İyulun 24-də, saat 22.00 radələrində, plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Müdafiə Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, ilkin ehtimala əsasən, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.
Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanaraq Hərbi Prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb.
Hazırda Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisinin rəhbərlik etdiyi qrup tərəfindən hadisənin baş verməsinin səbəb və şəraitinin, işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası intensiv davam etdirilir.
Bildirilir ki, hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.
Qeyd olunub ki, Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.
Müdafiə Nazirliyi Xəzər dənizinə düşən MiQ-29 qırıcı təyyarənin axtarışına Hərbi-Dəniz Qüvvələrinin gəmiləri və Hərbi-Hava Qüvvələrinin helikopterlərini cəlb edib. Baki-xeber.com bu barədə nazirliyin mətbuat katibi Vaqif Dərgahlıya istinadən məlumat verib.
“Hərbi-Dəniz Qüvvələrinin gəmiləri və Hərbi-Hava Qüvvələrinin helikopterləri axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub”, - Dərgahlı “İnterfaks-Azərbaycan”a bildirib.
Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub. Bu barədə “Trend” Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.
Baki-xeber.com