Artıq bir neçə gündür Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Fərhad Əhmədovun sosial şəbəkələr vasitəsilə təklif etdiyi “yol xəritəsi” ətrafında gərgin müzakirələr gedir. Milyarderin təhqir və bəzən isə lağlağı ifadələrdən istifadə edərək, Azərbaycan cəmiyyətinə verdiyi “məsləhətlərə” münasibət birmənalı olmayıb. Hətta bu mövqeyinə görə onu tənqid edənlər, qınayanlar da az deyil.
Maraqlıdır ki, məhz F.Əhmədovun adı ətrafında müzakirələrin getdiyi bir zamanda Türkiyənin Xarici İşlər naziri milyarderin böyük xidmətlərindən danışıb. Mövlud Çavuşoğlu müsahibəsində Ankara ilə Moskva arasında barışığın əldə edilməsi üçün vasitəçilik köməyi göstərənlərdən birinin də F.Əhmədovun olduğunu deyib. Çavuşoğlu iki ölkə arasındakı münasibətlərdə böhranın aradan qaldırılmasında bir çox şəxsin rolunun olduğunu qeyd edib. Bunların arasında Azərbaycan Prezidenti İlham Əliyevin, Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipovun, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin və azərbaycanlı iş adamı, Rusiya Federasiya Şurasının keçmiş üzvü F.Əhmədovun da yer aldığını deyib. Çavuşoğlunun sözlərinə görə, Dağıstanın sabiq rəhbəri R.Abdulatipov, habelə Tatarıstan rəhbəri Rüstəm Minnixaov kimi xadimlər doğrudan da səmimi səylər göstərdilər: "Nursultan Nazarbayevin xüsusən prosesin son mərhələsində oynadığı rol barədə dəfələrlə danışmışıq. Eyni səyləri Azərbaycan Prezidenti İlham Əliyev də göstərdi. Çünki hər iki ölkə - Qazaxıstan, Azərbaycan Türkiyəyə qardaş ölkələrdir. Türkiyə və Rusiya ilə münasibətlərinə də hər zaman önəm verirlər. Bu səbəbdən onlara bir daha təşəkkür edirik”.
Çavuşoğlu bildirib ki, Azərbaycanda Əliyevdən başqa Xarici İşlər naziri Elmar Məmmədyarov da eyni şəkildə öz düşüncələrini ifadə edirdi. Türkiyə XİN rəhbəri danışıb ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da barışıq prosesinə dəstək verib: "Azərbaycanın Fövqəladə hallar naziri K.Heydərov var, mənim dostumdur. Mənim də tanıdığım bəzi rusiyalı dostlarımızla bizi görüşdürdü, hansı addımlar atıla biləcəyinə dair qeyri-rəsmi fikir mübadiləsi apardıq”.
Çavuşoğlu iş adamı F.Əhmədovun rolu haqda da danışıb, onun Prezident Ərdoğanla görüşərək Rusiya Prezidentinə məktub yazmaq haqda təklif verdiyini deyib: "Keçmiş rusiyalı senator, mənim AŞPA-dan dostum, Azərbaycan əsilli F.Əhmədov var. Fərhad Rusiyada böyüyüb, iqtisadi baxımdan güclənib, senatorluq edib. Sonra bir ara Azərbaycana döndü. Azərbaycanı da, Türkiyəni də, Rusiyanı da çox sevir. Putinlə də yaxın çalışma içərisində olub, onu yaxından tanıyır. Məsələn, məktub məsələsində gəlib Prezidentimizə təklif etdi. Dedi ki, Putinə məktub yazsa, bu məktub başqa insanların gəlib-getməsindən daha təsirli ola bilər. Prezidentimizə məktub vasitəsilə nəticə əldə edilə biləcəyini anlatmışdı. Həmin görüş də bu məktubun getməsindən təxminən bir ay əvvəl olmuşdu. Məktubun çərçivəsinə baxdıqda F.Əhmədovun da dedikləri orada yer alır. Putini dost kimi yaxından tanıyan biri kimi Əhmədovun təklifləri doğrudan da təsirli oldu. Ona çox təşəkkür edirik. Çünki F.Əhmədov həm Azərbaycanı, həm Türkiyəni, həm Rusiyanı çox sevir. Beləcə, üç ölkəni də sevən və səmimi səylər göstərən başqa dostlarımız da oldu”.
Əvvəla Çavuşoğlunun məhz bu məqamda F.Əhmədovun personasına belə yüksək qiymət verməsi çox maraqlıdır. Adları çəkilən digər dövlət adamlarının prosesə təsir göstərə bilməsi mümkündür. Hətta bu barədə çox danışılıb, ancaq F.Əhmədovun belə bir missiyanı uğurla həyata keçirməsi ilə bağlı xəbər isə indiyə qədər müzakirə olunmayıb. F.Əhmədovun dövlətlərarası müstəvidə bu qədər nüfuzu ola bilərmi?
Qabil Hüseynli: “Amma hazırda Fərhad Əhmədov həmin nüfuzda deyil”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, M.Çavuşoğlunun dediklərində həqiqət payı az deyil: “Bunu deyən rəsmi adamdır. Türkiyə Prezidenti ilə bağlı yaşanan hadisələri danışır. Təbii ki, burada yalan olmaz. Bu məsələdə Çavuşoğlu olmayanları söyləsə, Rusiyanın da sərt etirazı olar. Çavuşoğlunun mövqeyi həm də rəsmi sayılır. F.Əhmədovun Putinlə münasibətləri çox yaxşı olub. Məhz buna görə o, yeganə azərbaycanlıdır ki, Rusiya parlamentinin yuxarı palatasında senator kimi təmsil olunub. Bunu ona göstərilən böyük etimadın göstəricisi kimi qəbul edə bilərik. Ancaq sonradan onun adı bir sıra xoş olmayan qalmaqallarda hallanmağa başladı. Xüsusilə də həyat yoldaşı ilə bağlı yaşananlar ona olan münasibəti dəyişib. Yəni hiss olunur ki, onun Rusiya hakimiyyətinin yanında əvvəlki nüfuzu qalmayıb. Burada maraqlı olan detal Çavuşoğlunun niyə məhz indiki məqamda F.Əhmədovdan danışmasıdır? Görünən budur ki, bunu F.Əhmədovun özü Türkiyədən xahiş edib. Görüb ki, yazdığı yazı Azərbaycanda birmənalı qarşılanmayıb, buna görə də qorxub Türkiyəyə müraciət edib. Sanki imdad diləyib. Bəlkə də bu reaksiyanı gözləmirmiş. Görünən budur ki, yazdığının arxasında sona qədər durmağı bacarmayacaq. Hətta fikirlərindən imtina da edə bilər. O vaxt Rusiya ilə Türkiyənin arasını düzəltməyə bir çox adam çalışırdı. Görünür, bir kanal da bu olub. Amma hazırda F.Əhmədov həmin nüfuzda deyil”.
Məhəmmədəli QƏRİBLİ