19/11/2019 16:52
728 x 90

Türkiyənin Suriya əməliyyatı Qarabağda antiterror aktını real və mümkün etdi

Aydın Quliyev: ” Hər şey tam aydın və qəti deyilib, qaldı Ali Baş Komandan tərəfindən konkret vaxtın bəyan olunması...”

img

Daşdəmir Əliyev: ” Bu haqq məsələmizdə biz Türkiyənin də ənənəvi dəstəyini görəcəyik”

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Facebook"da paylaşdığı "Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır" başlıqlı məqaləsi Türkiyə mediasının diqqətini çəkib. Türkiyə televiziya kanalları sözügedən məqalədən sitatları tamaşaçılara çatdırıb. Qeyd edək ki, Türkiyənin Suriyada başlatdığı hərbi əməliyyatlardan ən çox narahat olan Ermənistandır. Bununla bağlı Ermənistan XİN və baş nazir səviyyəsində bəyanat verərək, Türkiyənin Suriyaya müdaxiləsini pisləyib. Hörmətli Əli Həsənovun məqaləsi ilə tanış olandan sonra Ermənistanın keçirdiyi narahatlığın səbəbi tam aydın olur. Prezident köməkçisi bu məsələdə Türkiyəyə ifadə olunan birmənalı dəstəklə yanaşı, həm də Azərbaycanın da belə bir antiterror əməliyyatı aparacağının anonsunu verib: “...Azərbaycan uzun illərdir ki, aqressiv separatizmdən və terrorizmdən əziyyət çəkən bir ölkə kimi Türkiyənin qarşılaşdığı problemləri kifayət qədər yaxşı başa düşür. Bu gün işğal altında olan Azərbaycan əraziləri beynəlxalq terror qruplarının təlim bazası funksiyasını yerinə yetirir. Rəsmi Bakı bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Türkiyənin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatları bir daha sübuta yetirir ki, terorizmə qarşı ikili standartlar yolverilməzdir və son nəticədə onun daha qlobal miqyasda çiçəklənməsinə zəmin yaradır. Şübhə etmirik ki, Azərbaycan da işğalçı hərbi birləşmələrin, terror qruplarının nəzarəti altında olan ərazilərində antiterror əməliyyatı aparacaq və Türkiyə də beynəlxalq terrorizmə qarşı mübarizənin ön sıralarında yer alan bir dövlət kimi bu prosesə öz töhfəsini verəcək. Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev öz “Facebook” səhifəsində Əli Həsənovun məlum məqaləsindəki əsas detalları belə şərh edib: “Prezidentin köməkçisi Əli Həsənov qardaş Türkiyənin Suriyada başlatdığı antiterror əməliyyatlarına Azərbaycanın rəsmi mövqeyini bir daha ifadə edən status paylaşıb. Statusun azı iki dəyərli cəhəti var. Birinci, Azərbaycan dövlətinin rəsmi mövqeyini dəqiq ifadə edərək qardaş ölkənin antiterror haqqına sahib olduğunu inandırıcı şəkildə göstərir. İkinci, Azərbaycanın da Qarabağda antiterror əməliyyatları aparmaq haqqına sahib olduğuna söykənərək belə əməliyyatın aparilacağının anonsunu verir. Əli Həsənov yazır: "Heç şübhə yoxdur ki, Azərbaycan qanunsuz hərbi birləşmələrin və terror qruplarının olduğu torpaqlarında antiterror əməliyyatları aparacaq..." Hər şey tam aydın və qəti deyilib, qaldı Ali Baş Komandan tərəfindən konkret vaxtın bəyan olunması...”

Hərbi ekspert Daşdəmir Əliyev də “Bakı-Xəbər”ə açıqlamasında Türkiyənin uğurunun Azərbaycana mühüm təsirinin ola biləcəyinə şübhə etmədiyini bildirib: “Biz Türkiyə ilə qardaş ölkə olmaqla yanaşı, eyni zamanda erməni problemindən bərabər əziyyət çəkən dövlətlərik. Türkiyənin Dağlıq Qarabağla bağlı siyasəti birmənalıdır, dəyişməz olaraq qalır. Fikir verin, indiyə qədər orda nə qədər hökumətlər dəyişib, ancaq bu prinsipial məsələdən bir addım da olsa geri addım atılmayıb. Bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Türkiyə həmin ölkə ilə sərhədlərini açmır. Bu məsələdə Türkiyənin Ermənistandan olan başlıca tələbi Dağlıq Qarabağ və ətraf rayonlarda olan işğaldan əl çəkilməsi ilə əlaqəlidir. Azərbaycan da Ermənistanın Türkiyəyə qarşı apardığı saxta “soyqırım” iddiaları təbliğatına qarşı qardaş ölkə ilə çiyin-çiyinə mübarizə aparır. Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlar bir daha həmin ölkənin güclü olduğuna dəlalət edir. Ermənistanın qışqır-bağırının bu məsələyə zərrə qədər də təsiri ola bilməz. Söhbət canlarına düşən qorxudan gedə bilər. Bəli, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək kimi haqqı var. O gün uzaqda deyil. Prezidentin köməkçisinin son məqaləsində buna açıq işarə olunub. Bu haqq məsələmizdə biz Türkiyənin də ənənəvi dəstəyini görəcəyik. Beynəlxalq şərait tam yetişəcəyi təqdirdə Azərbaycan yalnız öz gücü ilə də torpaqlarını qısa müddətdə işğaldan azad etməyə qadirdi. O gün uzaqda deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər