19/10/2019 22:20
728 x 90

Yeni Baş nazirimiz kimdir, hansı yolu keçib, Prezidentin hərtərəfli islahatlar siyasəti bu dəyişikliyi niyə zəruri etdi...

img

Məlum olduğu kimi, Azərbaycan Respublikasının yeni Baş naziri seçilib. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov bu vəzifəyə namizəd göstərilib və Milli Məclisdə təsdiqlənib. Yeni Baş nazirin keçdiyi həyat yoluna nəzər salaq.

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

Milli Məclisin plenar iclasında Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsindən sonra çıxış edib. O, çıxışında göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Ə.Əsədov qeyd edib ki, müasir Azərbaycan müstəqillik illərində böyük uğurlar qazanıb: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib. Dövlətimizin başçısının rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdırılıb. Qeyri-neft sektoru inkişaf edir. Azərbaycan kosmik ölkələr ailəsinə daxil olub”.

O bildirib ki, ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 46 milyard dollara çatıb: “Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sahəsinə yatırılması da böyük imkanlar yaradıb”.

Əli Əsədov qeyd edib ki, əsas problem doğma Qarabağın işğal altında olmasıdır: “Ermənistan rəhbərliyinin populist çıxışına Azərbaycan Prezidenti tərəfindən layiqli cavab verilib. Qarabağın azad edilməsi üçün hərbi imkanlarımızın artırılması hər zaman Prezidentin əsas prioriteti olub”.

Əli Əsədov, həmçinin, bildirib ki, əməkhaqları 2,4, pensiyalar isə 3 dəfə artırılıb. O xatırladıb ki, sosial-iqtisadi problemlərin həlli üçün son dövrlər ciddi işlər görülür, əməkhaqları, təqaüdlər artırılır.

Milli Məclisin sədri Oqtay Əsədov çətin və məsuliyyətli işində Əli Əsədova uğurlar arzulayıb. Çıxışdan sonra yeni Baş nazir Milli Məclisi tərk edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin başlıca funksiyası iqtisadi sahəni kurasiya etməkdən ibarətdir. Son illər ərzində aparılan islahatlardan görünürdü ki, siyasi rəhbərlik daha dinamik və prosesləri arxasınca apara bilən, daha aktiv Nazirlər Kabinetinin olmasında maraqlıdır. Eyni zamanda, sosial-iqtisadi sahədə edilən bir sıra yeniliklər bu qurumun məsuliyyətini bir qədər də artırmış olurdu. Bir sözlə, Baş nazirlik institutu həm də sosial-iqtisadi sahədə olan məsuliyyətləri öz üzərinə götürməli, həmin sahədə olan problemlərin həlli istiqamətində daha dinamik addımlar atmalıydı. Bütün bunlara keçmiş Baş nazirin zamanında nə dərəcədə nail olunub-olunmadığı barədə konkret nəsə deyə bilmərik. Ancaq onun sırf iqtisadiyyatı bilən bir kadrla əvəzlənməsi bu sahədə nəticələrin istənilən səviyyədə olmadığını söyləməyə əsas verə bilər. Maraqlıdır, bu barədə ekspertlər nə düşünürlər? Baş nazirlik institutu daha da aktivləşməklə sosial-iqtisadi sahədəki məsuliyyəti daşımağa qadir olmalıdırmı?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün dünyada aparılan iqtisadi islahatların başında baş nazirlər durur: “Bizdə Prezident üsul-idarəsidir. Ona görə də Nazirlər Kabineti sanki Prezident Administrasiyasının bir şöbəsi kimi çıxış edir. Ancaq bu belə olmamalıdır. Çünki onların əlində iqtisadi islahatları aparmaq üçün kifayət qədər səlahiyyət və resurs var. Hesab edirəm ki, ölkənin iqtisadi blokuna aid olan bütün məsələlərlə bağlı Nazirlər Kabineti daha operativ fəaliyyət göstərməlidir. İndiki zamanda Nazirlər Kabineti daha fəal olmalıdır. Çünki Prezidentin iradəsi ilə geniş islahatlar paketi hazırlanıb. Həmin paketləri həyata keçirmək üçün vaxt müəyyən edilib. Təbii ki, ölkə başçısı buna tək nəzarət edən deyil. Çünki onun başqa vacib işləri də var. Bu səbəbdən də Nazirlər Kabineti fəallığını bir qədər də artırmalıdır. Həmçinin, digər sahələrdəki iqtisadi inkişafa da təkan verməlidir. Görünür, köhnə Baş nazir bu islahatlar prosesinin fəlsəfəsini tam həyata keçirə bilməyib. Müəyyən yaxşı işlər görsə də, bütövlükdə, onun fəaliyyəti Prezidentin addımları ilə bir ahəng təşkil etməyib. Bu səbəbdən də könüllü şəkildə təqaüdə gedir. Onun yerinə isə sırf iqtisadçı olan bir kadr gətirildi.  Yeni Baş nazir iqtisadçı olmaqla yanaşı, həm də dövlət idarəetməsinin müxtəlif sahələrində çalışıb və püxtələşib. Təcrübəli yeni Baş nazirdən yenilklər gözləməyə dəyər. Zənnimcə, o,  Prezidentin həyata keçirdiyi islahatlarla bağlı səlahiyyəti çərçivəsində məsuliyyəti öz üzərinə götürüb, iqtisadiyyatımızın inkişafına töhfəsini vermiş olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər