Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasında çıxışı zamanı Paşinyanın çıxışını tamamilə darmadağın edən arqumentlər ortaya qoyub.
Nazir bildirib ki, Azərbaycan münaqişənin tez bir zamanda siyasi yolla həll edilməsinə sadiq olaraq qalır: “Hazırda davam edən sülh prosesinin başlıca məqsədi Ermənistan tərəfindən başladılmış müharibənin nəticələrini aradan qaldırmaq, eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edildiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa edilməsi və məcburi köçkünlərin öz evlərinə və mülklərinə qayıtmasıdır. Eyni zamanda, danışıqlar həmişə davam edə bilməz. Beynəlxalq ictimaiyyəti və öz xalqını yanıltmağa vaxt sərf etmək yerinə, Ermənistan status-kvonu saxlamaq cəhdlərinə son qoymalı və öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Rəsmi Yerevan nə qədər tez öz dağıdıcı siyasi gündəminin perspektivlərinin çatışmazlığını anlasa, o qədər tez regionun bütün xalqları sülhdən, stabillikdən və əməkdaşlıqdan faydalana biləcək və Ermənistan öz təcavüzkar, düşmən siyasətinə görə hazırda üzləşdiyi ciddi siyasi, iqtisadi və sosial yükdən qurtula biləcək".
Bu çıxışın effektini azaltmaq üçün erməni KİV-i Məmmədyarov barəsində dezinformasiya tirajlamağa başlayıb. Onlar qeyd edirlər ki, guya Məmmədyarov tez bir zamanda istefaya göndəriləcəyini bildiyi səbəbindən belə danışıb. Xüsusilə də danışıqların davam etdirilə bilməyəcəyi ilə bağlı onun verdiyi açıqlama ətrafında müzakirə açırlar. Qeyd edirlər ki, Bakı heç bir kompromisə getmək istəmir. Hətta Məmmədyarovun danışıqlarda nümayiş etdirdiyi prinsipiallığı onun meydandan gedəcəyi ilə əlaqələndirirlər. Ermənilərin bu fitnəsi nəyə hesablanıb?
Zamin Abdullayev: “Məgər Məmmədyarov olmasa, Azərbaycan bu tələblərindən vaz keçəcək?”
Politoloq Zamin Abdullayev qəzetimizə bildirdi ki, BMT sessiyasında Paşinyanın çıxışı və ona Elmar Məmmədyarov səviyyəsində verilən cavabla bağlı müxtəlif fikirlər sələnir: “Hətta bizim ölkədə belə bu məsələ ilə bağlı birmənalı möve yoxdur. Bilirsiniz ki, həmin sessiyada Azərbaycan dövlət başçısı səviyyəsində deyil, xarici işlər naziri ilə təmsil olunurdu. Bu baxımdan da Məmmədyarovun çıxışı Azərbaycan dövlətinin mövqeyini tam əks etdirir. Paşinyanın hansı mövzuda sərsəmləməsini gördük. Ümumiyyətlə, mövzuya aidiyyəti olmayan fikirləri səsləndirməklə, hətta Azərbaycandan kompromis, güzəşt gözlədiyini bildirdi. Dağlıq Qarabağın SSRİ-nin tərkibindən ayrılmaq hüququndan danışdı. Təbii ki, bu cür qeyri-peşəkar açıqlamaya Məmmədyarov sözbəsöz cavab verməli deyildi. Elmar Məmmədyarov Azərbaycanın mövqeyini sərt şəkildə bəyan etməklə, Paşinyanın bütün arqumentlərini heçə endirmiş oldu. Çünki Azərbaycanın bu məsələdəki mövqeyi uzun illərdir stabil qalır. Ermənilər bu məsələdə guya Məmmədyarovun istefaya göndəriləcəyi ilə manipulyasiya etmək istəyirlərsə, yanılırlar və çox gülünc görünürlər. Hətta Məmmədyarov həmin postda olmasa belə, Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməz olaraq qalacaq. Elmar Məmmədyarovdan əvvəl də həmin postu tutan diplomatlar olub. Onda da demişik və yenə də deyirik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək status verməyə hazırıq, BMT Təhlükəsizlik Şurasının qətnamələri məcburən icra olunmalıdır. Məgər Məmmədyarov olmasa, Azərbaycan bu tələblərindən vaz keçəcək? Bəli, Məmmədyarov doğru olaraq deyib, danışıqlar nəticə vermir. Hanı nəticə? Bizim buna çox da dözmək fikrimiz yoxdur. Nəticəni haqqımız olan başqa vasitələrlə də əldə etməyə qadirik. Ermənilərin əndişəsi məhz bununla bağlıdır”.
Məhəmmədəli QƏRİBLİ