22/09/2020 20:34
728 x 90

Növbədənkənar parlament seçkilərinə gedən müxalif partiyaları daha da zəif salan səbəb – dairələr üzrə vahid namizəd problemini həll edə bilmədilər...

Məhərrəm Zülfüqarlı: “Ona görə alınmır ki, müxalifət partiyaları bir-birinə güzəştə getmək istəmirlər”

img

Parlamentin buraxılması ilə əlaqədar ölkə növbəti seçkilərə hazırlaşır. 2020-ci il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində Milli Şura istisna olmaqla, müxalifət partiyalarının, demək olar, hamısı iştirak edəcək.

Yeni parlament seçkiləri ilə bağlı bir çox məsələ gündəmə gəlib. Onlardan biri müxalifətin bu seçkilərdə blok şəklində iştirak edib-etməmələri ilə bağlıdır. Bu istiqamətdə danışıqların aparılıb-aparılmaması da suallar doğurur. Bu səbəbdən, partiyaların bu dönəmdə birlikdə seçkiyə gedib-getməyəcəkləri maraq doğurur. Ancaq ilkin müşahidələr göstərir ki, müxalifət partiyaları blok şəklində deyil, ayrı-ayrılıqda seçkiyə getməkdə qərarlıdırlar. Artıq bir neçə müxalifət partiyası təkbaşına seçkilərə gedəcəyini bəyan edib.

O da məlumdur ki, müxalifət partiyalarını seçkidə zəif salan amillərdən biri də onların təkbaşına seçkiyə getmələridir. Hansı ki, blok şəklində seçkiyə getsələr, dairələr üzrə aralarında ən şanslı namizədi dəstəkləsələr, o zaman şansları böyük olacaq.

Maraqlıdır, müxalifət seçkiyə niyə blok şəklində getmir?

  • “...real olmayan şəxslərin namizədliyi verilir”

Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bunu bir sıra amillərlə əlaqələndirdi: “Beynəlxalq təcrübədə müxalifətin seçkidə blok şəklində uğur qazanması nümunələri var. Məsələn, 1996-cı ildə Bolqarıstanda keçirilən seçkilərdə blok şəklində müxalifət uğur qazanıb. Azərbaycanda bununla bağlı maarifləndirmə işi aparsaq da, müxalifət bunda maraqlı deyil. Necə deyərlər, bu alınmır. Məsələn, bir neçə partiya birləşib blok yaradır və hansısa dairədən bir neçə namizəd irəli sürülür. Hansı ki, bunlar aralarında ilkin seçki keçirib daha şanslı namizədi müəyyən etməlidirlər. Seçkidə də o namizədə dəstək verməlidirlər. Ancaq bizdə müxalifət partiyaları bunu edə bilmirlər. Ona görə alınmır ki, müxalifət partiyaları bir-birinə güzəştə getmək istəmirlər. Bu da nəticədə ona gətirib çıxarır ki, real olmayan şəxslərin namizədliyi verilir. Onlar da seçkidə uduzur”.

Vidadi ORDAHALLI

Son xəbərlər