23/08/2019 00:55
728 x 90

Ermənistan hansı potensialla regionun enerji habı olmaq istəyir...

“Ermənistanın regionda enerji habı rolunda çıxış etmək potensialı yoxdur”

img

Ermənistan rəsmisi Hayk Badalyan ölkə mətbuatına açıqlamasında bildirib ki, Şimal-Cənub elektrik ötürücü xəttinin tikintisilə Ermənistan guya regionda elektrik enerjisi habına çevrilir.

O bunu belə əsaslandırmağa çalışıb: “Şimal-Cənub proqramının Mərkəz-Cənub hissəsi indi həyata keçirilmə mərhələsindədir. İndi İran İslam Respublikasıyla 400 kilovolt elektrik ötürücü xəttinin tikintisi davam etməkdədir. Mərkəz-Cənub ilə əlaqələndiriləcək Mərkəz-Şimal yolunun tikintisi da müzakirə olunur. Bu da Ermənistan-Gürcüstan 400 kilovolt elektrik ötürücü xəttinin tikintisi proqramıdır. Bunun nəticəsində ümid edirəm ki, regionda elektrik enerjisinin habı olarıq”.

Bununla belə, Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Rusiya mətbuatına verdiyi açıqlamada bildirib ki, Ermənistan, Rusiya, Gürcüstan və İranın enerji şəbəkələrinin birləşdirilməsi 2-3 il ərzində tamamlana bilər.

Qeyd edək ki, hələ 2015-ci ilin dekabr ayında Ermənistan, Rusiya, Gürcüstan və İran qarşılıqlı elektrik axınlarının və enerji sistemlərinin təhlükəsizliyinin idarə olunması səviyyəsinin yaxşılaşdırılması üzrə əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Avinyanın sözlərinə görə, hazırda Ermənistan tərəfi Gürcüstan və İranla yüksək gərginlikli xətt çəkir. O deyib ki, Ermənistan, Gürcüstan, Rusiya və İran şəbəkələrinin fəaliyyətinin sinxronlaşdırılması vacibdir: “Şəbəkələrin birləşdirilməsinin məqsədi tək bir qlobal bazarın və qlobal enerji infrastrukturunun olmasıdır. Biz Rusiya ilə sinxron şəkildə işləmək və ya tezliklərin konvertasiya edilməsinə imkan verəcək bir sistem qurmaq istəyirik”.

Regionda enerji layihələrinin həyata keçirildiyi əsas ölkə Azərbaycandır. Bununla bağlı geniş danışmağa lüzum yoxdur. Belə olan halda, Ermənistan hansı potensialla regionun enerji habı rolunda çıxış edə bilər?

  • Əli Əlirzayev: “Bu barədə erməni rəsmilərinin səsləndirdiyi fikirlər reallıqla uzlaşmır”

Sözügedən məsələni dəyərləndirən iqtisadçı-alim Əli Əlirzayevin fikrincə, Ermənistan rəsmilərinin bununla bağlı ölkələri barədə səsləndirdiyi fikirlər xam xəyaldır: “Ermənistanın regionda enerji habı rolunda çıxış etmək potensialı yoxdur. Bu barədə erməni rəsmilərinin səsləndirdiyi fikirlər reallıqla uzlaşmır. Bunun üçün gərək ciddi əsaslar olsun. Neçə ildir Ermənistan bu yöndə çalışır, amma ortalıqda real nəticələr yoxdur. Bu sahədə regionda aparıcı ölkə Azərbaycan çıxış edir. Bir müddət əvvəl Bakı və Tehran Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi dəhlizinin yaradılması imkanını müzakirə ediblər. 2018-ci ildə Bakıda Azərbaycan, İran və Rusiya elektrik enerjisi sistemlərinin birləşdirilməsi məqsədilə üçtərəfli işçi qrup yaradılıb. Ötən ilin oktyabrında işçi qrupun ilk iclası keçirilib. Bununla bağlı ölkələr arasında müzakirələr davam edir. Sözügedən ölkələr bu sahədə Azərbaycanla əməkdaşlığa daha çox önəm verir, nəinki Ermənistanla”.

Vidadi ORDAHALLI 

Son xəbərlər