İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı öz “Facebook” səhifəsində “Əhməd Orucun “siyasət meydanı” və “Reaksiya tv”lərdə çıxışlarına AXH İH-nın üzvü Tahir Abbaslıdan cavab” başlıqlı yazı paylaşıb.
Qeyd edək ki, hər iki şəxs əvvəl Azərbaycan Xalq Hərəkatı adlı bir qurumda təmsil olunublar. Sonra Əhməd Orucun həmin qurumdan xaric edildiyi bildirildi. Əhməd Oruc verdiyi müsahibələrdə qurumda baş verənlərə aydınlıq gətirib. Görünür, bu mövqe Tahir Abbaslını qane etmədiyi üçün, o, Əhməd Oruca sərt cavab verib. Ən maraqlısı isə budur ki, bir partiya sədri digərini seksual xarakterli qısnamada ittiham edib: “Mən şəxsən Tahir Abbaslı, bir inanclı insan kimi Əhməd Orucla bağlı ortada olan rüsvayçı əməlləri açmaq istəmirdim. Ona görə ki, islamın bizə olan tövsiyəsi var: “Allah sirr örtənlərin sirlərini örtər” fikirini nəzərə alaraq, bu mənada nəsə açmaq istəmirdim. Amma Əhməd Oruc bizlərin abrına sığmasından istifadə edib, kişiyə yaraşmayan davranış nümayiş etdirir. Çox təəssüf!!!
Mən hər zaman höcət olan yerdən uzaq durmuşam. Çünki höcət olan yerdə şeytan fitnə salar. Amma görürəm ki, Əhməd Oruc davranışlarına görə utanıb xəcalət çəkmək əvəzinə, hərəkətlərinə bəraət qazandırıb və bizə savaş başlayıb. Mənim daxili tərbiyəm Əhməd Orucun ortada olan çirkin əməllərini ictimaiyyətə bildirməyə imkan vermir. Amma Əhməd Orucun davranışları bunu açıqlamağa məcbur edir”.
Tahir Abbaslı: “Mənim heç bir istəyim olmadan bir qadınla intim münasibətdə olmağımı istədi”
Tahir Abbaslı qeyd edir ki, Əhməd Oruc ona qarşı bir əxlaqsız qadının əli ilə təxribat qurubmuş: “Təxminən 2-3 aya yaxın olar ki, məni Qusarda yerləşən şəxsi mini otelinə dəvət etdi. Mənim heç bir istəyim olmadan bir qadınla intim münasibətdə olmağımı istədi. Ciddi etirazımı görüb, fikrimi yayındırmaq üçün başqa söhbətlər etdi. Söhbət əsasında Rəhim Qazıyevin ailəsinin olmamasına görə onun halına yanıb, bura gətirəcəyini bildirdi. Və elə mənim yanımdaca Rəhim Qazıyevə zəng edib, dəvətini bildirdi. Bundan sonra yanımda qadını yanımıza gətirən şəxsə zəng açdı. Ona dedi ki, yaxın günlərdə Rəhim Qazıyev gələcək, ona seksual xidmət göstərmək lazım olacaq. Qeyd edirəm ki, mənim etirazıma baxmayaraq, Əhməd Oruc öz inadından qalmadı. Mənim bir gün də qalmağımı təkid edərək, qadınla görüşməyimi məcbur edirdi. Mənim istəyim olmadan bir neçə dəfə qadına zəng vurub, telefonu məcburən mənə verirdi. Əhməd Orucun bu davranışlarını gördükdən sonra onun hakimiyyət tərəfindən hansı missiyasını çiyninə götürdüyünü müəyyən etdim. Məsələləri belə görüb, Bakıya döndüm. Gördüklərimi lazımi ünvana bildirdim”.
Əhməd Oruc: “Tahir başqa birisinə də deyib ki, mən onu zorlamışam”
Səslənən bu ciddi ittihamla bağlı Əhməd Orucun öz mövqeyini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Tahir Abbaslının dedikləri həqiqəti əks etdirmir: “Tahir Abbaslı onlayn televiziyanın efirindən deyib ki, Əhməd Oruc həzrəti Əli ilə müqayisə olunan adamdır. Sonra deyib ki, Əhməd milli azadlıq hərəkatının şəriksiz lideridir. Mənim özümə deyib ki, məni Allah göndərib xalqı xilas etməyə. İndi də Qurban Məmmədovun televiziyasına çıxmaqdan ötrü ağlına nə gəldi uydurur. Düzü, oxumamışam, amma mənə məzmununu deyiblər. Qurban Məmmədov bir neçə gün idi məni hədələyirdi ki, barəmdə faktlar açıqlayacaq. Sən demə, Tahir kimi yaramazı üzümə durmağa hazırlayırmış. Mən idarə heyətinin iclasında Tahirə “qavnovoz”, yəni nəcis daşıyan makina demişəm. Bunu orada iştirak edənlərin hamısı təsdiqləyə bilər. O da qəbul edib, sakitcə baxıb. İndi mən bu adama nə deyim? Hesab edirəm ki, bütün bu işlərin başında Qurban Məmmədov durur. Tahir keçmişdə “alkaş” olub. Mağazadan pul oğurladığına görə bir neçə il həbsxanada yatıb. İndi də guya Allah adamı olub. Qurban Məmmədovla bunun işbirliyində ancaq belə murdarçılıqlar doğa bilər. Tahir başqa birisinə də deyib ki, mən onu zorlamışam”.
Qeyd edək ki, iki partiya lideri arasında baş verən bu hadisə sosial şəbəkələrdə də geniş müzakirə edilir. Vətəndaşlar belə halın yaşanmasına təəssüf edir və ən əsası isə bu cür adamların xalqın adından danışmasını yolverilməz saydıqlarını bildirirlər. Doğrudan da, görün, müxalifət nə vəziyyətə qalıb və onu hansı əxlaqda olan adamlar təmsil edirlər...
Məhəmmədəli QƏRİBLİ