Məlum olduğu kimi, Fransa məhkəmələri ölkənin müxtəlif şəhərləri və Dağlıq Qarabağ separatçıları arasında imzalanmış “sazişləri” bir-bir ləğv edib. İlk əvvəl mayın 29-da Serji-Pontuaz şəhərinin inzibati məhkəməsi Arnuvil şəhəri ilə işğal olunmuş Xocavənd arasındakı “xartiyanı” qüvvədən düşmüş hesab edib.
Daha sonra Fransa məhkəməsi bu il iyun ayının 11-də yerli bələdiyyələrin separatçı rejimlə imzaladığı daha 4 “xartiyanı” etibarsız sayıb. Məhkəmə bəhs olunan sənədlərin Fransanın üzərinə götürdüyü öhdəliklərə və ATƏT-in Minsk Qrupunun həmsədri olaraq apardığı xarici siyasətə zidd olduğunu göstərib.
Bu sahədə məğlubiyyətə uğrayan Ermənistan indi də digər ölkələrlə bu cür əlaqələr qurmaq istəyir. Erməni mətbuatının yaydığı məlumata görə, Avstraliyanın Rayd şəhərinin bələdiyyə şəhər şurası Xankəndi ilə dotluq münasibətlərini yekdilliklə təsdiqləyib. Bu da guya iki şəhər arasında bir sıra sahələrdə əməkdaşlığın qurulmasına hüquqi əsas verir. O da qeyd edilir ki, sözügedən qərarın indi verilməsi təsadüfi deyil. Guya separatçı rejimin “xarici işlər naziri” Masis Mayilyanın başçılıq etdiyi nümayəndə heyətinin Avstraliyaya səfəri ərəfəsində belə bir qərar qəbul edilib.
Onu da qeyd edək ki, ötən ilin mayında Avstraliyanın Rayd şəhər şurası Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu qurumun “müstəqilliyinə” dəstək verən qətnamə qəbul edib. Sonra bu məsələ gündəmdən çıxdı. İndi də ermənilər Fransada üzləşdikləri məğlubiyyətin əvəzini digər qitələrdəki şəhərlər vasitəsilə çıxmaq istəyirlər. Separatçı qurumun şəhərlərini digər ölkələrin şəhərləri ilə “qardaşlaşdırmaq” istəyirlər. O üzdən, onların bu cəhdlərini ekspertlər necə dəyərləndirirlər?
Seyid Camal Əzimbəyli: “Fransa məhkəmələrinin çıxardığı qərarları bir gün Avstraliya məhkəmələri də verəcək”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, separatçıların bu yöndə səyləri məğlubiyyətə məhkumdur. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Çünki Fransa kimi erməni lobbisinin güclü olduğu ölkə Dağlıq Qarabağ separatçıları ilə imzalanmış “sazişləri” ləğv edirsə, o zaman kim zəmanət verə bilər ki, Avstraliya məhkəmələri də analoji addım atmayacaqlar? Təbii ki, bir gün Avstraliya da bu addımı atacaq. Erməni separatçıları elə bilirlər ki, Avstraliya uzaq bir materikdə yerləşdiyi və Azərbaycanla sıx əlaqələrə malik olmadığı üçün, istəklərinə çata biləcəklər. Yəni işğal altındakı Azərbaycan şəhərlərini erməni adı altında digər ölkələrin şəhərləri ilə yaxınlaşdıracaqlar. Düşünürəm ki, erməni separatçılarının bu yöndə səyləri fiaskoya məhkumdur. Ona görə ki, Azərbaycan Avstraliya ilə diplomatik danışıqlar aparıb bunun qarşısını ala bilər. O üzdən, ermənilər çox sevinməsinlər. Fransa məhkəmələrinin çıxardığı qərarları bir gün Avstraliya məhkəmələri də verəcək”.
Vidadi ORDAHALLI