Ermənistanın yeni iqtidarının hələ də Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe nümayiş etdirməkdən yayınması, əksinə, daxili auditoriyaya hesablanmış hərbi bleflər etməsi münaqişənin güc yolu ilə çözülməsini tətikləyən faktorlar kimi çıxış etməkdədir.
Münaqişənin belə yolla həllinin isə Ermənistana böyük fəlakətlər gətirəcəyinə dair əslində uzun müddətdir ki, Ermənistanın özündə də həyəcan təbili çalınır. Bu hal Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda müharibə qorxusu haqda danışması və orduya hazırlıq əmri verdiyini, hər şeyin nəzarət altında olduğunu bəyan etməsi fonunda özünü yenidən qabarıq göstərir. Qeyd olunan fonda erməni şərhçi Qarnik Qevorqyan Paşinyanın artıq ikinci dəfədir Qarabağla bağlı danışdığına diqqət çəkib: “Paşinyan bu mesajlarla cəmiyyəti sakitləşdirməyə çalışır. Lakin reallıqda Qarabağ cəbhəsində vəziyyət gərgindir. Xüsusilə beynəlxalq platformada da münaqişə ilə bağlı yanaşmalarda təhlükələr hiss olunur. Təhlükə ilk növbədə Rusiyadan gəlir. Ötən ay Rusiya siyasətçiləri və ekspertlərindən ibarət qrup Azərbaycana baş çəkdi və Lələtəpə yüksəkliyində antiermənistan bəyanatlar səsləndirdi. Onlar tezliklə ərazilərin Azərbaycana qaytarılmasını tələb etdilər. Ruslar “Lavrov planı”nı nəzərdə tutur. İyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü. Görüşlə bağlı ATƏT-in Minsk Qrupunun bəyanatına ilk dəfə “substantiv danışıqlar” fikri daxil edilib. Bu, Azərbaycanın tələbidir və görünür, beynəlxalq platformada Azərbaycanın tələbləri qəbul edilir”. Erməni ekspert qeyd edib ki, buna paralel olaraq, rusiyalı ekspertlər yaxınlaşan müharibədən bəhs edirlər: “Bu mesajlar Ermənistanın ictimai rəyinə hesablanıb: əgər yeni müharibə istəmirsinizsə, “mərhələli həll variantına” razılaşın, əraziləri qaytarın. Bu, Rusiyanın istədiyi ssenaridir, lakin həmsədrlərin son bəyanatı Qərbin də bu ssenariyə razı olduğunu göstərir. Burada əsas sual Ermənistanın belə vəziyyətdə hansı resurslara malik olmasıdır. Misal üçün, müdafiə naziri David Tonoyanın silahlı qüvvələrin inkişafı ilə bağlı ötən həftə təqdim etdiyi konsepsiya xəyaldan başqa bir şey deyil. Ümumilikdə dövlət idarəçiliyinin digər sistemlərinin də adekvatlılığı nəzərəçarpan deyil. İndiki halda diplomatiya mühüm əhəmiyyət kəsb edir, hərçənd, diplomatik korpusun beynəlxalq platformada Ermənistanın əleyhinə olan həll planına qarşı hər hansı fəaliyyət göstərdiyi görünmür. 2016-cı ilin aprel müharibəsində Ermənistanın dövlət siyasətinin adekvat olmaması məğlubiyyətlə başa çatdı. Ehtimal ki, bu tarixdən dərin nəticələr çıxarılmayıb. Və məlumdur ki, tarixin təkrarlanmaq vərdişi var”.
Qeyd edilən fikirlərdən aydın görünür ki, erməni tərəfi yaranmış vəziyyətdən ciddi narahatlıq keçirir. Xüsusən də Rusiyanın mövqeyi və Ermənistandan gedərək uzaqlaşması düşmən ölkədə böyük əndişə yaradıb. İrəvan belə vəziyyətdə Qərbdən, xüsusən də ABŞ-dan yardım almaq istəyir. Lakin fransalı şərhçi Olivye Morel bunun əbəs olduğunu vurğulayır. Onun fikrincə, Qərb, ilk növbədə amerikalı ideoloqlar hesab edirlər ki, münaqişə Dağlıq Qarabağın mərhələli şəkildə Azərbaycana qaytarılması çərçivəsində həll olunmalıdır: “Ermənistanın yeni baş naziri Nikol Paşinyan Vaşinqtondan dəstək almaq üçün bu ssenari ilə razılaşmağa məcburdur. Diqqətçəkən məqamlardan biri odur ki, Ermənistan kimi kiçik ölkədə ABŞ-ın böyük diplomatik korpusu mövcuddur. Görünür, Ermənistan Amerikanın ciddi nəzarəti altındadır”. Ekspert qeyd edir ki, ABŞ Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın indi tək aparıcı vasitəçi olmasını istəmir: “Ruslar “Lavrov planı” ilə münaqişəni həll etmək və dominantlığı qorumaq niyyətindədir. ABŞ isə buna qarşı öz variantlarını hazırlayır. ABŞ-ın Ermənistana marağının böyük olması təsadüfi deyil. ABŞ milli təhlükəsizlik layihəsinin analitiki Daniel Trumanın fikrincə, Ermənistan Cənubi Qafqazda türklərə qarşı İranın tarixi müttəfiqidir. Bu gün Ermənistan İranın yeganə sakit sərhədidir. Tehran Ermənistanı fars imperiyasının müvəqqəti itirilmiş ərazisi kimi qəbul edir. Ona görə də İran ötən il Ermənistanın Gürcüstanda və Rumıniyada keçirilən NATO təlimlərimdə iştirakını “arxadan zərbə” olaraq qiymətləndirdi. Ermənistan üçün regionda İrandan başqa müttəfiq yoxdur. Çünki Azərbaycan, Türkiyə və Gürcüstan birgə ittifaq qurur, İrəvan üçünsə yeganə yol Tehran qalır. İrana hücuma hazırlaşan ABŞ üçün Dağlıq Qarabağın həlli vacibdir. ABŞ məsələni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözmək istəyir”.
Beləliklə, qeyd edilənlərdən aydın olur ki, Minsk Qrupunun iki həmsədrinin, eləcə də regionda iki əsas oyunçunun gedişləri heç də Ermənistanın lehinə deyil. Minsk Qrupunun digər həmsədri olan Fransanın da proseslərə baxışı, əslində, erməni tərəfində ciddi narazılığa yol açmaqdadır. Bunu Ermənistanın “1-in am“ portalının yazdıqlarından da aydın görmək olar. Portal yazır: “Fransa və Azərbaycan arasındakı münasibətlərin qəflətən mülayimləşməsində Amerika demarşından sonra Avropa ölkələrinin özünü müdafiəsiz hiss etdiyi şərait çox böyük rol oynayır. Politoloq Anuş Sedrakyan Fransa və Azərbaycan arasındakı münasibətlərdə yaxınlaşma faktını şərh edərək bu məqama xüsusi diqqət yetirir.
Qeyd edək ki, iyulun 20-də Fransaya yollanacaq Azərbaycan Pezidenti İlham Əliyev bunadək Emmanuel Makrona məktub göndərərək qeyd edib: “Bz Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Fransaya – həm ATƏT Minsk Qrupunun həmsədr ölkəsi kimi, həm də şəxsən Sizə – böyük ümid bağlayırıq. Biz beynəlxalq hüquq normalarına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində münaqişənin dinc, ədalətli tənzimlənməsini böyük səbrsizliklə gözləyirik”.
Fransa da Azərbaycana silah satışını təkzib edib, amma məlumdur ki, Fransa tərəfi Azərbaycan tərəfinə peyk satıb. Anuş Sedrakyanın sözlərinə görə, Azərbaycan, iqtisadi resurs da daxil olmaqla, istənilən şeyi hərbi məqsədlər üçün istifadə edə bilər. Politoloq qeyd edib:“Avropa ölkələri isə münasib və qeyri-münasib bütün yerlərdə müttəfiqlər arayır. Sual doğa bilər – bu müttəfiq niyə Ermənistan deyil? Çünki Avropanın qarşısındakı problem hüquqi, yaxud demokratik məsələlər planında deyil, qaz, energetika, iqtisadiyyat, hərb planında durur. Amerika bazarı məhdudlaşandan sonra bazar uğrunda mübarizə gedir, buna görə də Avropa tərəfdən elan edilən dəyərlərə uyğun gəlməyən hərəkətlər görürük. Bu, ABŞ-da son prezident seçkilərindən sonra başlanmış ümumi tendensiyadır. Hazırda Azərbaycanın öz yerini tapacağı əhatəli yerdəyişmələr baş verir, çünki bu bazara gətiriləcək resursa malikdir”. Ermənistana gəlincə, Anuş Sedrakyanın sözlərinə görə, durum problematikdir.“Biz öz bazarımızı Rusiyada axtarırıq, amma mən bu qədər müddət boyunca bir dəfə görməmişəm ki, Rusiya Ermənistana səmərəli təklif versin. Onun verə biləcəyi yeganə şey müharibəyə təhrik etməməkdir”.
Fransa Strateji Araşdırmalar Mərkəzinin eksperti, politoloq Kayts Minasyan qeyd edib ki, Fransa Azərbaycana peyk satıb və o bununla sərhəddə baş verənləri müşahidə edə bilər. O vurğulayıb: “Bu, silahdır, ya deyil? Fransızlar üçün silah deyil, Azərbaycan üçün silahdır. Bu, Ermənistan üçün təhlükəlidir. Fransızlar haqq qazandırırlar ki, bunun nəticəsi aydın deyil, guya peyk predmetləri 10 metr fərqlə qeydə alır. Bunların hamısı boş sözlərdir – tank və təyyarə əla görünür”.
Politoloqun sözlərinə görə, Ermənistan tərəfi öz məsələlərini konkret qaldırmalıdır. Kayts Minasyan deyib: “Fransızlar tank, ya təyyarə satmır, amma peyk satmaqla Ermənistan tərəfini zəiflədir. Bundan savayı, Azərbaycan Ermənistan-Fransa münasibətlərinə çiv vurmaq istəyir və bunun üçün istənilən bəhanədən faydalanır. Azərbaycan iqtisadiyyatı güclüdür və o, Fransa ilə, ya da hər hansı ölkə ilə münasibətlərdə bu üstünlükdən istifadə etməyə çalışır. Ermənistan tərəfi Fransa ilə sərt danışmalıdır”.
Politoloqun sözlərinə görə, əvvəlki hökumət bu planda xeyli zəif idi. “Sarkisyan hökuməti güclülərlə zəif, zəiflərlə güclü idi. Bu hakimiyyətin mövqeyi məğlubiyyətçilik idi və zəiflərlə – öz xalqı ilə, diasporla yalnız laqeydliklə, dözümsüzlüklə danışmağı bacarırdı. Amma Serj Sarkisyanın ruslara, amerikalılara, fransızlara cavabları çox zəif, qorxaq idi”.
Bütün bunlardan aydın görünür ki, ABŞ, Rusiya, Fransanın regionda proseslərə baxışı, Qarabağ məsələsinə yanaşması indiki şəraitdə Azərbaycanın maraqlarına tam cavab verir. Bütün bunlar Ermənistanın Qarabağ məsələsində mövqelərinin daha zəif hala gəldiyini göstərir. Məhz bu vəziyyətdə İrəvanın addımları ilə məsələni hərb müstəvisinə daşımaq niyyəti Ermənistanın intiharı kimi qiymətləndirilir. Ermənistan mediası yazır ki, bu şəraitdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Nikol Paşinyanla görüşü təsadüfi deyil. Məlumatlara görə, Ter-Petrosyanla Paşinyan görüşdə xarici siyasət və Qarabağ münaqişəsinə dair məsələləri müzakirə edib. Görüşün Levon Ter-Petrosyanın təşəbbüsü ilə baş tutduğu deyilir. Ermənistanın “lragir” saytı isə görüşdə Qarabağla bağlı yeni konsepsiyanın hazırlanması ilə bağlı müzakirələrin aparıldığını yazır. Sayt qeyd edir ki, Paşinyanın Qarabağ məsələsində açıqlama və mövqeləri təhlükəlidir, müharibəni alaovlandıra bilər. Amma o da qeyd olunur ki, Ter-Petrosyanın Ermənistanın gələcəyi üçün münaqişənin təcili həll edilməsi haqda mövqeyi də ortadadır. Böyük ehtimalla, görüşdə Ter-Petrosyanın ərazilərin qaytarılmasının vacibliyi haqda fikirləri müzakirə olunub. Hesab edilir ki, Paşinyan buna getməzsə, Ermənistanı olduqca ağır vəziyyət gözləyir. Hər halda istisna deyil ki, Ter-Petrosyan Qarabağ məsələsində Paşinyanın başına ağıl qoymaq istəyib. Bunun nəticələri yaxın tezlikdə özünü büruzə verəcək. Hər halda, hərbi və diplomatik müstəvidə vəziyyət tam Azərbaycanın lehinədir və Ermənistan bunu nəzərə almağa məcburdur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.