Nəqliyyat sahəsində atılan addımlar bu gün Azərbaycana beynəlxalq miqyasda daha çox diqqət ayrılması ilə müşayiət edilməkdədir. Artıq məlumdur ki, “Şimal-Cənub“, “Şərq-Qərb“ kimi dəhlizlər sayəsində Azərbaycan ərazilərindən tranzit məkan kimi istifadə etməyə can atan ölkələrin sayı artır.
İndi bu sırada Mərkəzi Asiya ölkələrinin də xüsusi maraqlı tərəf kimi çıxış etməsi müşahidə olunur. Xüsusən də Lapis-Lazuli nəqliyyat dəhlizi işə düşdükdən sonra bu maraq əhəmiyyətli dərəcədə artıb. Məhz belə bir vaxtda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Lapis-Lazuli nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin artırılmasını istəyir: “Azərbaycan son illər nəqliyyat qovşağına çevrilməkdədir. Ölkəmizdən keçən nəqliyyat dəhlizlərindən biri də Lapis-Lazulidir. Əfqanıstanın sənaye və ticarət naziri ilə görüşdə dəhlizlə daşınan yüklərin həcminin artırılması barədə fikir mübadiləsi apardıq. Düşünürük ki, Əfqanıstan məhsullarının həm Azərbaycana, həm də Azərbaycan vasitəsilə digər ölkələrə çatdırılması baxımından dəhlizin böyük əhəmiyyəti var. Gələcəkdə dəhlizin təşviqi istiqamətində tədbirlər görəcəyik”.
Nazir onu da deyib ki, Əfqanıstan şirkətlərinin öz imkanlarını Azərbaycanda təqdim etməsi üçün şərait yaradılacaq: “Bununla yanaşı, Azərbaycan şirkətləri də Əfqanıstan bazarına çıxış imkanlarından istifadə edə bilər”. Xatırladaq ki, Lapis-Lazuli marşrutuna dair beştərəfli saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair regional iqtisadi əməkdaşlıq konfransında imzalanıb. Sazişdə iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, həmçinin gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur. Bu sənəd tərəfdaş ölkələrin ərazisində nəqliyyat vasitələrinin müntəzəm hərəkətinə, bununla bağlı inzibati məsələlərin və prosedurların sadələşdirilməsinə kömək edir, nəqliyyatın, yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin edir. Avtomobil, dəmir yolu və dəniz marşrutu ilə yükdaşımaları ehtiva edən bu dəhliz yüklərin Əfqanıstandan və Asiyadan Avropaya çatdırılması üçün ən əlverişli və ucuz marşrutdur. Qeyd olunan nəqliyyat dəhlizi ilə ilk yüklər ötən il dekabrın 13-də yola salınıb. Heratdan yola düşən və Əfqanıstanın kənd təsərrüfatı məhsullarını daşıyan doqquz ağırtonnajlı avtomobildən ibarət ilk maşın karvanı Türkmənistan, Azərbaycan və Gürcüstandan keçərək yükləri Türkiyəyə çatdırıb.
Hazırda bu marşruta Avropa da böyük maraq göstərir. Belə ki, Avropa strukturları bəyan edir ki, Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniyanın iştirak etdiyi Xəzər dənizi-Qara dəniz marşrutunun inkişafında maraqlıdırlar. Türkmənistan Sənaye və Kommunikasiya Nazirliyinin “Türkmənistan avtomobil nəqliyyatı” agentliyinin sədri Orazgəldi Suxanov Lapis-Lazuli multimodal nəqliyyat marşrutununun bu fonda Avropa üçün əhəmiyyətinin artdığını vurğulayır. O, Lapis-Lazulinin Xəzər dənizi-Qara dəniz layihəsinin mühüm tərkib hissəsi ola biləcəyini vurğulayır. Xəzər dənizi-Qara dəniz dəhlizinin fəaliyyət göstərməsi üçün əlverişli şəraitin yaradılmasına kömək edəcək milli səviyyədə normativ-hüquq aktlarının hazırlanması və tətbiq edilməsi, “Şərq-Qərb” istiqamətində iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində artıq Avropa konkret addımlar atmağa hazır olduğunu bəyan edir. Elə bu fonda da Lapis-Lazuli marşrutundan daha geniş miqyasda istifadə aktuallaşır. Bu durumda Azərbaycanın Avropa və dünya üçün də əhəmiyyəti artır. Çünki perspektivdə Lapis-Lazuli ilə daşımaların Bakı-Tiflis-Qars dəmir yolu xəttinə birləşməsi gözlənir. Bu da Azərbaycanın tranzit potensialını daha da artırmasını şərtləndirir. Bununla Azərbaycan getdikcə daha çox ölkə üçün mühüm tranzit məkanına çevrilir.
Hesab edilir ki, Lapis-Lazuli ilə daşımaların artması həm də region dövlətlərinin iqtisadi tərəqqisinə güclü təkan verəcək, kənd təsərrüfatı və digər məhsulların, faydalı qazıntıların Əfqanıstandan dünya bazarlarına çıxarılması, yeni iş yerlərinin yaradılması hesabına bu ölkədə vəziyyətin tezliklə stabilləşməsinə kömək edəcək. Eyni zamanda, dəhliz layihənin üzv ölkələrinə regional ticarət bazarlarına çıxışları şaxələndirmək üçün şərait yaradacaq. Bu da, öz növbəsində, həm bu dəhliz vasitəsilə yük daşıyan ölkələrin, həm də ərazisindən malların tranziti üçün istifadə olunacaq dövlətlərin iqtisadi inkişafına, həmçinin sürətli və ucuz daşımalar hesabına alıcı ölkələrə malları daha ucuz qiymətə əldə etməyə imkan verəcək. Bu mənada, ekspertlərin qənaətinə görə, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi daha çox Asiya qitəsi üçün aktual olan bir sıra iqtisadi məsələlərin həllində açar rolunu oynayacaq. Yeni marşrut regionda istehsalın artmasına kömək edəcək, Əfqanıstan iqtisadiyyatının dirçəlməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, qeyd edilənlər Azərbaycanın müsəlman ölkəsi olan Əfqanıstana mühüm köməyi də sayıla bilər. Bu marşrut həm də Azərbaycanın nəqliyyat-tranzit dəhlizlərinin logistika mərkəzinə çevrilməsinin sübutudur. Eyni zamanda onu göstərir ki, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşən Azərbaycan Avropa və Asiyanı birləşdirəcək əsas logistika halqası olmaq üçün bütün imkanlara malikdir. Ölkəmiz, faktiki olaraq, Avropa ilə Asiya arasında əməkdaşlıq körpüsü rolunu oynayır. Bu prosesin daha da sürətlənəcəyi və genişlənəcəyi proqnozlaşdırılır.
Ekspertlər onu da xüsusi vurğulayır ki, baş verənlər fonunda Bakı, etibarlı tərəfdaş imici ilə yanaşı, konkret beynəlxalq layihələrin təşəbbüskarı və aktiv iştirakçısı kimi də özünü təsdiq edib. Bundan başqa, Azərbaycan davamlı olaraq nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirir. Ölkədə qısa zamanda yük daşımaları üçün əlverişli infrastruktur yarada bilib. Uzaq Şərqdən gətirilən yüklərin dəniz və dəmir yolları ilə Avropaya çatdırılmasında artıq Azərbaycan ciddi rol oynayır. Elə şimaldan cənuba daşınan yüklər barədə də eyni sözləri demək olar. Bütün bunlar Azərbaycana beynəlxalq diqqəti artırmaqla yanaşı, onu daha güclü iqtisadi mövqe sahibi edir.
Tahir TAĞIYEV