13/12/2019 13:52
728 x 90

Uğursuz İrəvan sammiti və “Valday həmlələrindən” sonra Paşinyanın qapalı deputat toplantısı...

Elşən Manafov: “Paşinyanı çaş-baş salan başlıca məsələ Prezident İlham Əliyevin “Valday” klubunda Qarabağla bağlı möhtəşəm çıxışıdır”

img

Ermənistan Baş naziri Nikol Paşinyan onu dəstəkləyən “Mənim addımım” parlament fraksiyası ilə təcili və qapalı toplantı keçirib. Erməni mətbuatı sözügedən qapalı toplantının keçirilməsinin səbəbləri barədə ətraflı məlumat vermir. İnformasiya çox məhduddur. O cümlədən, Ermənistan rəsmiləri də bu barədə heç nə demirlər. Erməni mətbuatı toplantının səbəbini onunla əlaqələndirməyə çalışır ki, guya toplantının konkret gündəliyi olmayıb və ümumi müzakirə üçün yığışıblar, bəzi məsələlər ətrafında məsləhətləşmələr olub.

Ancaq Paşinyanın belə tələsik qapalı toplantı çağırmasının arxasında müəyyən səbəblər dayanır. Məsələ ondadır ki, Avrasiya İqtisadi İttifaqının İrəvan sammiti uğursuz alındı. Paşinyanın səylərinə rəğmən, tədbir sönük atmosferdə keçirildi. Lakin bundan fərqli olaraq, “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti toplantısı daha möhtəşəm alındı. Ən başlıcası isə, Prezident İlham Əliyev sözügedən toplantıda çıxış edərək Paşinyanın bir müddət əvvəl səsləndirdiyi fikirləri, ortaya qoyduğu pozucu mövqeyi darmadağın etdi. Görünən odur ki, sözügedən tədbirdə Prezident İlham Əliyevin hücum xarakterli bəyanatları Paşinyanı narahat etdiyi üçün, öz komandası ilə məsləhətləşmələrə ehtiyac duydu. Reallıq ondan ibarətdir ki, Azərbaycanın Rusiya ilə sürətli yaxınlaşması, Paşinyan başda olmaqla, Ermənistan hakimiyyətini bərk narahat edib. Bu səbəbdən Paşinyan belə qapalı toplantı keçirmək qərarına gəlib.

Maraqlıdır, bəs ekspertlər Ermənistanda keçirilən qapalı toplantının səbəbini nə ilə əlaqələndirirlər?

  • “Çox güman ki, bu məsələlər qapalı toplantıda müzakirə edilib”

Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, qapalı toplantı həm İrəvandakı uğursuz tədbir, həm də digər səbəblərlə bağlıdır: “Bu həm Ermənistanın daxili iqtisadi reallıqları ilə əlaqədardır, həm də xirici siyasətdə yaşanan uğursuzluqlarla bağlıdır. Bir il ərzində Paşinyan hakimiyyətinin həyata keçirdiyi islahatlar lazımi nəticə verməyib. Bu da Paşinyanın artıq sosial bazasında olan ümidlərin səngiməsinə, hökumətə etimadın tükənməsinə səbəb olub. Digər tərəfdən, biz “Qarabağ klanı”nın yetərincə fəallaşmasını müşahidə edirik. Ən əsası, Qarabağdakı separatçı rejimin dəyişdirilməsi cəhdləri də heç bir nəticə verməyib. Bu da iki klan arasında gərginliyin daha da artmasına təkan verir. Başqa bir tərəfdən, İrəvandakı məlum sammit zamanı Putinin həbsdə olan Robert Köçəryanın həyat yoldaşı ilə görüşməsi Paşinyan hakimiyyətinə zərbə oldu. Eyni zamanda, yaşanan istefalar göstərdi ki, Paşinyanın komandası monolit deyil. Bu komandanın özündə də “Qarabağ klanı” ilə bu və ya digər formada təmasda olan nüfuzlu şəxslər var. Başqa bir tərəfdən, bir müddət əvvəl Paşinyan Rusiyada yaşayan erməni iş adamlarına müraciət etdi. Ancaq bu müraciətlər lazımi səmərə vermədi. Bütün bunlarla yanaşı, Paşinyanı çaş-baş salan başlıca məsələ Prezident İlham Əliyevin “Valday” klubunda Qarabağla bağlı möhtəşəm çıxışıdır. İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan Qarabağla bağlı mövqeyində israrlıdır. Lazım gələrsə, Azərbaycan torpaqların azad edilməsi ilə bağlı hərbi variantı da istisna etmir. Bu kimi vacib bəyanat Rusiya Prezidentinin iştirak etdiyi tədbirdə verildi. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi artır. Hesab edirəm ki, bütün bu məsələlər Ermənistan hakimiyyətini bərk narahat edir. Çox güman ki, bu məsələlər qapalı toplantıda müzakirə edilib”.

Vidadi ORDAHALLI

Son xəbərlər