Elşən Həsənov: “Avropa İttifaqı dövlətləri arasında Azərbaycanın əsas ticarət tərəfdaşı məhz İtaliyadır”
Azərbaycanda səfərdə olan İtaliyanın Prezidenti Sercio Matarella çıxışı zamanı Azərbaycanın Avropa institutları ilə yaxından əməkdaşlıq etməsindən məmnunluğunu ifadə edib və ölkəsinin bu istiqamədə aktiv rol apardığını deyib:
"Bir daha əlavə etmək istərdim ki, İtaliya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlə bağlı danışıqlarda çox fəal rol oynayır. Hesab edirik ki, bizim ümumi marağımızda olan prioritet məsələlərin daha da inkişaf etdirilməsi Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində İtaliya-Azərbaycan münasibətlərinə öz töhfəsini verəcək. Cənab Prezident, mən, həmçinin Brüsseldə Qətiyyətli Dəstək sənədinin imzalanması ilə bağlı Sizi bir daha təbrik edirəm. Çünki mən hesab edirəm ki, bu, Azərbaycanın əldə etdiyi uğurlu bir nəticədir. Fikirləşirik ki, bu daha da inkişaf edəcək. İtaliya NATO çərçivəsində əməkdaşlığına, xüsusən Əfqanıstanda göstərdiyi əməkdaşlığa görə Azərbaycana minnətdarlığını bildirir. Bildiyiniz kimi, İtaliya bu sahədə də öz xüsusi rolunu oynayır. Azərbaycanla İtaliya arasında mədəniyyət, iqtisadiyyat və siyasi sahələrdə əməkdaşlıq, eləcə də dostluq münasibətləri mövcuddur. İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq”.
Göründüyü kimi, İtaliya Prezidenti bildirib ki, İtaliya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlə bağlı danışıqlarda çox fəal rol oynayır. Bunu necə anlamaq olar?
Ekspert Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, İtaliyanın bu cür fəallığı təsadüfi deyil: “Əvvəla İtalıya coğrafi cəhətdən Avropada yerləşir və Avropa Birliyinə daxil olan ölkədir. ATƏT-ə sədrlik edəcək ölkə olaraq onun bu mövqedə olması vacibdir. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişin bir çox müddəaları razılaşdırılıb və digərlərinin də razılaşdırılması gözlənir. Həmin məqamların hər biri tək İtaliya üçün deyil, həm də digər Avropa ölkələri üçün vacibdir. Sənəddə öz əksini tapacaq ticarət, təhlükəsizlik məsələləri Avropa Birliyi ilə yanaşı, həm də İtaliyanın ölkə olaraq maraqlarına uyğundur. İtaliyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasına dəstək verməsi həm də ticarət tərəfdaşlığı ilə də əlaqəlidir. İtaliya Brüssellə Bakı arasında strateji tərəfdaşlıq sazişinin qısa müddətdə imzalanmasına çalışır. Azərbaycanın Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi var, bunlardan biri İtaliyadır. İki ölkə arasında saziş 2014-cü ildə imzalanıb.
Avropa İttifaqı dövlətləri arasında Azərbaycanın əsas ticarət tərəfdaşı məhz İtaliyadır. İtaliyanın TAP qaz boru xətti ilə bağlı mövqeyini də bura aid edə bilərik. TAP boru xətti tikildikdən sonra Avropa dövlətləri arasında məhz İtaliya Azərbaycan qazının əsas alıcılarından birinə çevriləcək. İndinin özündə də Avropa İttifaqı dövlətləri arasında Azərbaycan neftini ən çox alan ölkə İtaliyadır. Hesab edirəm ki, bütün bu vacib məqamlar İtaliyanı deyilən istiqamətdə fəal olmağa vadar edir. Bilirsiniz ki, boru kəməri ilə bağlı narazılıq dalğası məhz İtaliyada qalxdı. Amma ümumi anlamda proses İtaliyanın xeyrinə olduğundan, məsələ tezliklə həllini tapdı”.
Məhəmmədəli QƏRİBLİ