19/10/2019 17:01
728 x 90

Radikalların 8 oktyabr piketində polisin də davranışları nəzərlərdən qaçmadı...

img

Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında keçirdiyi piketdə polislər nümunəvi davranış sərgilədilər. Halbuki, piket iştirakçılarının bir çoxu polisi provokasiyaya cəlb etməyə çalışırdı.

Bu məqsədlə müxtəlif qanundankənar hallara, təxribatlara əl atırdılar. Piketə təxribat niyyəti ilə gələn insanlar da vardı. Bir qrup şəxs ictimai asayişi pozmağa, piketin təyin edildiyi yerdən kənarda razılaşdırılmamış mitinq keçirməyə cəhd edirdi. Onların məqsədi o idi ki, bu kimi təxribatlarla polisi zorakılığa sövq etsinlər. Daha sonra bundan siyasi məqsədlər üçün istifadə etsinlər. Bütün bunların qarşısını polis işçiləri yüksək peşəkarlıqla aldı. Polis nümunəvi davranış ortaya qoyaraq öz peşə borcunu yerinə yetirdi. Polislər piket iştirakçılarını asayişi, qanunu pozmamağa çağırırdılar. Piketdən çəkilən kadrlara baxanda da aydın şəkildə görünür ki, polislər tərəfsiz olaraq həm öz peşə borcunu yerinə yetirdilər, həm də vətəndaşlara münasibətdə nümunəvi bir davranış ortaya qoydular. Ona görə də polislərin vətəndaşlarla davranışı cəmiyyətdə insanlar arasında müsbət təəssürat yaradıb.

Maraqlıdır, bəs ekspertlər bütün bunları necə dəyərləndirirlər?

  • Aydın Quliyev: “Həmin piket saatlarında polis üçün müəyyən sınaq məqamları var idi və asayiş keşikçiləri sınaqdan ləyaqətlə çıxdı”

Sözügedən məsələni sosial şəbəkədəki “Facebook” səhifəsində şərh edən “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyevin sözlərinə görə, 8 oktyabr piketində polis sınaqdan ləyaqətlə çıxdı: “Əslində, “Milli Şura” adlanan qurumun 8 oktyabrda icazəli keçirdiyi piket MŞ-nin özü və hakimiyyət üçün heç bir sınaq xarakteri daşımırdı. Hakimiyyətin illərdən bəri çox nəhəng etiraz aksiyalarını uğurla idarə etməkdə böyük təcrübə sahibi olduğunu nəzərə alsaq, belə xırda-xuruş piketlərin ona problem yaratmaq gücündə olmadığına əmin ola bilərik. “Milli Şura” üçün də sınanılası bir şey yox idi. Nəzərə alsaq ki, MŞ neçə illərdir heç bir nəticəsi olmayan uğursuz aksiyalar keçirmək cəhdlərini özünün mövcudluq üsuluna çevirib, onun da hansısa sınaq qarşısında qaldığını düşünməyə ehtiyac yoxdur.

Ancaq həmin piket saatlarında polis üçün müəyyən sınaq məqamları var idi və asayiş keşikçiləri sınaqdan ləyaqətlə çıxdı. Belə ki, piketçilərin əsas planlarından biri polisin özünü təxribata çəkmək, onu zorakılıqlara sövq etmək və ortaya çıxan nəticələr üzərində siyasət qurmaq idi. Alınmadı.

Polislər öz qanuni səlahiyyətləri çərçivəsində asayişiin qorunması və piketçilərlə sivil zərərsizləşdirici davranışların arasında balansı unikal şəkildə qoruya bildi”.

  • Elçin Mirzəbəyli: “Polis həm peşəkarlığını, həm də yüksək mədəniyyət nümunəsini ortaya qoydu”

Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan polisi hər zaman asayişi qorumağı və vətəndaşların maraqlarını müdafiə etməyi hər şeydən üstün tutub: “Son piketdə də bir daha bunun şahidi olduq. Polis həm peşəkarlığını, həm də yüksək mədəniyyət nümunəsini ortaya qoydu. Həmin aksiyada aşırı dərəcədə radikal fikirlər səsləndirənlər oldu. Hətta təhqirlərə yol verən şəxslər oldu. Bütün bu təxribatlara baxmayaraq, polis özünün təmkinli davranışları ilə onlara, əslində, əsl azərbaycanlı obrazının necə olmalı olduğunu nümayiş etdirdi. Əsl vətəndaş mövqeyinin necə olmalı olduğunu əyani şəkildə göstərdi. Bu baxımdan hesab edirəm ki, bu davranış həmin şəxslərə, xüsusən də 50 nəfəri idarə edə bilməyən insanların özünə belə nümunə olmalıdır. O baxımdan polisin davranışını yüksək qiymətləndirirəm”.

Vidadi ORDAHALLI

Son xəbərlər