Sentyabrın 29-da Ermənistanda yezidi “Tovuz mələk və yeddi mələk” ibadətgahı açılıb. Ermənistan parlamentinin sədri Ararat Mirzoyan öz “Facebook” səhifəsində bu açılışı “rəmzi və məntiqli” adlandırıb.
Erməni saytlarının yaydığı məlumata görə, Ermənistanda açılan bu məbəd dünyanın ən böyük yezidi məbədidir. Mirzoyan yezidi kürdləri ilə ermənilərin birlikdə bir çox tarixi sınaqdan keçdiyini xatırladıb. O, “Ermənistan yezidi xalqı üçün bir evdir” deyib.
Məlumat üçün qeyd edək ki, sayı bir milyona yaxın olan yezidi kürdlərin əksəriyyəti Şimali İraqda, 20 mini isə Ermənistanda yaşayır. Yezidilərin dini olan yezidilik Zərdüştlük zəminində meydana gəlib və xristianlıq, islam və yəhudilik elementlərini özündə ehtiva edir. Yezidilikdə tovuzquşu kimi təsvir olunan Tovuz mələk mələklərin başıdır. Hər bir yezidi Tovuz mələk üçün gündə beş dəfə ibadət etməlidir.
O da məlumdur ki, Ermənistan hökuməti XX əsrin sonlarında azərbaycanlılara qarşı həyata keçirdiyi siyasətin eynisini ölkədəki digər milli azlıqlara qarşı da tətbiq edir. Onlara aid olan tarixi abidələr və mədəniyyət əsərləri planlı şəkildə məhv edilir. Digər azsaylı etniklər sıxışdırılır. Statistikaya görə, 1989-cu ilə qədər Ermənistanda 60 min yezidi kürd yaşayıb. Hazırda isə onların sayı 20 min nəfərdir. 1989-cu ildən sonra onların sayı azalmaqdadır. Ona görə də hansı evdən söhbət gedə bilər ki, 1989-cu ildə Ermənistanda 60 min yezidi kürd yaşadığı halda, hazırda onların sayı 20 min nəfər təşkil edir? O üzdən, ermənilər məbəd ucaltmaqla kimi aldadırlar?
“Ermənistan özünə müsbət imic qazanmaq istəyir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistan monoetnik dövlətdir. Burada az sayda yezidilər, assuriyalılar və yunanlar var. Yezidilərə bu ölkədə məbədin tikilməsi heç də etniklərə verilın dəyərdən irəli gəlmir. Məsələ ondadır ki, az sayda olan yezidilər bu gün Ermənistanda çətin şəriatdə və ayrıseçkiliyə məruz qalaraq yaşayırlar. Belə olmasaydı, onların sayı bu qədər ilbəil azalmazdı. Bunda əsas məqsəd yezidilər vasitəsilə ölkələrinin guya etnik müxtəlifliyini nümayiş etdirməkdir. Ermənistan heç də bu məbədi onları sevdiklərinə görə tikməyib. Bunda digər məqsəd də var. O da ondan ibarətdir ki, İraqdakı yezidiləri cəlb edib işğal olunmuş ərazilərdə məskunlaşdırmaq məqsədi güdürlər. Ancaq bu vasitələrlə onları cəlb etmək mümkün deyil. Öz milləti ölkəni yoxsulluqdan tərk edən bir dövlət yezidilərə necə qucaq aça bilər? Sadəcə, burada məkrli plan var. Ermənistan bunu etməklə Azərbaycana qarşı mənfur planı var. Qeyd etdiyim kimi, onları Qarabağda yerləşdirmək istəyirlər. Ümumiyyətlə, yezidi kürdlər bu gün Ermənistanın siyasi alətinə çevrilirlər. Etnik bir qrup olan bu tayfadan Ermənistan özünə müsbət imic qazanmaq istəyir. Məncə, yoxsul və siyasi cəhətdən narahat olan bir ölkədə yezidilərin yaşaması mümkün olmayacaq. Zamanla onlar da buraları birdəfəlik tərk edəcəklər. Ermənistan bu köçün qarşısını almaq üçün onlara məbəd tikir və İraqdan olan yezidilər vasitəsilə ölkədəki əhali azalmasını önləmək istəyir”.
Vidadi ORDAHALLI