Son vaxtlar Gürcüstan-Azərbaycan münasibətlərində bəzi təzahürlərin ortaya çıxması fonunda, Gürcüstan-Ermənistan münasibətlərində yaxınlaşma meylləri var. Məsələ ondadır ki, “Keşikçidağ” monastırı ətrafında Gürcüstandakı bəzi dairələr müəyyən təxribatlara əl atdılar. Eyni zamanda, monastırla bağlı əsası olmayan ərazi iddiaları səsləndirildi. İstədilər ki, Azərbaycanı təxribata çəkib iki ölkə arasında nifaq salsınlar. Ancaq onların bu yöndə səyləri nəticə vermədi.
Sanki Ermənistan yaranan vəziyyətlə bağlı fürsət gözləyirmiş kimi, Gürcüstanla bu aralarda yaxınlaşmağa səy göstərir. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Gürcüstana rəsmi səfəri başlayıb. İkigünlük səfər çərçivəsində Mnatsakanyan Tiflisdə Gürcüstan xarici işlər naziri David Zalkaliani, Baş nazir Mamuka Baxtadze, spiker Arçil Talakvadze ilə görüşəcək. Onun, həmçinin, Gürcüstandakı erməni icmasıyla da görüşü nəzərdə tutulub.
Maraqlıdır, Ermənistanın Gürcüstana yaxınlaşmaq səylərinin arxasında nə dayanır?
Məhəmməd Əsədullazadə: “Ermənistan hər vəchlə çalışır ki, iki ölkə əlaqələrini üçüncü əl vasitəsilə sabotaj etsin”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bütün bunların arxasında Ermənistanın müəyyən məqsədləri var: “Əvvəla müəyyən təxribatlara baxmayaraq, Azərbaycanla Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələri inkişaf edir. İki ölkə Avropanın enerji diversifikasiyasında mühüm rol oynayır və müştərək nəqliyyat sisteminin iştirakçılarıdır. Hazırda bu əməkdaşlıq hər iki tərəfin maraqları çərçivəsində davam edir. “Keşikçidağ” monastırı ətrafında yaranan gərginlik artıq öz əvvəlki məcrasına qayıdır. Azərbaycan prinsipial şəkildə öz maraqları kontekstində, bu məsələ ətrafında Tiflislə normal çərçivədə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Ancaq iki ölkə arasında strateji tərəfdaşlığa zərbə vurmağa çalışan Ermənistan yenidən fəallaşıb. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Gürcüstana səfərində anti-Azərbaycan siyasəti ortaya qoymasını istisna etmirəm. Mnatsakanyanın Tiflisə səfər etməsi əsasən Azərbaycanla Gürcüstan arasında baş verən müəyyən problemlərdən istifadayə yönəlib. Həmçinin, Azərbaycan əleyhinə rəsmi Tiflislə yeni plan üzrə çalışmaq üçün danışıqlar aparmasını istisna etmirəm. Ermənistan tərəfi çalışacaq ki, rəsmi Tiflislə əməkdaşlığı dərinləşdirsin və bu əməkdaşlıq Azərbaycan əleyhinə yönəlsin. Rəsmi Bakı Mnatsakanyanın səfərini diqqətə almalı, Azərbaycan əleyhinə hər hansı proses baş verəcəksə, dərhal buna reaksiya verilməlidir. Erməni tərəfi yenidən “Keşikçidağ” məsələsini rəsmi Tiflislə konfidensial olaraq müzakirə edəcək. Həmçinin, Abxaziya dəmir yolunun açılışı və Rusiyadan idxal olunan buğdanın quru yolla Ermənistana daşınması müzakirə olunacaq. Ermənistan hər vəchlə çalışır ki, Azərbaycanla Gürcüstanın əlaqələrini üçüncü əl vasitəsilə sabotaj etsin. Hətta Gürcüstanda yaşayan ermənilərdən bu məsələdə alət kimi istifadə edirlər. Hesab edirəm ki, Ermənistanın bu cəhdləri boşuna olacaq. Gürcüstanla Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq formatı davam edəcək”.
Vidadi ORDAHALLI