Amerikanın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. Sözügedən reytinq ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı Pensilvaniya Universitetinin “BAV Group i Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilib.
Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Yəni sözügedən parametrlər əsasında reytinq cədvəli hazırlanır.
Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Diqqətçəkən məqamlardan biri odur ki, ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa İttifaqı ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.
Reytinqə görə, ilk üçlükdə ABŞ, Rusiya və Çin olub. İlk onluqda isə Almaniya, İngiltərə, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistan və Cənubi Koreya da yer alıb.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan ötən illə müqayisədə 19 pillə irəliləyib. 2018-ci ildə hazırlanan siyahıda Azərbaycan 64-cü yerdə idi.
Bütün bunların fonunda, Azərbaycanın dünyada 80 ölkə arasında 45-ci olması nə deməkdir? Bu zaman nə başa düşülür?
“2017-ci illə müqayisədə dövlət büdcəsinin xərcləri hardasa 60 faizə qədər artdı”
Sözügedən məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifov bununla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Azərbaycanın 80 ölkə arasında gücünə görə 45-ci olması bir sıra göstəricilərə görə əhəmiyyətli dərəcədə irəliləməsi ilə bağlıdır. Bunun başlıca səbəbi ölkədə aparılan sistemli islahatlardır. Görünən odur ki, ortada islahatların ciddi nəticəsi var. Bu onu göstərir ki, islahatların nəticələri getdikcə yaxşılaşır və miqyası böyüyür. Məsələ ondadır ki, son vaxtlar ərzində beynəlxalq maliyyə institutlarının hesabatlarında Azərbaycan kifayət qədər irəliləyişə nail olub. Bu, Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, ölkə iqtisadiyyatı son iki ildə daha da inkişaf edib. Xüsusilə son 15 il ərzində görülən tədbirlər, aparılan islahatlar, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına verilən dəstək, onun xüsusi çəkisinin artması buna öz təsirini göstərib. Təsadüfi deyil ki, bütün bunlar beynəlxalq təşkilatların diqqətini cəlb edir. Nəticələr də göz qabağındadır. Bu il və gələn il biz Azərbaycanın ən böyük icmal büdcəsini qəbul etdik. Bu nə deməkdir? Bu o deməkdir ki, 2017-ci illə müqayisədə dövlət büdcəsinin xərcləri hardasa 60 faizə qədər artdı. Yəni iki il ərzində büdcə xərclərinin 60 faiz artması o deməkdir ki, ölkə iqtisadiyyatının dayanıqlığı kifayət qədər güclüdür. Faktlar və rəqəmlər göz qabağında olduğuna görə bütün bunlar beynəlxalq təşkilatların diqqətini çəkir. Onlar da bu faktlara və rəqəmlərə söykənərək Azərbaycandakı iqtisadi, sosial duruma qiymət verirlər və bu reytinq pillələrində Azərbaycan daha da önə çəkilir. Bütün bunlar kompleks şəkildə Azərbaycanın güclü ölkələr arasında yer almasını şərtləndirən başlıca faktordur”.
Vidadi ORDAHALLI