10/12/2019 04:47
728 x 90

Prezident İlham Əliyev Türkiyənin Təhsil nazirini qəbul edib - YENİLƏNDİ

img

Prezident İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının Təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə ən yüksək zirvədədir: “Elə bir sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. O cümlədən sizin rəhbərlik etdiyiniz sahə də həm bu gün üçün, həm də gələcək üçün çox önəmlidir ki, gələcək nəsillərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsınlar, bilikli savadlı olsunlar və gələcəkdə ölkələrimizin inkişafında fəal olsunlar.

Bildiyiniz kimi, bir neçə gündən sonra Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçiriləcək. Biz bu görüşə ciddi hazırlaşırıq və əminəm ki, qəbul ediləcək qərarlar türkdilli dövlətlərin birliyini daha da möhkəmləndirəcək. Sizi bir daha salamlayıram. Xoş gəlmisiniz”.

Türkiyənin Təhsil naziri Ziya Selçuk deyib ki, Azərbaycan Prezidentinin Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi barədə qərarı Türkiyədə böyük bir sevinc hissi yaradıb.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onu qardaşlıq münasibətlərinin bağladığını deyərək qeyd edib ki, Azərbaycanla Türkiyə arasında böyük sərvətimiz olan dostluq və qardaşlığımızı möhkəm iş birliyinə çevirməyə nail olmuşuq. Prezident İlham Əliyev bildirib ki, dünya miqyasında Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçən il Bakıda hərbi paradın keçirildiyini, Azərbaycan və Türkiyə hərbçilərinin çiyin-çiyinə Bakının mərkəzində təntənəli keçid etdiklərini xatırladaraq, xalqlarımızın bunu böyük fəxr hissi ilə izlədiyini bildirib.

Görüşdə ali və peşə təhsili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər