Müstəqilliyi formal xarakter daşıyan Ermənistanın əcnəbi himayədarlar olmadan mövcudluğunu davam etdirməsinin mümkünsüzlüyü heç kimə sirr deyil. Məhz bu səbəbdəndir ki, Rusiya və Qərb ölkələrinin Ermənistan siyasətinin sərtləşməsi fonunda İrəvanda ciddi həyəcan təbili çalınır. Burada hesab edilir ki, baş verənlər Ermənistanın sosial-iqtisadi tənəzzülünü sürətləndirməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı İrəvanın Bakıya müqavimət imkanlarını tükəndirəcək.
Hazırda proseslərin inkişaf axarı göstərir ki, İrəvanın istər Rusiya, istərsə də Qərbdə özünə dəstək tapmaq cəhdləri iflasa uğramaqdadır. Təbii ki, burada Azərbaycan diplomatiyasının da özünəməxsus rolu var. Bunu erməni politoloq Narek Minasyan da təsdiq edir. O hesab edir ki, Ermənistanda məlum inqilabdan sonra ABŞ-ın Ermənistana gözlənilən dəstəyi verməməsində Azərbaycan tərəfinin addımları mühüm əhəmiyyət kəsb edib. Bundan başqa o vurğulayır ki, Azərbaycan iqtisadi cəhətdən də ABŞ üçün mühüm əhəmiyyətə malikdir və bu səbəbdən Ermənistan daha sürətlə arxa plana keçir. Ekspert açıq şəkildə vurğulayır ki, Respublikaçı Tramp administrasiyası xarici siyasət çərçivəsində dəyərləri deyil, iqtisadi ticarət amillərini prioritet hesab edir. Bu baxımdan da, Azərbaycandan fərqli olaraq, Ermənistanın iqtisadi cəlbediciliyi o qədər də böyük deyil. Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən “Tərəfdaşların imkanlarının möhkəmləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan 2018-ci maliyyə ili ərzində 58,6 milyon dollar alıb, 2019-cu maliyyə ili ərzində isə 42,9 milyon dollar vəsait alacağı gözlənir: “Bu həcmdə yardım narahatedicidir və 2018-ci il ərzində eyni layihə çərçivəsində Ermənistana edilən yardım 4,2 milyon dollar təşkil edib, 2019-cu il üçün isə 2,8 milyon dollar nəzərdə tutulub. Azərbaycana edilən yardımın həcminin artırılması ABŞ-da fəaliyyət göstərən Azərbaycan lobbisinin səylərinin nəticəsidir. Azərbaycan lobbisi istənilən üsulla Azadlığa Dəstək Aktının 907 qətnaməsindən yan keçmə yollarını axtarır”. Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın ABŞ-a səfəri və İran məsələsindəki təzyiqlərlə bağlı verdiyi bəyanata münasibət bildirən Minasyan qeyd edib: “Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin məntiqində müəyyən dəyişikliklərin baş verməsinə zərurət var. Buna görə də parlament diplomatiyası müəyyən əhəmiyyətə malikdir. Tramp administrasiyasının həyata keçirdiyi xüsusiyyətlər, Ermənistan hakimiyyətinə qarşı irəli sürdüyü prioritetlər Ermənistan-ABŞ gündəliyinə yenidən baxılması zərurətini açıq-aydın ortaya qoyub. Tramp administrasiyasının müsbət münasibətinə nail olmaq üçün görüləcək işlər çoxdur. Birmənalı şəkildə müsbət və ya mənfi münasibət haqqında danışmaq o qədər də doğru deyil. Məsələ sırf siyasidir, indiki mərhələdə bir tərəfdən ABŞ-ın Respublikaçılar, digər tərəfdən Demokratlar partiyasının dəyərlərinin aliliyi və siyasi prioritetləri ilə qarşılaşırıq”. Politoloq hesab edir ki, bu qüvvələr üzərində erməni lobbi qurumlarının təsir səviyyəsi ilə də qarşı-qarşıya qalıblar: “Erməni lobbi qurumları müxtəlif amillərdən asılı olaraq, müqayisə üçün, məhz Demokratlarla daha çox bağlıdır. Demokratlar Konqresin Nümayəndələr Palatasında üstünlük təşkil edir. Senatda isə üstünlüyü Respublikaçıların təşkil etdiyi qeyd olunur. Respublikaçı Tramp administrasiyası xarici siyasət çərçivəsində dəyərləri deyil, iqtisadi ticarət amillərini prioritet hesab edir. Bu baxımdan da Ermənistanın iqtisadi cəlbediciliyi, təəssüf ki, o qədər də böyük deyil”. Minasyan bildirir ki, belə vəziyyətdə Qarabağ məsələsində ABŞ-ın Azərbaycana tərəf meyllənməsi İrəvan üçün müsbət nəsə vəd etmir.
Real vəziyyətin təhlili göstərir ki, erməni rəsmilərinin bir-birinin ardınca ABŞ-a son səfərləri də İrəvan üçün hansısa ümidverici nəticələrə gətirib çıxarmayıb. Əksinə, belə bəlli olur ki, İran amili üzündən okeanın o tayıından Ermənistana göstərilən təzyiqlər artır. Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın bu günlərdə verdiyi açıqlama da bunu tam şəkildə təsdiq etdi: “Biz, İrana qarşı sanksiyalar gündəliyinə cəlb edilməsi üçün Ermənistana təzyiq edilməməsini istərdik. Ermənistan bu cür qiymət ödəyə bilməz”. Məsələ ilə bağlı “Amerikanın səsi” radiosunun erməni bölməsi Ermənistanın həqiqətən də çətin duruma düşdüyünü bildirir. Bildirilir ki, Ermənistan ABŞ-İran münaqişəsi fonunda mürəkkəb vəziyyətdədir: “Bir tərəfdən İran Ermənistanın bölgədəki azsaylı dost ölkələrindən biridir. Tehranla İrəvaınn çox vacib və özəl münasibətləri var. İran sərhədi Ermənistanın dünyaya açıq iki qapısından biridir. Digər tərəfdən, Birləşmiş Ştatlar dünyanın bir çox ölkələri kimi Ermənistana görə də çox vacib tərəfdaş və dost ölkədir. Lakin ABŞ-ın öncəki hökumətləri Ermənistanla İran arasındakı yaxın münasibətə anlayışla yanaşaraq dərk edirdilər ki, Ermənistan üçün alternativ çıxış yolu olduqca azdır. Ermənistan Qarabağ münaqişəsi üzündən iki tərəfdən qonşularla blokadaya alınıb, şimaldan isə o qədər də sabit olmayan Gürcüstanla qonşudur. Coğrafi və siyasi baxımdan bu mürəkkəb şəraitdə, o cümlədən ciddi təhlükəsizlik problemləri ilə bağlı İrəvan Rusiyadan birtərfli asılı vəziyyətə düşüb. Bu mürəkkəb şəraitdə Ermənistan öz xarici siyasətini, o cümlədən iqtisadi münasibətlərini şaxələndirmək və alternativ yollar tapmaq problemi ilə üzləşir. İran bu baxımdan Ermənistan üçün həyati əhəmiyyət daşıyan tərəfdaş ölkədir. İrana qarşı baxışları ilə seçilən Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Ermənistan üçün çağırışlar daha da mürəkkəbləşərək artıb. Hakimiyyətə gəldikdən sonra İran məsələsində öz baxışlarını bölüşən bir neçə seçilmiş siyasi xadimi administrasiyasına cəlb edən Tramp, xüsusilə məlum hərbi ritorikası ilə “şahin” kimi tanınan Con Boltonu və Mayk Pompeonu cəlb edib. Bu iki şəxsin yüksək vəzifəyə təyinatında məhz İran məsələsində onların radikal mövqedə olması rol oynayıb.
İndi İrana qarşı ABŞ sanksiyaları bərpa edilib. Yeni sanksiyalar iki paket halında, müvafiq olaraq ötən ilin 7 avqust və 5 noyabr tarixlərində qüvvəyə minib. Ermənistanlı və xarici ekspertlər Ermənistan-İran münasibətləri ilə bağlı Tramp administrasiyasının mövqeyinə dair müxtəlif proqnozlar verirdilər. Amma elə bu günlərdə Vaşinqtonun Karnegi beynəlxalq sülh fondunun Rusiya və Avrasiya proqramının aparıcı elmi işçisi Pol Stronski isə son günlərdə erməni KİV-inə verdiyi müsahibələrində bildirib ki, Ermənistan-İran dostluq münasibətləri İrəvan üçün potensial problemdir və Birləşmiş Ştatlarla Ermənistan arasında ziddiyətlərə səbəb ola bilər. ABŞ-da olan Ermənistan nümayəndə heyətinin rəhbəri Vaşinqtonda Ermənistan-İran münasibətləri və ABŞ sanksiyaları ilə bağlı ABŞ hakimiyyətinə məlum ismarıc ünvanlayırsa, bu, əlbəttə ki, ciddi düşünməyə əsas verir. Maraqlıdır, görəsən bu cür ismarıc artıq ABŞ tərəfindən təzyiq cəhdlərinin olduğunu, yoxsa hələlik İrəvanın narahatlıqlarını ifadə edir? Mirzoyanın bəyanatı ilə bağlı analitiklər haqlı olaraq bir vacib məqamı vurğulayır. İlk öncə harada və hansı dinləyici kütləsinin qarşısında Ermənistan parlament sədrinin çıxış etdiyinə diqqət yetirməyə çağırış edirlər. Başqa sözlə, Atlantik Şurasında Ermənistan parlamentinin spikeri ekspertlər müzakirəsində iştirak edirdi. Bu cür mühitdə bir qayda olaraq səmimi və azad danışmaq, o cümlədən narahatlıqların ifadə edilməsi və müxtəlif risqlərin dəyərləndirilməsi qəbul olunur. Mövzu ilə əlaqədar ABŞ-ın Haydat komissiyasının icraçı direktoru Aram Hambaryanın sözlərinə görə, bəzi əlamətlər Tramp administrasiyasının Ermənistan-İran münasibətləri ilə bağlı maksimal mövqeyini artıq aydın şəkildə göstərir. O, indiki vəziyyətin Ermənistan üçün müsbət nəsə vəd etmədyini də etiraf edir. Amerikalı analitik, ABŞ Dövlət Katibliyinin sabiq xüsusi müşaviri, Vaşinqtonun dünya siyasəti insitutunun professoru Pol Qobl da Ermənistan-ABŞ münasibətlərindən və Ermənistanın gələcəyindən narahatdır. O bildirir ki, Birləşmiş Ştatların indiki prezidentinin Ermənistanın mürəkkəb coğrafi vəziyyətini başa düşdüyünə dair hər hansı əlamət və ya sübut görmür. Qobl erməni KİV-inə müsahibəsində diqqətə çatdırıb ki, Tramp daima öz diqqətini bir məsələdən digər məsələyə yönləndirir və bugünədək onun siyasətini həyata keçirəcək hər hansı komandaya malik deyil: “Ehtimal edirəm ki, İranın təcrid edilməsi haqqında prezidentin bəyanatlarını bürokratiyanın əməkdaşları tərtib edir. Onlar başa salmağa çalışır ki, Ermənistan ya sanksiyalara qoşulmalıdır, ya da etibarsız əməkdaşlıq etməyən tərəfdaş kimi nəzərdən keçirilməlidir”. Bütün bu qeyd edilənlər bir daha Ermənistanın ABŞ-la münasibətlərdə ciddi problemlər yaşamaqda olduğunu göstərir. Amma erməni şərhçi Qalust Qriqoryan bildirir ki, İrəvanın təkcə Vaşinqton yox, Moskva ilə də ciddi problemləri var. Bu fonda o, diqqəti Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin “Rossiya-1” telekanalında Ukrayna barədə çıxışına yönəldir. Həmin çıxışında Jirinovski Zelenskinin Ukraynaın son prezidenti olacağını bildirib. O, ukraynalılara Rusiyaya kömək təklifi edib: “Xilas yalnız Rusiyadadır”. İrəvanda hesab edirlər ki, Jirinovski ad çəkməsə də, bu proqnozlar Ermənistana da aiddir. Qalust Qriqoryan bildirir ki, Jirinovski Ukraynaya dərs vermək istəmir, əksinə, böyük bədbəxtliklər haqqında xəbərdarlıqlar edir: “Bu, Ermənistan üçün də aktualdır. Rusiya artıq Gürcüstanda və Ukraynada addımlar atdı. Belarusda da edəcəklər və bizə çox yaxın vaxtlarda mütləq xəbərdarlıqlar ediləcək. Artıq yeni dünya müharibəsinin olacağını əsas gətirərək, ermənilərə də Rusiya vətəndaşı olmaq təklif edilir. Axı İran Ermənistana daha yaxındır, nəinki Ukraynaya. Artıq Rusiyada Ermənistanla bağlı nələrsə nəzərdə tutulur”. Bütün bunlar İrəvanın ABŞ və Rusiya kimi böyük ölkələrlə münasibətlərində ciddi problemlər yaşadığını göstərir. Belə vəziyyət isə Ermənistanın daha zəif duruma düşməsi və Qarabağ münaqişəsinin həllinin tezləşməsi ilə müşayiət olunmaq iqtidarındadır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.