14/12/2019 07:02
728 x 90

İsa Qəmbər Müsavat başqanlığına qayıtsa, guya nə baş verəcək...

Məhərrəm Zülfüqarlı: “Uzun illər bu partiyaya rəhbərlik edən şəxsin yenidən başqan olması nəyisə dəyişməyəcək”

img

Məlum olduğu kimi, oktyabrın 12-də Müsavat Partiyası növbəti 9-cu qurultayını keçirəcək. Partiya sədrliyinə 3 funksioner – indiki başqan Arif Hacılı, Yadigar Sadıqlı və Tofiq Yaqublu namizədliyini irəli sürüb. Digər iki namizəd hazırkı sədrin fəaliyyətini qənaətbəxş hesab etmədikləri üçün namizəd olduqlarını açıqlayıb.

A.Hacılı partiyanın 2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayında başqan seçilib. Artıq namizədlər arasında başqanlıq uğrunda mübarizəyə start verilib. Hər üç namizəd həm paytaxt Bakıda, həm də rayonlarda öz təbliğatını aparır. 9 oktyabr tarixində Müsavat başqanlığına namizədlər arasında canlı debat keçiriləcəyi deyilir. Arif Hacılı debatda tanınmış müsavatçılar Yadigar Sadıqlı və Tofiq Yaqublu ilə üz-üzə gələcək və namizədlər öz platformalarını ortaya qoyacaqlar.

O da məlumdur ki, Müsavat Partiyası 2014-cü ildə keçirilən qurultaydan zəifləmiş olaraq çıxdı. Partiya parçalandı, bir çoxu bu təşkilatdan getdi. Ötən qurultaydan sonra xeyli adamın partiyadan getməsi səbəbindən son vaxtlar sosial şəbəkələrdə, mətbuatda belə fikirlər səslənir ki, uzun illər partiyaya başqanlıq edən İsa Qəmbər yenidən partiyaya rəhbərlik etməlidir. Guya ki, onun yenidən başqan olması partiyanın fəaliyyətində dönüş yaradacaq. Hansı ki, İsa Qəmbər 22 il bu partiyaya rəhbərlik etsə də, hansısa ciddi uğurlara imza ata bilməyib. Hələ onun başqanlığı dövründə partiyanı tərk edənlər olurdu. Bu proses 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra daha da sürətləndi. 2005-ci ilin parlament seçkilərində İsa Qəmbər namizədliyini verdiyi dairədə rəqibinə uduzdu. 2006-cı ildə Müsavat Partiyasının qurultayından sonra bir sıra tanınmış şəxslər partiyadan getdi. Bütün bu deyilənlərin fonunda, İsa Qəmbər tutaq ki, başqanlığa qayıtsa, nə baş verəcək ki?

  • “Bu cür boş ümidlərə qapılmağın mənası yoxdur”

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, İsa Qəmbərin yenidən başqan olması nəyisə dəyişməyəcək: “Müsavat Partiyasında illərdir müşahidə olunan zəifləmə prosesini önləmək mümkünsüz görünür. Kiminsə bu istəkdə olması o demək deyil ki, nicat yolu İsa Qəmbərin geri qayıtmasındadır. Uzun illər bu partiyaya rəhbərlik edən şəxsin yenidən başqan olması nəyisə dəyişməyəcək. Bu heç etik cəhətdən də düzgün olmaz. Ona görə ki, o, partiyaya rəhbərlik etdiyi dövrlərdə hansısa uğurlar əldə edə bilməyib. Belə olan halda, onun yenidən başqan olmağı heç nəyi dəyişməyəcək. Digər tərəfdən, əvvəllər heç olmasa İsa Qəmbər sağlam idi, səhhətində heç bir problem yox idi. İndi isə ürəyindən əməliyyat olunub, sağlamlığı yerində deyil. Müsavat Partiyasının da vəziyyəti əvvəlki kimi deyil. Partiya öz gücünü itirə-itirə gedir. Yəni doxsanıncı illərin Müsavatı deyil. Bu baxımdan mənə elə gəlir ki, bu cür boş ümidlərə qapılmağın mənası yoxdur. Yeni, cavan qüvvələrə meydan verilməlidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər