22/11/2019 19:13
728 x 90

İsrail saxta “erməni genosidi” oyunlarına uydu – bu razılıq İsrailin Azərbaycanda nüfuzunu zədələyəcək...

Ramil Hüseynov: “Bu heç də ona əsas vermir ki, iki ölkə münasibətlərinin pisləşməsi səbəbindən saxta “erməni genosidi”nə meydan verilsin”

img

Ermənilər İsraildə qondarma “erməni soyqırımı” ilə bağlı abidə ucaldacaq. Düşmən ölkə mətbuatının yazdığına görə, bu barədə “Ermənistan-İsrail” İctimai Forumunun həmsədri Aleksandr Zinker məlumat verib.

A.Zinkerin sözlərinə görə, İsrail tərəfi belə bir abidənin inşası üçün icazə versə də, abidə ermənilərin öz vəsaiti hesabına ucaldılacaq. Artıq abidənin inşası üçün gərəkli olan vəsaitin əldə edilməsi ilə bağlı ianə kampaniyasının başladıldığı vurğulanır. Abidənin İsrailin Petah Tikva şəhərində ucaldılması planlaşdırılır. Petah Tikva şəhərinin yeni meri buna razılıq verib.

A.Zinker onu da qeyd edib ki, abidə Ermənistanda hazırlanacaq: “İcazə alınıb, müvafiq maket hazırlanıb və artıq “erməni soyqırımı” abidəsinin yaradılması və açılışı üçün vəsait toplamağa başlamışıq. İsrailin Petah Tikva şəhərində bələdiyyə başçısı əvəzləndi. Problemlərin olacağını düşündük, amma Tanrıya şükürlər olsun ki, bütün məsələlər həll olundu”.

Qərara alınıb ki, sozügedən qondarma “erməni soyqırımı” abidəsi Ermənistanda hazırlansın, sonra isə İsrailə aparılsın. A. Zinker başqa bir istiqamətdə də işləməyi planlaşdırdıqlarını qeyd edib. Ancaq o bu barədə ətraflı danışmayıb.

Məlumat üçün qeyd edək ki, İsraildə həqiqətən də belə bir abidənin ucaldılması reallaşarsa, bu, ermənilərin yəhudi dövlətində həyata keçirdikləri ilk ciddi uğur olacaq. İndiyə qədər ermənilər bu yöndə bir neçə dəfə cəhd ediblər, amma buna nail olmayıblar. Bu dəfə isə təəssüflər olsun ki, Petah Tikva şəhərinin meri rəsmən buna razılıq verib. O da məlumdur ki, İsraillə Azərbaycan arasında çox yaxın dostluq münasibətləri mövcuddur. Məlum qərar, istər-istəməz, İsrailin Azərbaycanda nüfuzunu zədələyəcək.

Bütövlükdə, ekspertlər bunu necə dəyərləndirirlər?

  • “Məlum qərar İsrailin Azərbaycandakı nüfuzuna təsirsiz ötüşməyəcək”

Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, İsrailin buna razılıq verməsi təəssüf doğurur: “Gərək İsrail tərəfi buna getməyəydi. Düzdür, son illər İsraillə Türkiyə arasında münasibətlər çox pisləşib. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Ancaq nəzərə almaq lazımdır ki, İsrail dövləti yarananda Türkiyə müsəlman dövləti olaraq bu ölkəyə dəstək verib. Hansı ki, bütün Ərəb dünyası buna qarşı olub. Çox həssas bir dövrdə Türkiyə İsrailin yanında olub. Ən yaxın müttəfiq dövlətlərin belə tarixin hansısa mərhələsində münasibətləri soyuqlaşır. Zaman-zaman bu, tarixdə özünü göstərib. Ancaq bu heç də ona əsas vermir ki, iki ölkə münasibətlərinin pisləşməsi səbəbindən saxta “erməni genosidi”nə meydan verilsin, İsrailin hansısa şəhərində qondarma “erməni soyqırımı” abidəsi ucaldılsın. Bir neçə dəfə erməni lobbisi Knessetdə qondarma “soyqırım”ın tanıdılması ilə bağlı cəhd etdi, amma alınmayıb. İndi erməni tərəfi başqa bir yola baş vurur. Bu da, təbii ki, arzuedilən deyil. Abidə ucaldılandan sonra digər məsələlər gündəmə gələcək. Nəticədə bu xoşagəlməz tendensiya zəncirvari formada inkişaf edəcək. Belə götürəndə, qondarma “erməni soyqırımı”nın təbliği İsrailin strateji maraqlarına uyğun deyil. Çünki İsrail hesab edir ki, 20-ci əsrdə baş verən ilk soyqırım Holokost soyqırımıdır. Hansı ki, faşistlər bu zaman kütləvi şəkildə yəhudiləri qırıblar. Qondarma “erməni soyqırımı” tanınsa, o zaman bununla bağlı vəziyyət dəyişəcək. Yəni Holokost ilk soyqırım statusunu itirəcək. Bu da yəhudilərin maraqlarına uyğun deyil. Ermənilərin İsraildə fəaliyyəti Azərbaycanda maraqla izlənir. Qondarma “soyqırım” abidəsi ilə bağlı məlum qərar İsrailin Azərbaycandakı nüfuzuna təsirsiz ötüşməyəcək. Bu, müxtəlif formalarda özünü göstərə bilər”.

Vidadi ORDAHALLI

Son xəbərlər