AXCP sədri Əli Kərimlinin nəinki öz opponentlərinə, hətta lazım gəldikdə öz “əqidədaşlarına”, partiyanın sıravi üzvlərinə və səlahiyyətli nümayəndələrinə qarşı daim çirkin üsullarla mübarizə aparması heç kimə sirr deyil. Demokratiya adı altında min bir oyuna girən Ə.Kərimlinin çirkin əməlləri ilə bağlı kifayət qədər həqiqət mətbuatda öz əksini tapıb. Zaman-zaman AXCP-dən istefa verən cəbhəçilər də öz “liderləri”nin çirkin xislətindən, xəyanətkar əməllərindən və antimilli fəaliyyətindən dəfələrlə söz açıblar.
AXCP-dən istefa verən şəxslərin hamısı məhz Ə.Kərimlinin partiyada daxili avtoritarizm yaratması, azad sözün boğulması, tənqidə və fərqli fikrə dözümsüz yanaşması barədə danışırdılar. Sıravi cəbhəçilər bildirirdilər ki, bu partiyada hər şey yalnız bir nəfərə - Ə.Kərimliyə xidmət edir. Ə.Kərimli keçmiş silahdaşlarını uzun müddət yalançı vədlərlə aldadaraq onları istismar edib. Bütün bunlarla yanaşı, son vaxtlar baş verənlər AXCP-də ciddi bir böhran yaşandığından xəbər verir. Ə.Kərimliyə yönəlik partiyadaxili ittihamlar get-gedə daha da artır. İstər sıravi, istərsə də partiyanın müəyyən strukturlarında təmsil olunan cəbhəçilərin timsalında Ə.Kərimliyə yönəlik ittihamlar artır.
AXCP-nin keçmiş sədr müavini Fuad Qəhrəmanlının olayı və bundan sonra onun müavinlikdən getməsi partiyada ciddi çalxantıların növbəti əsasını qoydu. AXCP üzvləri “troll dəstələri” yaradan və onu mükəmməl şəkildə idarə edən sədrlərini ələ verdilər. Belə ki, partiya üzvləri Ali Məclisin üzvü Rəşid Turabovun AXCP sədri Əli Kərimli ilə danışığının səs yazısını mediaya ötürdülər. Həmin səs yazısı bu partiyanın qanunazidd əməllərlə məşğul olduğunu, ictimai rəylə manipulyasiya etdiyini çox açıq şəkildə göstərir.
İndi də AXCP Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev partiyanın sədrinə qarşı bəyanat verib. O, AXCP sədrinin xaricdən gələn qrantlar hesabına ərəb şeyxləri kimi həyat tərzi sürdüyünü deyib: “Partiya daxilində diktatura rejimi qurub. Fərqli düşünənləri, onun antidemokratik hərəkətinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub partiyadan uzaqlaşdırıb. Ə.Kərimli bir siyasi dələduz olaraq bizi aldadıb. Bu gün də gəncləri aldadaraq öz çirkli oyunlarına qurban vermək istəyir”.
Partiyanın ali qurumlarında təmsil olunan şəxslər belə açıq etiraz bəyanatı ilə çıxış edirlərsə, sədri kəskin şəkildə ittiham edib istefa verirlərsə, o zaman partiyanın rayon strukturlarında təmsil olunan sıravi cəbhəçilər nə etməlidirlər? Təbii ki, doğrudan da belə strukturlar varsa. Hərçənd, rayonlarda belə strukturların olması real görünmür. Uzun illərdir Ə.Kərimli tərəfindən yalan vədlərin verilməsi sözügedən strukturların, faktiki olaraq, zamanla yox olmasına gətirib çıxarıb.
“Perspektivi olmayan bir partiyaya vaxtlarını, enerjilərini sərf etməyin heç bir mənası yoxdur”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, partiyanın rayon strukturları varsa, o zaman sıravi cəbhəçilər AXCP-dən uzaqlaşmalıdırlar: “Perspektivi olmayan bir partiyaya vaxtlarını, enerjilərini sərf etməyin heç bir mənası yoxdur. Azərbaycan çoxpartiyalı sistemə 90-cı illərin əvvəllərindən keçib. O vaxtdan ölkədə çoxpartiyalı sistem formalaşdı. Çoxpartiyalı sistemə keçiddən sonra partiyaların ictimai rəyə təsiri əvvəllər daha çox idi, nəinki indi. Azərbaycanda radikal müxalifətin sosial bazası ildən-ilə zəiflədiyinə görə bu partiyalardan istefalar kütləviləşir. Düzdür, belə hallar əvvəllər də olurdu, amma indiki kimi geniş vüsət almamışdı. Bir təşkilatın ki, qərargahı, konfrans keçirməyə zalı, qurultay keçirməyə imkanı yoxdursa, həmin partiyada qalmağa dəyməz. AXCP kimi zəif təşkilatlar hakimiyyətə qarşı radikal mövqe tutanda sıravi üzvlər bu cür radikalizmi qəbul etmirlər. Yəni güc olmaya-olmaya bu cür populist fikirlərlə insanları qarşı-qarşıya qoymağı vətəndaşlar qəbul etmirlər. Ona görə də AXCP-dən kütləvi istefalar baş verir. Dekabrda bələdiyyə seçkiləri olacaq. Gələn il parlament seçkiləri keçiriləcək. Seçkilər yaxınlaşdıqca, sıravi cəbhəçilərin partiyadan kütləvi uzaqlaşması gözlənir. Əvvəlki illərin təcrübəsindən çıxış edərək bunu deyirəm. Bu cür zəif sosial bazası, strukturu olan partiyada qalmaqdansa, sıravi üzvlərin istefa verməsi daha məqsədəuyğundur”.
Vidadi ORDAHALLI