“Hər halda, rəsmi Roma bununla bağlı səylərini artırmalıdır”
“Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq”. Bu fikrləri Prezident İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə görüşlərdən sonra mətbuata bəyanatında deyib. Ölkə başçısı bununla bağlı bir sıra məqamlara toxunub: “Mən cənab Prezidenti münaqişə ilə bağlı məlumatlandırdım, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın”. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilib. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilib. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərib. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. O da məlumdur ki, İtaliya ATƏT-in Minsk Qrupu yaradılandan proseslərdə iştirak edir. Düzdür, həmsədr ölkə deyil, ancaq ilk vaxtlarda proseslərdə fəal rol oynayıb. Qeyd edək ki, o vaxt ATƏM-in (sonradan ATƏT adlandırıldı) Minsk Konfransının və sonradan ATƏT-in Minsk Qrupunun sədri olmuş İtaliya parlamentinin üzvü və İtaliyanın xarici işlər nazirinin müavini Mario Rafaelli tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən hazırlanmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəli” xüsusi vurğulanmalıdır. 1993-cü ilin 28 iyulunda ATƏM-in Minsk Konfransının sədri statusunda Minsk Konfransının 9 ölkəsi adından Mario Rafaelli verdiyi bəyanatında və BMT Baş katibinə təqdim etdiyi hesabatında bildirib: “Güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir”. Bütün bu deyilənlərin fonunda İtaliya prezidentinin Azərbaycana səfəri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı nə kimi perspektivlər vəd edir? Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, İtaliya müəyyən qədər münaqişənin həllinə töhvə verə bilər: “Məsələ ondadır ki, İtaliya dünyanın inkişaf etmiş ölkələrindən biridir. Avropa İttifaqında, NATO blokunda özünəməxsus yeri var. Ancaq o da var ki, İtaliya Rusiya, ABŞ qədər münaqişənin həllinə təsir edəcək gücə malik deyil. Bundan başqa, ATƏT-in Minsk Qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü deyil. Bu baxımdan rəsmi Romanın sözügedən məsələdə təsir imkanları böyük deyil. Ancaq ümumilikdə İtaliya Avropa İttifaqı çərçivəsində münaqişənin həllinə yardım edə bilər. Bütün hallarda İtaliya sıradan Aİ ölkəsi deyil. Avropada siyasi-iqtisadi baxımdan özünəməxsus rolu var. Bundan başqa, İtaliya TAP layihəsində iştirak edir və Azərbaycanın enerji resurslarının Avropa bazarına çıxarılmasında maraqlıdır. O baxımdan, bununla bağlı müəyyən gözləntilərə ümid etmək olar. Hər halda, rəsmi Roma bununla bağlı səylərini artırmalıdır. Ancaq bir daha qeyd edim ki, İtaliya sözügedən məsələdə həlledici rola malik deyil”. Vidadi ORDAHALLI