Bu günlərdə xaricdə yaşan hüquq müdafiəçisi Leyla Yunusun eks-prezident Əbülfəz Elçibəy haqda tənqidi fikirlər işlətməsi ciddi rezonans doğurub. Leyla Yunusa hətta hakimiyyətin kursunu müdafiə edən şəxslər tərəfindən belə sərt cavablar verilib. Ancaq maraqlıdır ki, Leyla Yunusun AXCP-nin orbitində olan Milli Şura adlı bir qurumda təmsil olunduğu və hələ də onunla bağlı hansısa ölçünün götürülmədiyi bildirilir.
Nə qədər qəribə olsa da, Leyla Yunus Milli Şurada təmsil olunur və qurumun rəhbərlərindən biri sayılır. Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzi isə susur. Özlərini Rəsulzadə-Elçibəy siyasi-ideoloji xəttinin davamçısı adlandıran Milli Şura qurumun sədri Cəmil Həsənlinin o qədər də təsirli olmayan çıxışı ilə kifayətlənərək hələ də ortaya ciddi mövqe qoymayıb. Digərlərinə qarşı görülən cəzalandırma metodları, məsələn, üzvlükdən çıxarma Leyla Yunusa tətbiq edilmir. Halbuki, bundan əvvəl Milli Şuranın Koordinasiya Mərkəzi fərqli mövqeyinə görə Mehriban Vəzir, Sahib Kərimli və digər şəxsləri qurumdan kənarlaşdırıb.
Digər üzvlərdən fərqli olaraq, Milli Şurada onsuz da heç bir əməli fəaliyyəti olmayan Leyla Yunusun hələ də qurumda saxlanması, hətta ona müxtəlif səviyyədə etirazların belə olduqca ehtiyatlı ifadələr seçilməklə edilməsi, dözümlü yanaşmanın arxasında hansısa ciddi maraqların dayandığı şübhəsizdir. Leyla Yunus niyə Milli Şuradan çıxarılmır?
Maraqlıdır ki, Milli Şura rəhbərliyində təmsil olunan şəxslərə bu sualla etdiyimiz müraciətə onlar tərəfindən cavab verilmədi.
Natiq Ədilov: “Milli Şura sənədlərində buna görə üzvün xaric olunma bəndi yoxdur”
Qurumda təmsil olunan AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bizimlə söhbətində Leyla Yunusun Milli Şura üzvü olduğu ilə bağlı xəbəri təsdiqlədi, ancaq onun qurumdan çıxarılması üçün əllərində əsasın olmadığını dedi: “Axı bu, fikir azadlığına zidd olardı. Milli Şura sənədlərində buna görə üzvün xaric olunma bəndi yoxdur. MŞ AXCP deyil ki. O təsis olunanda belə müxtəlif baxışa sahib adamı qəbul edib. Hə, bu fəaliyyət davamlı olsa, ümumi işə zərər törədən işə cevrilsə, MŞ bu və başqa üzvün fəaliyyətinə baxa bilər. Amma indilikdə bir söz deyib, hamı da qiymət verib”.
Maraqlıdır, Leyla Yunusun Milli Şurada təmsil olunmasına Elçibəy irsinin davamçıları olan digər partiyaların nümayəndələri necə baxırlar?
Xəzər Teyyublu: “Milli Şuranın əlində tam əsas var ki, Leyla Yunusu qurumdan müzakirəsiz xaric etsin”
Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Leyla Yunusun mövqeyi çox lazımsız idi: “Maraqlıdır ki, Avropanın ən bahalı şəhərində, yaxşı şəraitdə yaşayan bir xanım birdən-birə niyə Elçibəyi təhqir etmək yolunu tutdu? Hesab edirəm ki, onun etdiyi çıxış adi fərdə qarşı yönəlməyib. O, bir dəyəri təhqir edib. Milli Şurada özünü Elçibəy yolunun davamçısı sayan partiyalar, fərdlər varsa, mütləq bu məsələdə mövqelərini ortaya qoymalıdırlar. Onsuz da həmin adam qurumun heç bir tədbirində iştirak etmir. Milli Şuranın əlində tam əsas var ki, Leyla Yunusu qurumdan müzakirəsiz xaric etsin. Onunla eyni qurumda təmsil olunanlar necə Elçibəyçi sayıla bilərlər? Hesab edirəm ki, qurum konkret mövqeyini ortaya qoymalıdır”.
Məhəmmədəli QƏRİBLİ