Dünya ölkələrinə məxsus orduların 2019-cu il üçün güc reytinqləri açıqlanıb. Ermənistan mediasının dərc etdiyi həmin siyahıda bildirilir ki, ötən illə müqayisədə Azərbaycan bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerdə qərarlaşıb.
Siyahıya ABŞ başçılıq edir. İkinci yerdə Rusiyadır. Çin ordusu isə 3-cü yerdə qeyd edilib. Türkiyə 9-cu, İran 14-cü, Gürcüstan 85-ci yerdədir. Ən maraqlısı budur ki, Ermənistan 12 pillə geriləyərək, 96-cı yerdə qərarlaşıb. Hətta ermənilərin özləri belə, siyahını dərc etməklə Azərbaycandan çox geri qaldıqlarını etiraf etmiş olublar.
Daşdəmir Əliyev: “Onlar həm də bu göstəricilərdən nəticə çıxarmağı bacarmalıdırlar”
Hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu sorğunu “Global Firepower” təşkilatı keçirib: “Qurum ordu reytinqlərini müəyyən edən etibarlı təsisat sayılır və dünya miqyasında ciddi reputasiyaya malikdir. 2019-cu ilin ən güclü ordularının siyahısını açıqlayıb. Siyahıdakı Ermənistan ordusu ilə Azərbaycan Silahlı Qüvvələri arasındakı kəskin fərqin göstərilməsi təəccüblü deyil. Bu elə kənardan da aydın görünür. Əvvəla Azərbaycanın hərbi büdcəsi az qalır Ermənistanın ümumi büdcəsi qədər olsun. Bu amil ordular arasındakı fərqi aydın göstərir. Bundan əlavə, Ermənistan ordusundakı fərarilik faktlarının kütləvi hal almasını elə həmin ölkənin rəhbərliyi etiraf edirsə, bu da əlavə müqayisə imkanı yaradır. Bilmək lazımdır ki, Azərbaycan Ordusunun təlim mərkəzlərində dünyanın ən qabaqcıl, müasir ordularının döyüş və mənəvi-psixoloji hazırlıq üsullarından istifadə edilir.
Bu istiqamətdə bir çox böyük dövlətin Azərbaycanla hərbi əməkdaşlıq sahəsində imzaladığı müqavilələr xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusu NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan bütün tədbirlərdə, təlimlərdə fəal iştirak edərək, dünya dövlətlərinin ordu quruculuğu sahəsində qabaqcıl təcrübəsinə yiyələnir. Məhz 2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ilin mayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi. Artıq ermənilərin özləri də bu fərqi etiraf etməyə məcburdurlar. Mənə elə gəlir ki, onlar həm də bu göstəricilərdən nəticə çıxarmağı bacarmalıdırlar. Bilməlidirlər ki, işğaldan əl çəkməsələr, aralarında çox ciddi güc fərqi olan iki ordu üz-üzə gəlməli olacaq. Nəticəsini özləri yaxşı proqnozlaşdıra bilərlər. Çünki Azərbaycan üçün başqa şans qoymurlar. Bizim də səbrimizin həddi-hüdudu var. Ölkəmiz öz ordusuna arxayın olduğu üçün, ermənilər qarşısında tələbini konkret qoyur və birmənalı olaraq deyir ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ müzakirə mövzusu ola bilməz. Ümidvaram ki, biz yaxın zamanlarda ordumuzun reytinqlərdə açıqlanan qüdrətini hərb meydanında da görə biləcəyik”.
Məhəmmədəli QƏRİBLİ