AXCP sədri Əli Kərimlinin yaxın adamlarından birinin - partiya funksioneri, daha konkret desək, onun müşaviri Məmməd İbrahimin sosial şəbəkələrdə növbəti səs yazısı yayılıb.
Qeyd edək ki, Məmməd İbrahim Əziz oğlu 1966-cı ildə Yevlax rayonunda anadan olub, AXCP sədrinin müşaviri, Nərimanov şöbəsinin koordinatorudur. Partiya daxilində xüsusi aktiv və tanınmış şəxslərdəndir. M.İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə 3 il müddətinə həbs olunub.
Yeni audioyazıdan belə məlum olur ki, AXCP Lökbatana icazəli mitinqə adam çıxara bilməyəcəyini bildiyindən, orada aksiya keçirməkdən imtina edib: “Bizim qərarımız var, 4-cü gün piket keçirəcəyik - ya İcra Hakimiyyətinin, ya da Prezident Aparatının qabağında. Gələn gəlsin, qorxan qorxsun, bizim işimiz budur. Ona görə deyirəm ki, köhnədən gələn, təzədən gələn bizim bu işdə təcrübəmiz var. Dünən gələn adam bilmir bu nə deməkdir? Nə üçündür? Biz bilmişik haralara gedəndə nədir. Qurtarın, heç kim gəlməyəcək Lökbatana. 20-ci sahəyə gəlmirdilər, ora biz 2 min, 3 min adam yığırdıq. 2 min, 3 min adam gəlmişdi 20-ci sahəyə. 20-ci sahədən uzaqdır Lökbatan. 20-ci sahəyə 2 min adam gəldi, biabır olduq, əl çək bu Lökbatandan. Mikayıl bəy, əl çək bu Lökbatandan”.
Bu lent yazısından AXCP və “Milli Şura” yetkililərinin niyə Lökbatan meydanına görə cığallıq etməsinin səbəbini aydın şəkildə ortaya qoyur. Elektorat Ə.Kərimliyə görə fədakarlıq etmək istəmir. Biabır olduqlarını görən AXCP funksionerləri isə mitinq keçirməkdən daha çox məkanla bağlı cığallıq etməyə üstünlük verirlər. Çünki insanlar gəlmədiyi üçün biabır olurlar.
“Bu həm də onu göstərir ki, narazı elektoratın kiçik faizi belə, radikalların müraciətinə qoşulmur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafovun sözlərinə görə, bu bir daha onu sübut etdi ki, Ə.Kərimli tərəfdarlarını mitinqə çıxara bilmir: “Daha dəqiq desək, mitinqə gələn yoxdur. Mitinqə gələn olmadığına görə AXCP biabır olur. O üzdən, bir bəhanə uydurub aksiyadan imtina edirlər. Ə.Kərimlinin müşavirinin səsləndirdiyi fikirlər bunu bir daha sübut edir. Məlum olduğu kimi, “Milli Şura” mitinq keçirməklə bağlı müraciət etmişdi. Bakı Şəhər İcra Hakimiyyəti Qaradağ rayonunun Lökbatan qəsəbəsində yer ayırası oldu. Mitinqin keçirilməsi üçün ayrılan sahə bütün standartlara cavab verirdi. Nəzərə almaq lazımdır ki, mitinq iştirakçılarının təhlükəsizliyinə görə məhz iqtidar məsuliyyət daşıyır. O baxımdan Lökbatan qəsəbəsində mitinq üçün ayrılan yer daha münasib idi. AXCP-nin sözügedən yerdə mitinq keçirməkdən imtina etməsi bir daha sübut etdi ki, radikalların aksiyasına gələn yoxdur. M.İbrahimin açıqlamasından bəlli oldu ki, biabır olacaqlarını bildikləri üçün mitinqdən imtina ediblər. Bu həm də onu göstərir ki, narazı elektoratın kiçik faizi belə, radikalların müraciətinə qoşulmur. Əgər həqiqətən də onların tərəfdarları olsaydı, o zaman “Milli Şura” istənilən yerdə icazəli aksiya keçirərdi. Ə.Kərimli gözəl anlayır ki, onun arxasınca gələn yoxdur. Ona görə də bu rüsvayçılığı ört-basdır etməkdən ötrü mitinq üçün tövsiyə olunan yerdən imtina edirlər. Həm onlarda sosial bazaya inam yoxdur, həm də mitinqin keçirilməsi üçün lazımi təşkilatçılıq bacarıqları yoxdur. Aydın mübarizə proqramları yoxdur. İqtidarı, sadəcə, tənqid etməklə iş düzəlmir. Narazı elektoratın kiçik bir faizi belə, Əli Kərimlini müdafiə etmir. Ona görə də mitinqlə bağlı cığal metodlara əl atırlar”.
Vidadi ORDAHALLI