23/08/2019 22:24
728 x 90

Mübariz Qurbanlı dünya nazirlərinin hansı beynəlxalq konfransında yekun sənəd imzalamaqdan imtina edib…

img

Erməni KİV-i ölkəmizlə bağlı növbəti dezinformasiyanı tirajlayıb. Həmin məlumatda bildirilir ki, guya Azərbaycan ABŞ-ın dəstəklədiyi düşüncə, vicdan, din, etiqad və ifadə azadlığını müdafiə edən əsas bəyanatı imzalamaqdan imtina edən yeganə Cənubi Qafqaz ölkəsi olub.

Məlumatda qeyd edilir ki, ABŞ Dövlət Departamentində keçirilən "Tarixdə ən böyük dini azadlıq hadisəsi" adlanan üçgünlük nazirlər toplantısının sonuncu günündə ABŞ vitse-prezidenti Maykl Pens və dövlət katibi Mayk Pompeo, 106 ölkədən yüzlərlə nazir çıxış edib. Qeyd olunur ki, Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təmsil edib. Ermənistan nümayəndə heyətinə isə XİN rəhbəri Zöhrab Mnatsakanyan rəhbərlik edib.

ABŞ hökuməti yığıncağa müxtəlif bölgələrdə dini azadlıqla bağlı narahatlığa dair 9 bəyanat təqdim edib. Bunların arasında terrorizmə qarşı mübarizə; Birma-Myanmadakı vəziyyət; Çində dini azlıqların vəziyyəti və s. bəyanatlar olub. İştirakçı ölkələrə əsas məsələlər üzrə ümumi narahatlığı nümayiş etdirmək üçün bəyanatlara qoşulmaq imkanları verilib. Azərbaycan 9 bəyanatdan 4-nü, o cümlədən, terrorçu və ekstremist qruplar tərəfindən dini azadlığın sistematik, davamlı və görünməmiş şəkildə pozulmasını pisləyən bəyanatı dəstəkləyib. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti küfr və mürtədlik haqqında qanunlara dair bəyanatları dəstəkləməyib. Digər Cənubi Qafqaz ölkələri - Gürcüstan və Ermənistan bütün bəyanatları dəstəkləyiblər.

Erməni mediasının yaydığı bu məlumatda olduqca ziddiyyətli məqamlar nəzərə çarpır. Çünki təqdim edilən formatda ölkəmizin niyə məhz komitə sədri səviyyəsində təmsil olunduğu maraqlı görünür. Bundan əlavə, dini tolerantlığın yüksək səviyyədə olduğu Azərbaycan niyə bu istiqamətdə olan bəzi sənədləri imzalamaq istəməsin?

Məlumatın nə dərəcədə həqiqət olub-olmadığını aydınlaşdırmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat öyrənmək cəhdlərimiz alınmadı. Ancaq apardığımız araşdırma nəticəsində məlum oldu ki, ABŞ tərəfinin dəvəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 16-18-də Vaşinqton şəhərində keçirilmiş Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında həqiqətən  iştirak edib. Qurumdan verilən məlumatda qeyd edilir ki, konfransa 100-dən artıq dövlətin və 10-dan çox beynəlxalq təşkilatın rəsmiləri, habelə dini liderlər və vətəndaş cəmiyyəti qruplarının nümayəndələri qatılıblar.

ABŞ-ın vitse-prezidenti Mayk Pens, dövlət katibi Mayk Pompeo və Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbek tədbirdə çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Mübariz Qurbanlı çıxışında ölkəmizin dünyəvi dövlət olduğunu, respublikamızdakı mövcud dövlət-din modelini, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşadığını, cəmiyyətimizin tolerantlıq və multikulturalizm ənənələrinin bir nümunə olduğunu vurğulayıb. O, həmçinin, qeyd edib ki, bu ənənələri daha da gücləndirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir, dini icmaların inkişafı üçün onlara maddi yardımlar edilir. Ölkəmizin beynəlxalq aləmdə model olduğunu söyləyən M.Qurbanlı antisemitizmin olmadığı və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycanın dinlər və sivilizasiyalar arasında dialoqu təşviq edən əsas dövlətlərdən biri olduğunu vurğulayıb. M.Qurbanlı, həmçinin, cari ilin noyabrında Azərbaycanın Dünya dini liderlərinin II Bakı sammitini keçirəcəyini də xatırladıb.

Bəzi münaqişələrin sonradan dini dona salınmasının yolverilməz olduğunu söyləyən M.Qurbanlı belə addımların qınanmasının və onların qarşısının alınmasının vacibliyini qeyd edib. O, dinlərin barışa və sülhə töhfə verməli olduğunu, bu xüsusda xristian və müsəlman dini liderləri Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən münaqişənin həllinə və bir milyonadək soydaşımızın öz doğma yurd-yuvasına qayıtmasına yardım etməyə çağırıb.

Göründüyü kimi, sözügedən tədbirdə ölkəmizin hansısa sənədlərə qol çəkməkdən imtina etməsinə dair heç bir məlumatdan söhbət getmir. Çox güman ki, ermənilər belə dezinformasiyaları yaymaqla ölkəmizin tolerant, mültikultural ənənələrinə, bu istiqamətdə əldə etdikləri uğurlara kölgə salmaq istəyirlər. Məlumdur ki, dini dözümlülük və həmin istiqamətdə olan azadlıqlarla bağlı Azərbaycan dünyaya örnək olacaq səviyyədə inkişaf edib. Ölkəmiz bu mövzuda olan təbliğatın aparılmasında bir generator rolunu oynayır. Bizim bu mövzuları əhatə edən irimiqyaslı tədbirlərə evsahibliyi etməyimiz buna əyani sübutdur. Ermənistan belə dəyərlərdən tam kənar qaldığı, monoetnik bir ölkə olduğundan, Azərbaycanın uğurlarını bu cür qarayaxmalarla heçə endirməyə çalışır.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər