Təəssüflə qeyd etmək lazımdır ki, ABŞ Senatı Osmanlı imperiyasında baş verən hadisəni "soyqırım" kimi tanımaq haqqında qətnamə qəbul etdi. Özü də yekdil bir şəkildə səsvermə nəticəsində.
Xatırladaq ki, bu ilin oktyabr ayında Nümayəndələr Palatasında bu qətnamə 405 səs lehinə, 11 səs əleyhinə qəbul edildi. O vaxt Senatın bu qərarı qəbul edəcəyi elə də inandırıcı görünmürdü. Çünki əvvəllər də bu qətnamənin qəbul edilməsi ilə bağlı cəhdlər olmuşdu və Senatda çoxluq təşkil edən respublikaçılar bunun əleyhinə çıxaraq təklifin keçməsinə imkan verməmişdilər. Nəticədə bu proses on illərlə davam etdi. Çünki ABŞ Türkiyə kimi bir tərəfdaş və NATO blokunun üzvü olan dövlətlə münasibəti pozmurdu. Lakin son vaxtlar Türkiyə-Rusiya yaxınlaşması və məlum “S-400” qalmaqalı və bir sıra siyasi məsələlər bu qətnamənin qəbul edilməsində mühüm bir rol oynadı.
Qeyd edək ki, ABŞ-ın, demək olar ki, ştatlarının hamısı saxta “soyqırımı” tanıyıb. Ancaq ABŞ-ın məhz bu məsələdə belə prinsipiallıq nümayiş etdirməsinin başqa səbəbinin olduğu da bildirilir. Bununla ABŞ Ermənistanı Rusiyanın cazibəsindən qoparmağa çalışır. Belə aydın mesaj verir ki, biz sizə görə ənənəvi müttəfiqimizlə də münasibəti korlamağa hazırıq. Bəs bunun müqabilində Ermənistan nə etməlidir? Ermənistandan da tələb edilir ki, onlar Rusiyadan aralanıb, ABŞ-a doğru konkret kurs götürsünlər. ABŞ-la Ermənistanın müəyyən dairələri arasında bu yöndə bir gizli sövdələşmənin olması da nəzərə çarpır. Bu sövdələşmənin nəticəsidir ki, Ermənistandan saxta “soyqırım” mövzusunda səslənən fikirlərdə Rusiyanın da bostanına daş atılmağa başlayıb. Həmin fikirlərdə iddia olunur ki, saxta “soyqırım”ı Türkiyə tək yox, Rusiyanın dəstəyilə törədib. ABŞ bununla Ermənistanı Rusiyanın əlindən alıb öz cazibəsinə sala biləcəkmi?
Ermənistanın inqilab nəticəsində hakimiyyətə gələn Baş naziri Nikol Paşinyan əvvəlcə anti-Rusiya mövqeli siyasətçi kimi tanınırdı. Hətta hakimiyyətinin ilk günlərində Rusiyaya yönəlik bəzi sərt addımlar da atmaq istədi. Buna misal kimi KTMT-nin Ermənistandan seçilən baş katibini həbsə atdırması oldu. Rusiyanın bir vassalının belə davranışlarına Moskva tərəfindən lazımınca qulaqburması verildi. Rusiyanın əlində Ermənistana təzyiq etmək üçün kifayət qədər təsir mexanizmlərinin olduğunu bilən Paşinyan bir az özünə yığışdı. Hətta ABŞ-ı sərt qəzəbləndirə biləcək bəzi addımlar da atdı. Buna misal kimi Rusiya ilə birlikdə Suriyaya sülhməramlı kontingenti göndərməsini göstərə bilərik. ABŞ-a məlum oldu ki, Paşinyan sırf Rusiyanın diqtəsi ilə oturub-duran bir marionet rolunu oynayır. Məhz buna görə də Paşinyan ABŞ-a etdiyi bir neçə səfəri zamanı rəsmi səviyyədə qəbul olunmadı. Hazırda da ABŞ-Ermənistan münasibətləri çox gərgin vəziyyətdədir. Ancaq hiss olunur ki, ABŞ bununla bağlı Ermənistana yönəlik bir layihə işə salıb. Rəsmi Vaşinqtonun saxta “soyqırım”a göstərdiyi diqqət nə qədər Türkiyə ilə aralarında olan narazılıqla bağlıdırsa, bir o qədər də Ermənistanı Rusiyadan qoparmağa hesablanıb. ABŞ bununla bağlı hətta Paşinyanı çətin vəziyyətdə qoya biləcək jestlər edir. Təbii ki, saxta “genosid”in müzakirəsilə bağlı daimi təşəbbüslər Ermənistan hakimiyyətindən yox, xaricdəki diasporundan gəlir. Dünyadakı güclü erməni diasporunun Ermənistan hakimiyyətinə ciddi təsiri var. ABŞ-ın bu jesti həm də diaspora imkan verəcək ki, Paşinyanı Vaşinqtona doğru oriyentir götürməklə bağlı dalana dirəyə bilsin.
Məhəmmədəli QƏRİBLİ