Məhəmməd Əsədullazadə: “Bu səfərdən sonra sözügedən ölkədə TAP-a qarşı basqıların sona çatacağı qənaətindəyəm”
Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 70 faizi yekunlaşıb.
Bu gedişlə TAP 2020-ci ildə Azərbaycan təbii qazını Avropaya nəql etməyə hazır olacaq. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 610 kilometrində borular torpağa basdırılıb. Beləliklə də TAP-ın Yunanıstan və Albaniya marşrutunun 80 faizi tamamlanıb. İndiyədək “Cənub Qaz Dəhlizi”nə daxil olan layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 9 milyard dollar investisiya qoyulub. Bu vəsaitin 0,7 milyard dolları TAP layihəsinə xərclənib. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.
O da məlumdur ki, TAP-ın tikintisi ilə bağlı zaman-zaman müəyyən dairələr İtaliyada müxtəlif maneələr yaradırlar. Bu səbəbdən bir neçə dəfə TAP-ın İtaliya hissəsində tikinti dayandırılıb. Əsasən də bəhanə edilib ki, kəmərin tikintisi ekologiya üçün problem yaradır. Ancaq bunların heç biri öz sübutunu tapmayıb. Müəyyən siyasi sifarişlər üzündən bu cür maneələr yaradılır. Ona görə də İtaliya Prezidenti Sergio Matarellanın Azərbaycanda səfərdə olması, TAP layihəsində işlərin gedişi ilə bağlı müzakirələr aparması bu işə müsbət təsir edə bilər.
Maraqlıdır, bəs ekspertlər buna necə yanaşırlar? İtaliya Prezidentinin Azərbaycana ilk səfəri TAP kəməri yolunda siyasi maneələrin tam ortadan götürülməsində nə kimi rol oynayacaq?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə rakursdan yanaşdı: “İtaliya-Azərbaycan siyasi əməkdaşlığı daim yüksək səviyyədə olub. İki ölkə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatına malikdir. Qeyd edim ki, İtaliya ATƏT-ın sədri olaraq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İtaliya o ölkələrdəndir ki, Azərbaycanla siyasi əməkdaşlığı daim yüksək səviyyədə olub və bunda rəsmi Roma maraqlı olub. İki ölkənin əlaqələri tarixi köklərə malikdir. Azərbaycan bu gün Avropanın enerji şaxələndirilməsində əhəmiyyətli ölkədir. “Cənub Qaz Dəhlizi” və onun əsas seqmentləri olan TANAP və TAP boru kəmərləri Avropa üçün mühüm layihələrdir. İtaliya Avropa ölkəsi olaraq bu layihələrə dəstək verir. Qeyd edim ki, “Cənub Qaz Dəhlizi” və TANAP layihələri, demək olar, hazırdır. Yalnız TAP boru kəməri hazır deyil. Azərbaycanın “Şahdəniz-2” kondensat yatağından hasil olunacaq qaz məhz Avropaya Yunanıstan, Albaniya və İtaliya vasitəsilə ixrac olunacaq. TAP-ın Yunanıstan hissəsində tikinti yekunlaşıb. İtaliyada hələ ki, TAP-ın çəkilməsi tam başa çatmayıb. Çünki İtaliyada bu kəmərə qarşı etirazlar baş verməkdədir. Ekloji problemləri qaldıraraq bunun qarşısını almağa çalışırlar. İtaliya parlamentində olan sol təmayüllü “Beş ulduz” partiyası Rusiyanın dəstəyi ilə bu kəmərə qarşı kampaniya aparır. Hökumətdə bu partiya təmsil olunduğu üçün çətinliklər qalmaqdadır. İtaliya Prezidentinin ölkəmizə səfərində TAP ətrafında müzakirələrin aparıldığı şübhəsizdir. Hesab edirəm ki, İtaliya Prezidenti bu kəmər ətrafında cərəyan edən problemlərə son qoymaq əzmindədir. Bu səfərdən sonra İtaliyada bu kəmərə qarşı basqıların sona çatacağı qənaətindəyəm. Çünki bu kəmər həm də İtaliya üçün mühüm bir enerji layihəsidir”.
Vidadi ORDAHALLI