Rauf Zeyni: “Təqdim olunan hesabat 11 aprel seçkilərinə kölgə salmaq gücündə deyil”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) iyulun 18-də Azərbaycanda aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələri haqqında yekun hesabatını dərc edib.
Hesabatda Azərbaycana seçki qanunvericiliyinə yenidən baxmaq və bunu növbəti seçkilərə qədər etmək tövsiyə olunub. Sitat: “Qanunvericiliyin beynəlxalq standartlara və öhdəliklərə çatdırılmasında məqsəd Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təmin edilməsi, bütün boşluqların və ziddiyyətlərin aradan qaldırılması, DTİHB-nin və Avropa Şurasının əvvəlki tövsiyələrinin yerinə yetirilməsindən ibarətdir”. DTİHB, həmçinin, səsvermə günü yol verilmiş pozuntuları hərtərəfli və müstəqil şəkildə araşdırmağı tövsiyə edir: “Seçki məntəqələrində vebkameralardan alınmış görüntülər, seçici siyahıları, etibarsız hesab olunmuş bülletenlər müzakirə predmeti olmalıdır”. Həmçinin, ictimai etimadın artırılması məqsədilə seçki administrasiyalarının üzvlərinin təyin edilməsi formuluna yenidən baxmaq tövsiyə olunur. Eyni zamanda, diffamasiyaya görə, o cümlədən onlayn-kontentdə diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməsi təklif edilir. Saytların bloklanması funksiyalarının yalnız məhkəmələrə verilməsi və bu saytlar siyahısının ictimaiyyətə açıqlanması zərurəti vurğulanır.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 11 aprel seçkiləri ilə bağlı açıqladığı hesabatı necə qiymətləndirmək olar?
Seçkiləri yaxından izləyən və monitorinqini aparan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə bildirdi ki, sözügedən təsisatdan biz daim qərəzli mövqe görmüşük: “Biz bütün beynəlxalq təşkilatların hesabatlarına obyektiv yanaşmağa çalışırıq. Amma təəssüflər olsun ki, ATƏT-in DTİHB adlı qurumu ənənəsinə sadiq qalaraq, qərəzdən əl çəkə bilmir. Qurum məxsusi olaraq Azərbaycanla bağlı olan hallarda daim ədalətsizliyə yol verir. Bu hesabatı da həmin qəbildən saymaq olar. Bunu yolverilməz sayırıq. Biz beynəlxalq təşkilatlardan bütün ölkələrə qarşı eyni ədalətliliyi gözləyirik. Onlar ölkəmizdə olarkən bizdən bu münasibəti görürlər. Hesabatla tanış olduqda bir daha məlum olur ki, beynəlxalq təşkilatlar öz prinsiplərinə zidd olaraq, obyektivliyi bir kənara qoyurlar. 11 aprel seçkilərinin obyektiv, dünya standartlarına uyğun şəkildə keçirilməsi ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların və ölkələrin rəyləri təqdim olunub. Həmin seçkinin nəticələri tanınıb və onun əsasında yeni seçilən ölkə başçısı səlahiyyətlərinin icrasına başlayıb. Çox yüksək səviyyədə azad, şəffaf və ədalətli seçki keçirildi. Hesabatda bizim qanunvericiliyimizin dəyişdirilməsi tövsiyə olunur. Bizim seçki qanunumuz tam beynəlxalq standartlara uyğundur. İstənilən qanun təkmilləşdirilə, inkişaf etdirilə bilər. Bu, daimi prosesdir. Amma bu adla Azərbaycanın şəffaf seçkilərinə kölgə salmaq yolverilməzdir. Hazırda bizim hansısa qanunumuzun onların istəyinə uyğun şəkildə dəyişdirilməsinə zərurət duyulmur. Azərbaycana qarşı münasibət adekvat olmalıdır. Baxsınlar və görsünlər ki, Azərbaycan dünya ilə hansı səviyyədə demokratik normalara uyğun rəftar edirsə, onlar da bunu etsinlər. Təqdim olunan hesabat 11 aprel seçkilərinə kölgə salmaq gücündə deyil”.
Məhəmmədəli QƏRİBLİ