19/10/2019 17:00
728 x 90

Gürcüstan Baş nazirinin Paşinyandan əvvəl İlham Əliyevlə görüşə gəlməsinin əsl səbəbləri və qondarma erməni versiyaları...

Məhəmməd Əsədullazadə: “Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafında bu və ya digər dərəcədə mühüm rol oynayır”

img

Məlum olduğu kimi, Giorgi Qaxariya Gürcüstanın Baş naziri təyin olunandan sonra ilk səfərini Azərbaycana edib. Belə ki, o, ölkəmizə səfəri zamanı Bakıda Prezident İlham Əliyevlə danışıqlar aparıb. Tərəflər iki ölkə arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıblar.

Bu arada Ermənistan mətbuatı Gürcüstanın yeni Baş nazirinin ilk səfərini Azərbaycana etməsini qısqanclıqla qarşılayır. Onlar bu görüşün əsl səbəblərini qeyd etmək əvəzinə, uydurma versiyalarla çıxış edirlər. İddia edirlər ki, guya Qaxariya ilk səfərini Azərbaycana etsə də, bu, qardaşlıq münasibətlərinin əlaməti deyil. Bu, ortada ciddi problemlərin olduğunu göstərir. Bu səbəbdən ilk səfəri Bakıya edib. Qondarma arqumentləri budur ki, məhz səfər günü Gürcüstanın Katolikos-Patriarxı II İlya Keşikçidağ (David Qareci) monastır kompleksi ilə bağlı Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə müraciət edib.

Qeyd edək ki, Qaxariya oktyabrın 15-də Ermənistana, oktyabrın sonunda isə Türkiyəyə səfər edəcək. Bu da Ermənistanı qıcıqlandırır. Əslində isə Gürcüstan Baş nazirinin ilk səfərini Bakıya etməsi Azərbaycanın bu ölkə üçün önəmi ilə əlaqədardır. Heç də erməni mətbuatının yazdığı kimi deyil. Məsələ ondadır ki, Azərbaycan Gürcüstanın başlıca iqtisadi tərəfdaşıdır. Bu ölkəyə ən çox sərmayə qoyan ölkə Azərbaycandır. Azərbaycanın həyata keçirdiyi böyük enerji, nəqliyyat və digər layihələrindən qonşu ölkə böyük gəlir əldə edir. Ümumilikdə, Azərbaycan faktoru Gürcüstanın dövlət büdcəsinin, ümumdaxili məhsulun formalaşmasında mühüm rol oynayır. Azərbaycan Gürcüstanı sərfəli qiymətlərlə qazla təmin edir və s. Bütün bunlardan çıxış edərək, təbii ki, Gürcüstanın yeni Baş nazirinin ilk səfərini Azərbaycana etməsi ölkəmizə regionda verilən önəmdən irəli gəlir.

  • “Ermənistan iki ölkə arasında əməkdaşlığın inkişafından narahatdır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, erməni tərəfi Azərbaycanın regionda artan nüfuzunu həzm edə bilmir: “Gürcüstanın yeni Baş naziri G.Qaxariyanın xarici səfərini ilk olaraq ölkəmizə etməsi ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir. Daim strateji tərəfdaş olan ölkələr bu xəttə əməl edirlər. İki ölkə arasında siyasi-iqtisadi və enerji əlaqələri, həmçinin, beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri var. Buna görə də iki dövlət bir-birilə əməkdaşlıq edərək bunu strateji səviyyədə saxlamağa borcludurlar. Qaxariya məhz iki ölkə arasında dost və tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün ölkəmizə gəldi. Rəsmi Tiflislə Bakı arasında Azərbaycan baxımından heç bir problem yoxdur. Ermənistan iki ölkə arasında əməkdaşlığın inkişafından narahatdır. O üzdən, erməni mətbuatı uydurma versiyalarla çıxış edir. Müxtəlif yollarla bu səfərin üzərinə kölgə salmağa çalışırlar. Bu səfər hansısa problemlərin həlli ilə bağlı yox, əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə olub.

Hesab edirəm ki, Keşikçidağla bağlı məsələ iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasına xələl gətirə bilməz. İki ölkə coğrafi baxımından daha da sıx əməkdaşlığa məcburdur. Gürcüstanda hansı qüvvələrin hakimiyyətdə olmasından asılı olmayaraq, bu ölkə rəsmiləri Azərbaycanın önəmini nəzərə alırlar. Çünki Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafında bu və ya digər dərəcədə mühüm rol oynayır”.

Vidadi ORDAHALLI

Son xəbərlər