22/09/2020 20:39
728 x 90

Saxta erməni genosidi qərarı tək Azərbaycan və Türkiyəyə qarşı çevrilməyib ki... Türk dövlətlərinin səsi çıxmadı...

Məhəmməd Əsədullazadə: “Türkdilli dövlətlərin bunu sükutla izləməsi biabırçılıqdır”

img

“Daima digər ölkələrin təsiri altında olan bu ölkələr hələ də milli türkçülükdən və birlik nümayiş etdirməkdən uzaqdırlar”

 

Xəbər verildiyi kimi, ABŞ Senatı qondarma “erməni soyqırımı"nı tanıyan qətnamə layihəsini qəbul edib. Belə ki, 150 saylı qətnamə layihəsi senatorlar tərəfindən yekdilliklə təsdiqlənib.

Məlumat üçün qeyd edək ki, oktyabrın 29-da layihə ABŞ Konqresinin Nümayəndələr Palatasında təsdiqlənib. Bundan əvvəl layihəni bir neçə dəfə Senatda səsverməyə çıxarmaq cəhdləri olmuşdu, ancaq bəzi konqresmenlərin ard-arda sənədi bloklamasına görə bu baş tutmamışdı. Ancaq Senat bu dəfə erməni lobbisinin maraqlarından çıxış edərək bədnam qətnaməni təsdiqlədi.

Həm Nümayəndələr Palatası, həm də Senat məlum qətnaməni qəbul edəndən sonra Türkiyə ilə Azərbaycan rəsmi olaraq bu qərarı pislədi. Ancaq nədənsə Orta Asiyanın türkdilli dövlətləri bütün bunları görməzdən gəlir. Sanki heç nə baş verməyib kimi davranırlar. Halbuki, bu təkcə Türkiyə və Azərbaycana qarşı yönələn addım deyil. Bu bütün türk dünyasına qarşı olan bir addımdır. Ancaq türkdilli dövlətlər bütün bu baş verənlərə son dərəcə laqeyid yanaşırlar.

Orta Asiyanın türkdilli dövlətlərinin məsələyə biganəliyinə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, türkdilli dövlətlərin bunu sükutla izləməsi biabırçılıqdır: “Buna başqa ad vermək mümkün deyil. ABŞ Senatının qondarma “erməni soyqırımı” qətnaməsini qəbul etməsi Vaşinqtonun Türkiyə ilə müttəfiq əlaqələrinə zərbədir. Hesab edirəm ki, ABŞ əlaqələrə zərbə vuracaq addımları atmamalı idi. Çünki, NATO daxilində bu ciddi fikir ayrılıqlarına gətirib çıxaracaq. Ankara yeni qütbün formalaşmasına çalışacaq. Məhz bu yeni siyasət Rusiya-Çin oxunun inkişafına gətirə bilər. Bundan əlavə, ABŞ bu qondarma qətnamə ilə birbaşa Türk dünyasına zərbə vurmuş oldu. Türkiyə və Azərbaycan bu qətnamənin əleyhinə ciddi şəkildə sərt reaksiya verdi. Təəssüf ki, Qazaxıstan və digər türkdilli dövlətlər ABŞ-a etiraz etmədi. Təbii ki, bu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının heç də yekdil bir qurum olmadığını göstərdi. Orta Asiyanın türkdilli ölkələri elə bil 3-cü dünya ölkələridir ki, bu məsələlərdən xəbərləri yoxdur. Hesab edirəm ki, Türkiyə və Azərbaycan bu dövlətlərə rəsmi sorğu göndərməli, birgə bəyanatla öz etirazlarını bildirməlidirlər. Həmçinin bu ölkələr Ermənistanla münasibətlərini kəsməlidirlər. Türkiyə rəhbərliyi çalışmalıdır ki, bu ölkələrdə türk milli birliyi formalaşsın. Daima digər ölkələrin təsiri altında olan bu ölkələr hələ də milli türkçülükdən və birlik nümayiş etdirməkdən uzaqdırlar. Bu bəyanatı verməklə ABŞ onlara təzyiq etməyəcək. Görünür, bu ölkələrin hələ də milli özünüdərk proqramı yoxdur”.

Vidadi ORDAHALLI

Son xəbərlər