Ermənistanda son hakimiyyət dəyişiklyindən sonra bu ölkənin Rusiya ilə münasibətlərində ciddi dəyişikliklər olması barədə deyilənlər real hadisələr fonunda özünü tam doğruldur. Xüsusən də Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın əsgərlərinin son təlimi Moskva və İrəvan arasında kəskin ziddiyyətlərin mövcudluğunu tam şəkildə üzə çıxarıb. Hərbçilərin “KamAZ” yük avtomobilləri ilə kəndə girərək avtomat silahlardan havaya atəş açması işğalçı ölkə ilə Rusiya arasında qalmaqala səbəb olub.
Qeyd edək ki, hadisə Şirak vilayətinin Panik kəndində baş verib. Rusiya hərbçiləri kəndə qəflətən girərək yerli sakinlərin başı üstündə atışma təşkil edib. Ermənistanın bəzi nəşrlərinin yazdığına görə, insanlar təlaş içində öz evlərində gizlənməyə başlayıb, küçədə oynayan uşaqlar isə şok vəziyyətinə düşüb. Bəzi kənd sakinləri müharibə başladığını düşünərək panika içində qaçmağa üz qoyub. Kənd icmasının rəhbəri Vardan Makeyan “Aravot” qəzetinə bildirib: “Otuza qədər əsgər kəndin yolunu kəsdi, öz kalonlarını saxladı, eləcə də səslər, atəşlər! Yaxşı ki, patronlar döyüş patronları deyildi. Bu səslərdən sonra bütün əhali evlərindən çıxıb qaçdı, hətta uşaqlar arasında ürəyi gedənlər oldu”. Makeyan bildirib ki, kəndin ərazisindən heç vaxt hərbi poliqon kimi istifadə olunmamışdı və Rusiya hərbçilərinin heç bir xəbərdarlıq etmədən təlim adı altında kəndə basqın etməsi təhqirdir: “Yaxşı, başa düşdük hərbi baza var, sağ olun, qoruyursunuz, amma bu o demək deyil ki, gəlib kəndin içində döyüş əməliyyatı qurasınız!”. Makeyan qeyd edib ki, baş verənlər haqda xəbəri polisə və Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çatdırıb.
Baş verənlərin bir hissəsini kənd sakinləri telefonla çəkə bilib. Sosial şəbəkələrdə yerləşdirilmiş videolardan birində rus əsgərlərinin hərbi kalonunun atəş açaraq kəndə necə daxil olduğu görünür. İkinci videoda isə kənd sakinləri hərbçilərin komandirini saxlayıb və ondan nə üçün kəndə girərək atəş açdıqları haqda soruşurlar. Kəndlilər komandirdən tələb edirlər ki, bu hərəkətlərinə izah versinlər. Onlardan bəziləri hərbi baza komandanlığının rəsmən üzr istəməli olduğunu bildirir, digərləri baş verənləri təxribat adlandırır. Komandir isə, kəndlilərin tələblərinə baxmayaraq, özünü təqdim etmir, ancaq onları sakitləşdirməyə çalışaraq baş verənlərin təlim olduğunu, hərbçilərin boş patronlardan istifadə etdiyini deyir. İnsidentlə bağlı Şirak vilayətinin qubernatoru Karen Saruxanyan 102-ci bazanın kadr heyəti üzrə komandir müavini Aleksey Polyuxoviçlə görüşüb. Polyuxoviç baş verənlərə görə üzr istəyib və gələcəkdə belə halların baş verməyəcəyinə dair söz verib. Erməni mediası yazır ki, Rusiya komandanlığının təlimlər barədə yerli hakimiyyətə hər hansı xəbərdarlıq etməməsi İrəvanı aşağılamaqdan başqa bir şey deyil. Bildirilir ki, rus hərbçiləri özlərini ölkənin əsl sahibi kimi aparırlar. Bu arada məlum olub ki, təlimlərin əvvəlcə bilavasitə kənddə keçirilməsi planlaşdırılmırdı. İndi təlimlərin məhz kənddə, ozü də yerli hakimiyyət orqanları xəbərdar edilmədən keçirilməsi xüsusi maraq doğurur. Ermənistan KİV-i erməni kəndinin “işğalı”nın hakimiyyətə gələndən sonra Qərbpərəst siyasətini gizlətməyən baş nazir Nikol Paşinyana Kremlin mesajı olduğunu istisna etmir. Yeri gəlmişkən qeyd edək ki, bu insident Nikol Paşinyanın Brüsseldə NATO sammitində iştirakından sonraya təsadüf edib. Xatırladaq ki, Moskva Paşinyanın NATO sammitinə qatılmasını istəmirdi və bundan qəzəbli idi. O cümlədən Rusiya Ermənistanın son illər NATO ilə tərəfdaşlığı genişləndirməsindən bərk narazıdır.
Onu da bildirək ki, Ermənistan hökumətinin son iclasında 102-ci hərbi bazanın bir qrup hərbçisinin Panik kəndinə daxil olaraq atəş açması müzakirə olunub. Nikol Paşinyan iclasda çıxış edərək, bu insidentə görə Rusiya hərbi bazasında məsuliyyət daşıyanların hamısının cəzalandırılmasını tələb edib: “Bəyan etmək istəyirəm ki, bu, sadəcə olaraq, yolverilməz insidentdir. Mən bunu Rusiya-Ermənistan dostluq münasibətlərinə qarşı təxribat və Ermənistanın suverenliyinə qəsd sayıram”. Baş nazir bildirib ki, insidentin hansı prosedurla araşdırılmalı olduğu aydınlaşdırılmalıdır. Bu məsələyə Rusiya hərbi bazasına dair müqavilə və Ermənistan qanunvericiliyi çərçivəsində baxılmalıdır: “İstənilən halda, polis insidentlə bağlı materiallar hazırlayır və sonrakı təhqiqatın effektli olmasına ümid edirəm”.
Beləliklə, proseslər getdikcə daha maraqlı xarakter alır və Rusiya ilə Ermənistan arasında vəziyyətin kəskinləşməsi müşahidə olunur. Görünən odur ki, Rusiya Ermənistanın onun orbitindən çıxmasına qarşıdır və artıq hərb müstəvisində Paşinyana ilk xəbərdarlığını edib. Paşinyan yolundan dönməyəcəyi təqdirdə onu hərb müstəvisində daha ağır cəzalar gözləyir.
Nahid SALAYEV