Fikrət Sadıqov: “Onun dedikləri havaya buraxılan ifadələrdir”
İki gün əvvəl Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın əsgərlərinin “KamAz” yük avtomobilləri ilə kəndə girərək avtomat silahlardan havaya atəş açması işğalçı ölkə ilə Rusiya arasında qalmaqala səbəb oldu.
Belə ki, hadisə Şirak vilayətinin Panik kəndində baş verib. Rusiya hərbçiləri kəndə qəflətən girərək yerli sakinlərin başları üstündə atışma təşkil ediblər. Ermənistanın bəzi nəşrlərinin yazdığına görə, insanlar təlaş içində öz evlərində gizlənməyə başlayıblar, küçələrdə oynayan uşaqlar isə şok vəziyyətinə düşüblər. Rusiya tərəfinin açıqlamasına görə, 102-ci bazanın hərbi qulluqçuları təlimlər keçiriblər. Lakin erməni KİV-i təlimlərin bu formada keçirilməsini yolverilməz hesab edib və buna etiraz bildirib.
Digər tərəfdən, hesab edilir ki, Rusiya komandanlığının təlimlər barədə yerli hakimiyyətə hər hansı xəbərdarlıq etməməsi İrəvanı aşağılamaqdan başqa bir şey deyil. Bildirilir ki, rus hərbçiləri özlərini ölkənin əsl sahibi kimi aparırlar.
Bu arada Ermənistan hökumətinin keçirilən iclasında Rusiyanın 102-ci hərbi bazasının bir qrup hərbçisinin təlim adı altında iyulun 17-də Şirak vilayətinin Panik kəndinə daxil olaraq atəş açması müzakirə olunub. Baş nazir Nikol Paşinyan iclasda çıxış edərək bu insidentə görə Rusiya hərbi bazasında məsuliyyət daşıyanların hamısının cəzalandırılmasını tələb edib: “Bəyan etmək istəyirəm ki, bu sadəcə olaraq yolverilməz insidentdir. Mən bunu Rusiya-Ermənistan dostluq münasibətlərinə qarşı təxribat və Ermənistanın suverenliyinə qəsd sayıram”.
Baş nazir bildirib ki, insidentin hansı prosedurla araşdırılmalı olduğu aydınlaşdırılmalıdır. Bu məsələyə Rusiya hərbi bazasına dair müqavilə və Ermənistan qanunvericiliyi çərçivəsində baxılmalıdır: “İstənilən halda, polis insidentlə bağlı materiallar hazırlayır və sonrakı təhqiqatın effektli olmasına ümid edirəm”.
Bütün bu deyilənlərin fonunda, Paşinyan baş verənlərə niyə belə sərt qiymət verib?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bununla Paşinyan özünü müstəqil oyunçu kimi göstərmək istəyir: “Paşinyan başa düşməlidir ki, Rusiya hərbi bazası Ermənistanın ərazisində yerləşirsə, deməli, onlar hərbi təlimlər də keçirməlidirlər. Düzdür, burada dinc əhalinin müəyyən narazılığı baş verib. Çünki Rusiya silahlı qüvvələri təlim keçərkən səlahiyyətlərini bir az aşıblar. Ancaq belə təəssürat yaranır ki, Paşinyan bəhanə axtarırmış. O mənada ki, bu minvalla Rusiyaya qarşı tənqidi ifadələr işlətsin. Bu nəyin göstəricisidir? Bu onun göstəricisidir ki, Ermənistanın yeni rəhbərliyi Rusiya ilə münasibətlərin inkişaf etməsinin tərəfindədir, amma eyni zamanda özünü bir müstəqil oyunçu kimi göstərmək istəyir. Ancaq Paşinyanın bu cəhdi alınmayacaq. Çünki Ermənistan və onun yeni rəhbərliyi tam mənada Rusiyadan asılıdır. Bütün sahələrdə - hərbi, siyasi, iqtisadi sahələrdə asılılıq var. Ermənistanın bütün nəqliyyat sistemi Rusiyadan asılıdır. Ona görə də Paşinyanın belə bir açıqlamaları boş ifadələrdir. Necə deyərlər, havaya buraxılan ifadələrdir”.
Vidadi ORDAHALLI