcud olan enerji potensialı daha da artmalıdır və əlbəttə ki, əsas məsələ artan sənayedir. Bu il qeyri-neft sektorumuzda sənaye istehsalı 14 faiz artıbdır və bizim sənayeləşmə ilə bağlı olan digər layihələr bu gün reallaşır. Sənaye parkları, sənaye zonaları, yeni sənaye müəssisələri yaradılır ki, bütün bunlar enerji tələb edir. Ona görə biz öz strateji addımlarımızı elə atmalıyıq ki, daim Azərbaycanın tələbatı, o cümlədən sənaye istehsalı ilə bağlı olan tələbat enerji generasiya gücləri ilə, yarımstansiyalarla, ötürücü xətlərlə təmin edilsin ki, heç bir problem olmasın. Necə ki, bu gün heç bir problem yoxdur. Ona görə əminəm ki, gələn il də “Azərenerji” və onun bütün kollektivi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirəcək və Azərbaycanda enerji dayanıqlılığı daim təmin ediləcəkdir”.